Məhkəmə qərarları › İş №3(049)-495/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-495/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-495/2025 12.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 26 may 2025-ci il tarixdə, saat 12:08 radələrində Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən “Kaspi Kids” uşaq bağçasında tədris zamanı şagirdi Zərərçəkmiş şəxs sinif yoldaşı Röyaya qarşı xoşagəlməz hərəkətlər etməsi səbəbindən əsəbiləşərək plastik su qabını Zərərçəkmiş şəxs baş nahiyyəsinə vuraraq ona başın təpə nahiyəsində sıyrıqlardan ibarət xəsarət yetirməklə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyinə görə barəsində İXM-nin 157-ci maddəsi ilə 12 iyun 2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, Qanuni nümayəndə tanıyır. Qanuni nümayəndə azyaşlı oğlu Zərərçəkmiş şəxs onun keçmiş iş yeri olan Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən “Kaspi Kids” baxçasında 3-5 yaş qrupunda təhsil almışdır. Həmin özəl uşaq bağçasında tədris rus dilində aparılmışdır. O, həmin uşaq bağçasında xx.xx.2017-xx.xx.2025-ci il tarixlərdə baş müəllim işləmişdir. xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində dərsin yekunlaşması ərəfəsində Səlim adlı uşağın burnundan qan gəldiyi üçün o və digər müəllim Səlimə kömək edərkən həmin sinifdə təhsil alan Röya adlı azyaşlı uşaq ağlayaraq onu cağırıb Fatehin onu su qabı ilə vurduğunu bildirmişdir. O da bundan sonra Fatehi qorxutmaq məqsədi ilə həmin su qabı ilə Fatehin başına vurmuşdur. Onun məqsədi Fatehə xəsarət yetirmək olmamış, sadəcə onu qorxutmaq istəmişdir. Müəllimə işlədiyi dövürdə heç bir halda əvəllər uşaqlara qarşı heç bir şiddət göstərməmişdir. Bu hadisədən sonra o işdən azad edilmişdir. Əməlindən səmimi peşmandır. Himayəsində azyaşlı uşaqları vardır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs valideynlərdən üzrxahlıq edib bağışlanmasını istəsə də, onlar onun üzrünü qəbul etməmişlər. Məhkəmədən barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə izahat verərək bildirmişdir ki, zərər çəkmiş şəxs onun oğludur. Azyaşlı oğlu Zərərçəkmiş şəxs 2025-ci ilin sentyabr ayından Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən “Kaspi Kids” baxçasında təhsil alır. xx.xx.2025-ci il tarixdə azyaşlı oğlu Zərərçəkmiş şəxs evə gələndən sonra uşağın baş nahiyəsində yara görmüş, bununla bağlı "Kaspi Kids” bağçasına müraciət edərək videomüşahidə kamerasından görüntüləri tələb etdikdə həmin bağçada müəllimə işləyən Şəxs təqsirini etiraf edərək uşağı plastik su qabı vurduğunu bildirmişdir. Həmin videogörüntülərə baxan zaman da müəyyən edilmişdir ki, dərs vaxtı sinif otağında Şəxs övladı Zərərçəkmiş şəxs baş nahiyəsinə su qabını 2 dəfə qəsdən vurmuş, nəticədə oğlu Zərərçəkmiş şəxs baş nahiyəsindən xəsarət almışdır. Bundan sonra o, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət etmiş və uşaq məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi olaraq barəsində inzibati xəta icraat aparılan şəxs Şəxs üzrünü qəbul etmir, onunla barışmamış, Şəxs barəsində ən sərt tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 10 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXMnin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi Publik hüquqi Şəxsinin verdiyi xx.xx.2025-ci il tarixli, 324 saylı ekspertiza rəyindən görünür ki, 2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində-başın təpə nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2025-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Lənkəran ŞRPŞ-nin 3-13-96/2-1186/25 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotekasında son bir il ərzində heçbir məlumat qeydiyyata alınmamışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, Şəxs ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndində əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. DVD-R diskində olan görüntülərdən müəyyən edilir ki, Şəxs 26 may 2025-ci il tarixdə, saat 12:08 radələrində “Kaspi Kids” uşaq bağçasında tədris zamanı şagird Zərərçəkmiş şəxs plastik su qabını baş nahiyəsinə iki dəfə vurur. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı iki uşağı vardır. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri özünün etirafedici izahatı ilə yanaşı, 10 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: AR İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 32.1.1 və 32.1.3-cü maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və inzibati xətanın himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Həmin Məcəllənin 33.1.4-cü maddəsinə əsasən, inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı yetkinlik yaşına çatmayan şəxsə qarşı törətməsini isə onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar