Məhkəmə qərarları › İş №3(049)-514/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-514/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-514/2025 17.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Lənkəran rayonu, Şovu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Şovu kəndində qeydiyyatda olmaqla, deməsinə görə Bakı şəhəri, Xəzər rayonu, X5 ünvanında ünvanında yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXMnin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1823/2023 saylı xx.xx.2023cü il tarixli qətnamələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətdiyinə görə icra məmuru X4 tərəfindən onun barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 17 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1823/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərini icra etməkdən yayınır. Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 08 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, lakin borclu yenə aliment öhdəliklərini yerinə yetirməkdən yayınır. Odur ki, borclu barəsində inzibati xəta tərkibinə görə nəzərdə tutulmuş daha ağır cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, o borcu ödəməkdən imtina etmir. Lakin barəsində 2024-cü il tarixdə 08 gün müddətinə inzibati həbs tənbeh tədbiri seçilmişdir. Hazırda ailə həyatı qurmuşdur və himayəsində bir övladı vardır. Daimi olaraq iş yeri yoxdur. Fərdi əməklə məşğul olaraq ailəsinin ehtiyaclarını qarşılayır. Tələbkar da yenidən ailə həyatı qurmuşdur. Uşağından imtina etmir və onu saxlamalı olduğuna borclu olduğunu qəbul edir. Barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edildikdən sonra da ailment ödəməmişdir. Uşağını sonuncu dəfə nə vaxt gördüyünü xatırlamır və onun ehtiyaclarını hər hansı formada qarşılamır. Əməlindən peşmandır və barəsində yüngül cəza verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1823/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2023-cü ill tarixdən başlayaraq xx.xx.2021ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-943/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs inzibati tənbeh tədbiri seçilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Borclunun axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun ifadəsi, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Bu səbəbdən də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi: İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə İXM-in 528.1-1-ci maddəsi: Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:18-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar