Məhkəmə qərarları › İş №3(049)-493/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-493/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-493/2025 25.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi və məhkəmə iclas katibi X1 iclas katibliyi ilə xx.xx.1979-cu ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində qeydiyyatda olan və həmin qəsəbədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfində tərtib edilmiş 10 iyun 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, Şəxs 10 iyun 2025-ci il tarixində "Balıqçılar qəsəbəsi istiqamətində qadağan olunmuş müddətdə matorlu qayıqla" qanunsuz balıq ovlayarkən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq inzibati orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs İXMnin 272.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış: 1-ci (Astara) sahil nəzarəti şöbəsinin 5-ci (Balıqçılar) sahil nəzarəti bölməsinin rəisi v.i.e. baş leytenant Oktay Laçınov, 5-ci (Balıqçılar) sahil nəzarəti bölməsinin nəzarətçisi miçman Etibar Aslanov, 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsində Su hövzələrində bioloji resurslara nəzarət qurupunun rəhbəri X3 tərəfindən tərtib edilmiş 5/1 saylı, 07.06.202-ci il tarixli aktda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə 5-ci (Balıqçılar) SNB- nin xidməti ərazisində saxlanılmış qayığın bortunda aşkar olunmuş çəkisi 2 kq 820 qram olan 1 (bir) ədəd “Çəki” balığı və 30 (otuz) metr sintetik tor xx.xx.2025-ci il tarixdə 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsində Su hövzələrində bioloji resurslara nəzarət qurupunun rəhbəri X2 təhvil verilmişdir. İnzibati xəta haqqında icraat zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati orqana verdiyi izahatında bildirmişdir ki, o, heç bir yerdə işləmir, yaşadığı qəsəbədə heç bir iş yeri yoxdur, ailəsini dolandırmaq üçün yeganə gəlir yeri balıqçılıqdır. Həyat onu məcbur edir ki, balıq ovlasın. Hadisəni ilk dəfə etdiyini nəzərə alaraq bağışlanmağını xahiş edir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də Şəxs ov qaydalarını kobud şəkildə pozduğu müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görəinzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs etdiyi əməli səmimi etiraf etməsi və etdiyi əməldən səmimi peşmançılığı məhkəmə tərəfindən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 272.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində alət olmuş sintetik tor müsadirə edilməklə, ona cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın törədilməsində alət olmuş ona məxsus və 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsində Su hövzələrində bioloji resurslara nəzarət qurupunda saxlanılan 30 (otuz) metr sintetik tor müsadirə edilməklə, barəsində 1.000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar