Məhkəmə qərarları › İş №3(049)-527/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-527/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-527/2025 20.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər rayon X3 Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs Əliabas oğlu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1956-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, təqaüdçü, Lənkəran şəhəri, Boladı kəndində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində şəxsi münasibətlər zəminində qardaşı Zərərçəkmiş şəxs Əliabas oğlunu döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Əliabas oğlu onun qardaşlarından biridir və Nəriman ondan yaşca dörd il böyükdür. O, Nərimanla uzun illərdir ki, ədavətlidir. 31 mart 2025-ci il tarixdə saat 12 radələrində Boladi kəndinin mərkəzində Xalidin yeməkxanasının yanında olarkən görmüşdür ki, qardaşı Nəriman həmin yeməkxanada dostu Ramiz ilə masa arxasında oturub spirtli içki içib yemək yeyirlər. O, həmin vaxtı yadına düşmüşdür ki, Nəriman özü üçün içkiyə və yeməyə pul tapa bilir amma ona olan borcunu qaytarmır. O, da bundan əsəbləşib həmin yeməkxanaya daxil olub onların masasına yaxınlaşmış və Nəriman onun pulunu verməsini deyəndə aralarında mübahisə düşmüş və mübahisə zamanı Nəriman onu söydüyü üçün o, əsəbləşib Nərimanın ağzına vurmaq istəyəndə əli Nərimanın ağzının işinə keçmişdir. Bunu görən onun dostu Ramiz onları ayırmışdır və o, oradan çıxıb öz evinə getmişdir. Sonradan eşitmişdir ki, Nəriman ondan polisə şikayət etmişdir. Mübahisə Lənkəran rayonu Boladi kəndinin mərkəzində Xalidin yeməkxanasının içində baş verib və təxminən 3-5 dəqiqə davam edibdir. Baş vermiş mübahisə zamanı o, və qardaşı Nərimandan başqa orada Nərimanın dostu Ramiz yeməkxananı işlədən Rafiq Rafail oğlu və Rafiqin işçisi adını bilmədiyi cavan oğlan olmuşdur, başqa kimsə orada olmamış və ya kənardan oraya kimsə daxil olmamışdır. Odur ki, məhkəmədən qanuni və ədalətli qərar qəbul etməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Əliabas oğlu izahatında göstərdi ki, Şəxs kiçik qardaşı olmaqla, Çingiz ilə uzun illərdir ki, ədavətlidir, buna səbəb hər zaman qardaşı Çingizin heç bir əsas olmadan ondan pul tələb etməsi, ona borclu olduğunu bildirməsi olmuşdur. 31 mart 2025-ci il tarixdə saat 13 radələrində o, dostu Ramiz Axundovla birlikdə yaşadığı kəndin mərkəzində Xalid Hüseynovun yeməkxanasında massa arxasında oturub yemək yeyərkən bu zaman yeməkxanaya girən kiçik qardaşı Çingiz onun masasına yaxınlaşıb ona «mən sənin üçün ev eləmişəm, mənim pulumu gətir qoy mənim qabağımav sözlərini demiş, o, da cavabında «sənə heç bir borcum yoxdur» sözünü dedikdə bu zaman Çingiz gözlənilmədən onun sifətinə əl atıb alt dodağına cırmaq ataraq ardıyca çənəsinə bir yumruq zərbəsi vurmuşdur. Orada ofisant işləyən Rafiq Rafail oğlu və onunla birlikdə işləyən digər ofisant həmçinin onun dostu Ramiz onları ayırmışlar və Çingizi yeməkxanadan çölə çıxartmışlar və Çingiz çıxıb getmiş, onun dodağı cırılıb qan axdığı üçün o, ilk öncə evinə getmiş, sabahısı isə Lənkəran RMX-na getmişdir. Xəstəxanada ona tibbi yardım göstərilmiş, sonra evinə qayıtmış və hal-əhvalı pis olduğu üçün o, bir neçə gün evində dincəlmiş və sonra yəni 04 aprel 2025-ci il tarixdə Liman PB-nə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Mübahisə həmkəndlisi Xalid Hüseynovun yeməkxanasında baş vermiş, ətrafda o və qardaşı Çingizdən başqa onun dostu Ramiz Axundov yeməkxanada işləyən Rafiq Rafail oğlu və Rafiqlə birlikdə ofisant yoldaşı olmuş başqa heç kim olmamışdır. Baş vermiş mübahisə zamanı qardaşı Çingiz ona zərbə vurduqda o, Çingizə hər hansı cavab zərbəsi vurmamışdır. Hazırda Çingiz ilə barışmadığı üçün ona qanuna müvafiq qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, Lənkəran rayonu Boladi kənd sakinləri Zərərçəkmiş şəxs Əliabas oğlu və Nərimanın qardaşı Şəxs onun həmkəndliləridir, hər ikisi ilə münasibətləri normaldır. Nərimanla uzun illərdir ki, dostluq edir və arabir bir yerdə oturub yemək yeyib, araq içirlər. 31 mart 2025-ci il tarixdə saat 13 radələrində o, dostu Zərərçəkmiş şəxslə yaşadığı Boladi kəndinin mərkəzində görüşüb Nərimanla birlikdə Xalidin kafesinə getmişlər ki, bir yerdə yemək yeyib, biraz araq içsinlər. Nəriman dükandan araq almış və onlar kafeyə daxil olub orada bir kabinetdə oturub yemək sifariş vermişlər. Yemək gəldikdən sonra araq içib yemək yeyərkən bu zaman Nərimanın qardaşı Çingiz onların olduğu kabinetə daxil olub öz qardaşı Nərimana yaxınlaşmış və Nərimana «mənim pulumu haçan verərsən, çıxart pulumu ver» sözlərini deyəndə Nəriman ayağa qalxıb ondan kafedən çıxmasını tələb edərək aralarında mübahisə başlamış və Çingiz qardaşı Nərimanın ağzına bir yumruq zərbəsi vurmuş, sonra əl atıb Nərimanın ağzını cırmaqlayanda o, və kafeni işlədən Rafiq Rafail oğlu və Rafiqlə birlikdə işləyən digər ofisant ilə birlikdə Nərimanla Çingizi ayırmışlar və Çingizi kafedən çölə çıxartmışlar. Sonra o, Nərimanla biraz oturub oradan çıxmışlar, ondan sonra eşitmişdir ki, Nəriman öz qardaşı Çingizdən şikayət etmişdir. Mübahisə Xalidin kafesində kabinetin içində baş vermiş və təxminən 3-5 dəqiqə davam etmişdir. Mübahisə zamanı o, Nəriman, Nərimanın qardaşı Çingiz, kafedə işləyən Rafiq və Rafiqin iş yoldaşından başqa heç kim olmamışdır. İşə əlavə edilmiş MTE və PAB-nin Lənkəran rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 190 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Əliabas oğlunan bədəni üzərində-alt dodaq nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o, cümlədən göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 4-5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Lənkəran RPŞ-nin İTB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar