Məhkəmə qərarları › İş №3(049)-481/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-481/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-481/2025 18.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin E-Patrol tərəfindən 22 may 2025-ci il tarixli, EQ 28094314 nömrəli inzibati tənbehvermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin E-Patrol tərəfindən qəbul edilmiş 22 may 2025-ci il tarixli, EQ 28094314 nömrəli inzibati tənbehvermə haqqında qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat cərimə edilmişdir. X1 xx.xx.2025-ci il tarixdə saat 09:07:22-də idarə etdiyi Renaul-Megane minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri, İmadəddin Nəsimi küçəsində inzibati xəta törətdiyi və bu barədə inzibati xəta haqqında protokol tərtib edildiyi qeyd edilmişdir. X4 həmin qərardan məhkəməyə şikayət vemişdir. Ərizəçi şikayətdə barəsində tərtib edilmiş 22 may 2025-ci il tarixli, EQ 28094314 nömrəli protokol üzrə qəbul olunmuş qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 22 may 2025-ci il tarixdə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran rayonu, Girdəni kəndi ərazisində saat 09:07 radələrində özünə məxsus **-DP-*** dövlət qeydiyyat nişanlı Renault Megane minik markalı avtomobili ilə hərəkət edərkən, yolun sol tərəfində Baş X7i İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşının **-YP-*** xidməti avtomobilində tam hərəkətsiz duraraq dayandığının şahidi olmuşdur. Təqribən 3 saat keçdikdən sonra mobil nömrəsinə SMS gələrək, qeyd edilmişdir ki, Lənkəran, İmadəddin Nəsimi küçəsində yolda müəyyən edilmiş sürət həddini 21-40 km/saat aşaraq, İnzibati Xətalar Məcəlləsinin 328.2ci maddəsinin tələblərini pozmuşdur. Nəticə etibarı ilə inzibati tənbeh vermə haqqında qərarla tanış olarkən, aydın şəkildə qeyd edilmişdir ki, “sürət həddi 40 km/saat tələb olunan ərazidə 67 km/saat sürətlə **-DP-*** dövlət qeydiyyat nişanlı Renault Megane minik markalı avtomobilim ilə sürət həddini pozmaqla, barəsində “EQ 28094314” nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir”. Hesab edir ki, Daxili İşlər Nazirliyinin Baş X7i İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən imzalanmalı olan, lakin imzalanılmayan qərar tam əsassızdır və ləğv olunmalıdır. xx.xx.2025-ci il tarixli “EQ28094314” nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın baş verdiyi ərazinin düzgün qeyd olunmaması, şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının elektron qərarda düzgün yazılmaması inzibati xətanın natamam sübuta yetirilməsi hesab olunur. Məhkəmə baxışında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın qeydə alındığı yer düzgün olaraq qeyd edilməmişdir. Belə ki, həmin qərarda ərazinin “Lənkəran şəhəri, İmadəddin Nəsimi küçəsi” kimi qeyd edilməsinə baxmayaraq, xx.xx.2025-ci il tarixdə saat 09:07-də avtomobil idarə edərkən qarşılaşdığı YPX-nin xidməti patrul avtomobili həmin küçədə deyil, Girdəni körpüsündən düşən hissəsinin sağ tərəfində dayanmışdı ki, həmin ərazi İmadəddin Nəsimi küçəsi deyil. Eyni zamanda mübahisələndirdiyi qərarda onun şəxsiyyət vəsiqəsi məlumatları da səhv qeyd edilmişdir. Şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 məhkəmə tərəfindən “Google Maps” internet resursunda olan xəritədən çıxarış təqdim edilərkən, o, izahatında xx.xx.2025-ci il tarixdə saat 09:07-də avtomobil idarə edərkən qarşılaşdığı YPX-nin xidməti patrul avtomobilinin Lənkəran şəhəri, İmadəddin Nəsimi küçəsində deyil başqa ərazidə, yəni Lənkəran rayonu ərazisində yerləşən “Lənkəran- Boradigah-Masallı” yolunu birləşdirən körpünün Lənkəran şəhəri ərazisi tərəfdə körpünün yaxınlığında dayandığını bir daha təsdiqləmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdann müəyyən edilir ki, xx.xx.1987-ci il təvəllüdlü X4 Azərbaycan respublikasının vətəndaşı olmaqla, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: “AA 5998258”-dir. İş materiallarına əlavə edilmiş AA seiyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə xx.xx.1987-ci il təvəllüdlü X3 məxsusdur. Mübahisələndirilən 22 may 2025-ci il tarixli, EQ 28094314 nömrəli inzibati tənbehvermə haqqında X1 şəxsiyyət vəsiqəsinin seriyası: AZE, nömrəsi: 13044263 kimi qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə sorğusuna baxmayaraq inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş sübutları məhkəməyə təqdim etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qeyd edilən halda məhkəmə belə hesab edir ki, mübahisələndirilən qərarda göstərilmiş inzibati xəta hadisəsinin həqiqətən də məhz Lənkəran şəhəri, İmadəddin Nəsimi küçəsində baş verdiyinə dair şübhələr və ziddiyyətlər mövcuddur. Eyni zamanda mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini eyniləşdirmə məlumatları düzgün qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin məcəllənin 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən inzibati tənbehvermə qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən inzibati xəta haqqında işə yenidən baxılarkən hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən xüsusatlar araşdırılmalıdır. QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin E-Patrol tərəfindən 22 may 2025-ci il tarixli, EQ 28094314 nömrəli protokol üzrə qəbul olunmuş inzibati tənbehvermə haqqında qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar