Məhkəmə qərarları › İş №3(049)-527/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-527/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-527/2023 13.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 12 apel 1977-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Lənkəran rayonu Parakənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan Şəxs 21 dekabr 2022-ci il tarixdə saat 15 radələrində arvadı Zərərçəkmiş şəxs vurmaqla ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyinə görə barəsində İXM-nin 157-ci maddəsi ilə 13 fevral 2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində evə gəlmiş, Zərərçəkmiş şəxs ilə aralarında narazılıq olmuşdur. Həmin vaxt əsəbləşib 1 dəfə şillə zərbəsi ilə onun başının ənsə nahiyəsinə vurmuşdur. Hal hazırda etdiyi əməldən peşmandır. Buna görə də barəsində aşağı həddə və yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində evdə olduğu vaxt Şəxs Natiq oğlu evə gəlmiş və yeməyin 2 dəqiqə gec qoyulduğu üçün mübahisələri olmuşdur. Həmin vaxt onu yumruq və şillə zərbələri ilə döyərək xəsarət yetirmişdir. Hətta mətbəxdən bıçağı götürüb onu hədələmişdir. Şəxs ilə barışmamış, onun barəsində qanuna müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X1 04 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXMnin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Lənkəran rayonlararası zona mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 1271 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - başın ənsə nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotekasında son bir il ərzində heçbir məlumat qeydiyyata alınmamışdır. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri 04 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300(üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar