Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-48/2025 16.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Səfərov X1 rayonu, Balıqçılar qəsəbəsində Xəzər dənizinin (gölünün) sahilində xx.xx.2024-cü il tarixdə qanunsuz quş ovu ilə məşğul olduğu əsası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, hazırki inzibati xəta haqqında material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçi təqdim edilməsi barədə protokol tərtib edilməmiş, bu da müdafiəçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə real olaraq təqdim edilmədiyini deməyə əsas verir ki, bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanunvericilikdə nəzərdə tutulan müdafiə hüquqları kobud surətdə pozulmuşdur. Qeyd edilməlidir ki, İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində inzibati tənbeh növü kimi nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması, yalnız "verilmiş xüsusi hüquq" olduğu halda, yəni "Ovçuluq haqqında" Qanunun müvafiq maddələrində müəyyən edilmiş ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazəsi olan şəxslərə münasibətdə tətbiq edilməlidir. Həmin hüququ olmayan şəxslər ov qaydalarını kobud şəkildə pozduqda isə İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş digər tənbeh tədbiri - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər. Azərbaycan Respublikası ETSN-nin 1 saylıRegional Ekologiya və Təbii Sərvətlər İdarəsi protokola, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazəsinin olub-olmamasına dair sənədi əlavə etməmişdir. Bundan əlavə yuxarıda qeyd olunan maddənin sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müsadirəsi nəzərdə tutulsa da, Azərbaycan Respublikası ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi qanunsuz balıq ovlamanın aləti olmuş bir ədəd ov silahını maddi sübut kimi tanıyıb saxlamamışdır. İnzibati xətalar haqqında qanunvericilikdə işə yalnız şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılması qaydası tənzimlənməsə də, cinayət prosessual qanunvericiliyə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. İnzibati xətalara dair işlərdə də inzibati xəta haqqında protokol mahiyyət etibarı ilə ittiham aktına bərabər sayıldığından həmin protokolda şəxsin inzibati xəta hadisəsini törətməsini təsdiq edən hallar mütləq göstərilməli, məhkəmə də işə həmin hallar üzrə, protokolda qeyd edilən sübutlar əsasında baxmalıdır. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-48/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-48/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver