Məhkəmə qərarları › İş №3(049)-511/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-511/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-511/2024 03.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərəfindən 08 aprel 2024-cü il tarixdə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edimiş sənədlərdə qeyd edilmişdir ki, "xxxx" MMC 60000.00 ABŞ dolları məbləğində vəsaiti 18 mart 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 27826.49 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 19 mart 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, "xxxx" MMC-də menecer vəzifəsində işləyir. Həmin MMC tərəfindən 21/1221 nömrəli müqavilə əsasında Türkiyə şirkəti olan “Ege Plastik Ticaret və Sanayi” A.Ş-nin müvafiq hesabına 25 yanvar 2022-ci il tarixdə 20000 ABŞ dolları köçürülmüş, xx.xx.2022-ci il tarixdə sözügedən xarici şirkət tərəfindən göndərilmiş 52173,51 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. Daha sonra "xxxx" MMC tərəfindən 21/1221 nömrəli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə “Ege Plastik Ticaret və Sanayi” A.Ş-nin müvafiq hesabına 60.000 ABŞ dolları məbləğində vəsait köçürülmüş, xx.xx.2024-cü il tarixdə müvafiq xarici şirkət tərəfindən göndərilmiş 39762,89 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. Sonuncu mallar Türkiyə şirkəti tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilsə də ölkəyə xx.xx.2024-cü il tarixdə idxal edilmişdir. Təmsil etdiyi MMC ilə Türkiyə şirkəti olan “Ege Plastik Ticaret və Sanayi” A.Ş ilə uzun illərdən bəri davam edən etibarlı ticarət münasibətləri vardır. Ona görə də adətən şirkətin hesabına köçürülmüş məbləğdən çox vəsaiti əhatə edən mallar ölkəyə göndərilir. Başqa sözlə, "xxxx" MMC tərəfindən “Ege Plastik Ticaret və Sanayi” A.Şnin müvafiq hesabına 21/1221 nömrəli müqavilə əsasında 25 yanvar 2022-ci il tarixdə 20000, xx.xx.2022-ci il tarixdə 60.000 ABŞ dolları olmaqla, ümumilikdə 80000 ABŞ dolları göndərilsə də, ölkəyə idxal edilən malların dəyəri 91.936,4 ABŞ dolları təşkil edir. Göründüyü kimi ölkəyə idxal edilən malların dəyəri ödənilmiş vəsaitdən 11936.4 ABŞ dolları çoxdur. Bundan başqa, xx.xx.2024-cü il tarixdə idxal edilmiş mallar xx.xx.2024-cü il tarixdən Türkiyədən yola salınsa da, "xxxx" MMC-dən asılı olmayan səbəblərdən mallar ölkəyə gec çatmışdır. Qeyd olunanların nəzərə alınaraq hazırki inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, işdə olan mövcud sübutlara qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı 29 mart 2024-cü il tarixli RB-02/1226 saylı məktubundan görünür ki, Şəxs tərəfindən 18 mart 2022-ci il tarixdə 60.000 ABŞ dolları məbləğində vəsait qabaqcadan ödəniş edilmiş, lakin iki il tamam olmasına baxmayaraq həmin vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli “Xarici valyuta ilə nağdsız əməliyyat aparılması üçün ödəniş tapşırığından görünür ki, Şəxs tərəfindən 21/1221 №-li müqavilə üzrə Ege Plastik Ticaret və Sanayi” A.Ş-nin hesabına 60.000 ABŞ dolları köçürülməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 21/1221 nömrəli müqavilə əsasında “Ege Plastik Ticaret və Sanayi” A.Ş göndərilmiş 52173,51 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. Mal Şəxs tərəfindən qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, 21/1221 nömrəli müqavilə əsasında “Ege Plastik Ticaret və Sanayi” A.Ş göndərilmiş 39762,89 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. Mal Şəxs tərəfindən qəbul edilmişdir. EPİ**********100 nömrəli xx.xx.2024-cü il tarixli malların siyahısından görünür qeyd olunan mallar “Ege Plastik Ticaret və Sanayi” A.Ş tərəfindən xx.xx.2024-cü il tarixdə ** VS ***0-34 RNZ 85 nömrəli nəqliyyat vasitəsi ilə Şəxsnə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta obyektiv cəhətdən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə törədilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3-cü yarımbəndinə əsasən "Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Qeyd olunan normalar, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarı baxımından işin faktiki hallarını araşdırarkən müəyyən olunur ki, "Makita Baki” MMC tərəfindən “Ege Plastik Ticaret və Sanayi” A.Ş-nin müvafiq hesabına 21/1221 nömrəli müqavilə əsasında 25 yanvar 2022-ci il tarixdə 20000, xx.xx.2022-ci il tarixdə 60.000 ABŞ dolları olmaqla, ümumilikdə köçürülmüş 80000 ABŞ dollarının müqabilində ölkəyə idxal edilən malların dəyəri 91.936,4 ABŞ dolları təşkil edir. xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasından göndərilmiş 39762.89 ABŞ dolları dəyərində mallar hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikərək xx.xx.2024-cü il tarixdə ölkəyə idxal edilmişdir, başqa sözlə həmin Cəmiyyətə münasibətdə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, "Makita Baki” MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar