Məhkəmə qərarları › İş №3(049)-496/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-496/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-496/2024 30.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi ilə, Şəxs qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 24 fevral 2024-cü il tarixdə saat 13:20 radələrində idarə etdiyi «Toyota Corolla» minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 152.1-ci kilometrliyində beton səddə çırpılmış, nəticədə sərnişin 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs xəsarət aldığına görə Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqan DİN BDYPİ YPX Alaynın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, iş üzrə alınmış izahatlar, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Şəxs əməlini etiraf edib peşman olmasını İXM-nin 32.1.1-ci, ilk dəfə inzibati xəta törətməsini həmin Məcəllənin 32.2-ci və törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini həmin Məcəllənin 32.1.7-ci maddəsinə əsasən yüngülləşdirən hallar kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Nəsimi Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar