Məhkəmə qərarları › İş №3(049)-521/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-521/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-521/2025 08.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əsədov Hicran Muxtar oğlu və qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Əsədov Hicran Muxtar oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Əsədov Hicran Muxtar oğlu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərardan narazı qalan Əsədov Hicran Muxtar oğlu şikayət ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 30 may 2025-ci il tarixli MN №1896228 saylı inzibati tənbeh qərarının qanunsuz hesab edilib ləğv edilməsini və barəsində tətbiq edilmiş inzibati cəzanın etibarsız sayılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində X4 tərəfindən ağacların tərəfindən kəsilməsi ilə bağlı edilən şikayət tamamilə əsassız olmuşdur. Bu hadisə ilə bağlı heç bir sübut, şahid və ya digər dəlillər olmamışdır. Bununla yanaşı şikayəti edən şəxsin anası Həsənova Zöhrə polis şöbəsinə gedərək ifadə vermiş və bildirmişdir ki, belə bir hadisə baş verməmişdir və heç bir şikayətinin olmadığını bildirmişdir. Şikayətçi isə israr edərək 4 il əvvəl tərəfindən ağacların kəsildiyini bildirməkdədir. Barəsində şikayətçi olduğu qərar tərtib edilərkən ağacların ölçüsü diametri qeyd olunsa da bu ölçüləri nəyin əsasında və necə ölçülərək qeyd etdikləri məlum deyildir. Qeyd etdiyi halları təsdiqləyəcək onunla eyni həyətdə yaşayan şahidlər də mövcuddur ki, işin gedişatında öz ifadələri ilə yazdıqlarını təsdiq edə bilərlər. Təbiətə heç bir ziyan vurmadığı və tərəfindən heç bir ağac kəsilmədiyi halda barəsində belə bir protokolun tərtib edilməsi tamamilə qanun pozuntusu və onun hüquqlarının pozulması deməkdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Əsədov Hicran Muxtar oğlu şikayətin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, özü 20 Yanvar əlili olduğu üçün DSMF tərəfindən ünvan 1 ünvanda ailəsi birlikdə “əlillər binası” kimi tanınan binada yaşayır. Həmin binada şəhid ailələrinə də mənzil verilmişdir. 2021-ci ilin dəqiq xatırlamadığı tarixində həmin binada yaşayan şəhid anası olan Mehriban Həsənova ondan həyətdə onlara maneçilik törədən quru agacları kəsməsini xahiş etmiş, o da ahıl şəhid anasının xahişinə görə quru halda olan 3 ədəd ağacı kəsmişdir. Lakin həmin qadının Mehriban adlı qızının onunla ədavəti olduğu üçün ondan polis şöbəsinə ağacları kəsməsi ilə bağlı şikayət etmişdir. Bu barədə Lənkəran ŞRPŞ-də də izahat vermişdir. O, ağacı qonşuların razılığı ilə 2021-ci ildə kəsdiyi halda 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları guya onun 2024-cü ilin qış aylarında ağac kəsməsini aktlaşdırıb onun barəsində cərimə tənbehi tətbiq etmişlər. Qeyd olunanları nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 şikayətin dəlillərini qəbul etməyərək bildirdi ki, Lənkəran rayonu, Digah kənd sakini X2 müraciətinə əsasən o ərazidə olmuş, 2 ədəd sərv ağacının kəsildiyini, 1 ədəd sərv ağacının isə çıxarıldığını aşkar etmiş və bu barədə xx.xx.2025-ci il tarixdə akt tərtib etmişdir. Lakin ağacların kim(lər) tərəfindən kəsilməsi müəyyən edilməmişdir. X2 Lənkəran ŞRPŞ-yə daxil olan müraciəti araşdırılan zaman Əsədov Hicran Muxtar oğlunun izahatı alınmışdır. Həmin izahatın surəti 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilmiş və vətəndaşın etirafedici izahatına əsaslanaraq onun barəsində 30 may 2025-ci il tarixli MN №1896228 saylı inzibati tənbeh qərar qəbul edilmişdir. Şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət qismən təmin olunmalıdır. Məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə bu nəticəyə gəlir ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın gəldiyi nəticə əsassızdır. Belə ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqan tərəfindən Lənkəran rayonu Digah kəndi ərazisində 2 ədəd sərv ağacının kəsilməsi, 1 ədəd sərv ağacının isə çıxarılması, ümumiyyətlə mövcudluğu ilə bağlı məhkəməyə hər hansı foto və ya video material təqdim edilməmişdir. Hicran Əsədovun polis şöbəsində verdiyi izahata əsaslanmaq qərar qəbul edildiyi göstərilmişdir. Halbuki, H. Əsədov izahatında 2021-ci ildə 3 ədəd quru halda olan ağacı kəsdiyini bildirir. Həmin xüsusatlar ətraflı araşdırılması kəsilmiş və çıxarılmış ağacların quru və ya yaş halda olmasını təsdiq edən mütəxəssis rəyi əldə edilməmişdir. Bütün bu qeyd olunan xüsusatlar ətraflı şəkildə araşdırılmadan, yalnız izahata əsaslanmaqla inzibati xəta haqqında qərar qəbul etmiş orqan yanlış nəticəyə gəlmiş, ağacların Əsədov Hicran Muxtar oğlu tərəfindən kəsilməsi barədə kifayət qədər və mötəbər sübutlar əldə etmədən onun barəsində 30 may 2025-ci il tarixli MN №1896228 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar qəbul etmiş orqan işin əhəmiyyətli hallarını nəzərdən qaçırmış və araşdırmanı tam və hərtərəfli aparmadan qərar qəbul etmişdir. Belə olan halda yenidən araşdırma zamanı inzibati xəta haqqında qərar qəbul etmiş orqan tərəfindən aidiyyəti maraqlı şəxslərin izahatları alınmalı, Lənkəran rayonu Digah kəndi ərazisində 2 ədəd sərv ağacının kəsilməsi, 1 ədəd sərv ağacının isə çıxarılması ilə bağlı foto və ya video materiallar toplanmalı, kəsilmiş ağacların quru və ya yaş halda olmasını təsdiq edən mütəxəssis rəyi əldə edilməli, digər zəruri qanunamüvafiq hərəkətlər yerinə yetirilməli, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları araşdırmalıdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və ya bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 may 2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmalı və qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 may 2025-ci il tarixli, MN ******* nömrəli qərarından Əsədov Hicran Muxtar oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Əsədov Hicran Muxtar oğlu barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 30 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar