Məhkəmə qərarları › İş №3(049)-525/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-525/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-525/2025 09.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (bundan sonra mətndə MMC) nümayəndəsi Nümayəndə3 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Real-Qaz MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərəfindən 10 iyun 2025-ci il tarixdə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edimiş sənədlərdə qeyd edilmişdir ki, "xxxx" MMC 120000.00 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə 25 aprel 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş, ödənişin aparıldığı gündən 2 il müddətində 120000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal etməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 26 aprel 2025ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Real-Qaz MMC-nin nümayəndəsi Nümayəndə3 izahatında bildirdi ki, təmsil etdiyi MMC ilə Ukraynada fəaliyyət göstərən “MiraQaz” şirkəti arasında 03 ədəd kirogen çəni, 02 ədəd sisterna (vaqon) adlı avandlıqların alınması üçün 11 iyul 2022-ci il tarixli, 110722 №-li müqavilə bağlanılmışdır. 03 ədəd kirogen çəninin qiymətləri müvafiq olaraq 70000, 35000 və 30000 ABŞ dolları olmaqla cəmi 135000 ABŞ dolları, 02 ədəd sisternanın (vaqon) qiyməti isə hər biri 60000 ABŞ dolları olmaqla cəmi 120000 ABŞ dolları, ümumilikdə isə 255000 ABŞ dolları təşkil etmişdir. Həmin 255000 ABŞ dolları Cəmiyyət tərəfindən “MiraQaz” şirkəti hesabına köçürülmüşdür. Cəmi qiyməti 135000 ABŞ dolları təşkil edən 03 ədəd kirogen çəni 2023-cü ilin mart-aprel ayları ərzində ölkəyə idxal edilmişdir. Həmin çənlər yük avotmobilləri (TİR-lar) vasitəsilə ölkəyə gətirilmişdir. 02 ədəd sisternanın (vaqon) isə Ukrayna ərazisində gedən hərbi əməliyyatlara görə ölkəyə idxalı mümkün olmamışdır. Belə ki, həmin vaqonların hündürlüyü 4.1 metr olmaqla daşınması yalnız dəmiryolu xətti ilə mümkündür. Cəmiyyət tərəfindən istehsalıçı şirkət, o cümlədən müxtəlif daşınma şirkətləri olan “Cargonyx”, “ABLogistik” və “Givantilogistik” şirkətləri ilə aparılan danışıqlar hazırki dövrədək müsbət nəticə verməsə də, Cəmiyyət tərəfindən “MiraQaz” şirkətinə xx.xx.2024-cü il tarixdə 1 iyul 2022-ci il tarixli müqaviləyə əlavə olaraq saxlanc üçün 3000 ABŞ dolları ödəniş edilmişdir. Bundan başqa, “Novotrain” şirkəti ilə həmin 02 ədəd sisternanın saxlancı üçün xx.xx.2025-ci il tarixdə müqavilə bağlanılmışdır. Həmin müqavilə üzrə saxlancı ödənişi olaraq ilk 4 ayı 750 ABŞ dolları, qalan müddət üçün isə hər ay 500 ABŞ dolları ödənilir. Müqavilə müddəti xx.xx.2025-ci il tarixdə bitir. Cəmiyyət həmin malların mühafizəsi, təhlükəsiz saxlancı və ölkəyə idxalı üçün bütün mümkün vasitələrdən istifadə edir. Lakin, Rusiya və Ukrayanda arasında başlayan və Ukrayanda ərazisində gedən müharibə səbəbindən qeyd olunan malların ölkəyə idxalı mümkün olmamışdır. Qeyd olunanların nəzərə alınaraq hazırki inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə Real-Qaz MMC-nin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, işdə olan mövcud sübutlara qiymət verərək hesab edir ki, Real-Qaz MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: 10 iyun 2025-ci il tarixli EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC 120000.00 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə 25 aprel 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş, ödənişin aparıldığı gündən 2 il müddətində 120000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal etməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 26 aprel 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən tərtib edilmiş Gömrük bəyannaməsi və ya işlərin təhvil alınması üzrə akt təqdim edilməyən avans köçürmələrə dair cədvəldən görünür ki, Real-Qaz MMC "xxxx" Şirkətinə xx.xx.2023-cü il tarixdə 120.000.00 ABŞ dolları vəsait köçürülmüşdür. Real-Qaz MMC ilə “MiraQaz” şirkəti arasında 03 ədəd kirogen çəni, 02 ədəd sisterna (vaqon) adlı avandlıqların alınması üçün bağlanılmış 11 iyul 2022-ci il tarixli, 110722 №-li müqavilədən görünür ki, 03 ədəd kirogen çəninin qiymətləri müvafiq olaraq 70000, 35000 və 30000 ABŞ dolları olmaqla cəmi 135000 ABŞ dolları, 02 ədəd sisternanın (vaqon) qiyməti isə hər biri 60000 ABŞ dolları olmaqla cəmi 120000 ABŞ dolları, ümumilikdə isə 255000 ABŞ dolları təşkil etmişdir. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx" PE Şirkəti tərəfindən 110722 №-li müqavilə üzrə göndərilmiş 30.000 ABŞ dolları dəyərində mal ölkəyə idxal edilmişdir. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx" PE Şirkəti tərəfindən 110722 №-li müqavilə üzrə göndərilmiş 70.000 ABŞ dolları dəyərində mal ölkəyə idxal edilmişdir. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx" PE Şirkəti tərəfindən 110722 №-li müqavilə üzrə göndərilmiş 35.000 ABŞ dolları dəyərində mal ölkəyə idxal edilmişdir. Real-Qaz MMC ilə “MiraQaz” şirkəti arasında bağlanılmış 1 iyul 2022-ci il tarixli müqaviləyə xx.xx.2024-cü il tarixli əlavədən görünür ki, tərəflər 02 ədəd sisternin saxlancı barədə razılığa gəlmişlərş Müqavilə dəyəri 3000 ABŞ dolları təşkil etmişdir. Debit haqqında bildirişlərdən görünür ki, Real-Qaz MMC ilə “MiraQaz” şirkətinin hesabına iyul 2022-ci il tarixli müqaviləyə xx.xx.2024-cü il tarixli əlavə üçün ümumilikdə 3000 ABŞ dolları vəsait köçürülmüşdür. xx.xx.2025-ci il tarixdə müqavilədən görünür ki, Real-Qaz MMC ilə “Novotrain” şirkəti ilə Ukraynanın Odessa şəhərində yerləşən 02 ədəd sisternanın saxlancı üçün müqavilə bağlanılmışdır. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta obyektiv cəhətdən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə törədilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3-cü yarımbəndinə əsasən "Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Qeyd olunan normalar, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarı baxımından işin faktiki hallarını araşdırarkən müəyyən olunur ki, “Real- Qaz MMC” tərəfindən Ukraynada fəaliyyət göstərən “MiraQaz” şirkəti arasında 03 ədəd kirogen çəni, 02 ədəd sisterna (vaqon) adlı avandlıqların alınması üçün 11 iyul 2022-ci il tarixli, 110722 №-li müqavilə bağlanılmışdır. 03 ədəd kirogen çəninin qiymətləri müvafiq olaraq 70000, 35000 və 30000 ABŞ dolları olmaqla cəmi 135000 ABŞ dolları, 02 ədəd sisternanın (vaqon) qiyməti isə hər biri 60000 ABŞ dolları olmaqla cəmi 120000 ABŞ dolları, ümumilikdə isə 255000 ABŞ dolları təşkil etmişdir. Həmin 255000 ABŞ dolları Cəmiyyət tərəfindən “MiraQaz” şirkəti hesabına köçürülmüşdür. Cəmi qiyməti 135000 ABŞ dolları təşkil edən 03 ədəd kirogen çəni 2023-cü ilin mart-aprel ayları ərzində ölkəyə idxal edilmişdir. 02 ədəd sisternanın (vaqon) isə Ukrayna ərazisində gedən hərbi əməliyyatlara görə ölkəyə idxalı mümkün olmamışdır. “Real-Qaz MMC” tərəfindən həmin malların saxlancı və mühafizəsi üzrə müvafiq şirkətlərlə müqavilələr bağlanılmış, ölkəyə idxalı üçün xarici daşıyıcı şirkətlərə yazışmalar aparılmışdır. Lakin Rusiya və Ukrayna arasında başlayan və Ukraynda ərazisində gedən müharibə səbəbindən həmin malların dəmiryolu nəqliyyatı vasitəsilə ölkəyə idxalı mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Real-Qaz MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar