Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-531/2025 22.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vdadi Fərman oğlunun katibliyi ilə, DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 07 iyun 2025-ci il tarixli "EQ 28413884 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 07 iyun 2025-ci il tarixli "EQ 28413884” nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibatə xəta haqqında icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 07 iyun 2025-ci il tarixdə Lənkəran-Boradigah- Masallı avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndi ərazisində saat 07:57 radələrində ona məxsus **-DP-*** dövlət qeydiyyat nişanlı Renault Megane minik markalı avtomobili ilə hərəkət edərkən, yolun sol tərəfində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşı **-YP-*** xidməti avtomobilində tam hərəkətsiz duraraq dayandığının şahidi olmuşdur. Təqribən 3 saat keçdikdən sonra mobil nömrəmə SMS gələrək, Lənkəran şhəri, İmadəddin Nəsimi küçəsində güya yolda müəyyən edilmiş sürət həddini 10-20 km/saat aşaraq. İnzibati Xətalar Məcəlləsinin 328.1ei maddəsinin tələblərini pozmuşdur. Nəticə etibarı ilə inzibatı tənbeh vermə haqqında qərarla tanış olarkən, aydın şəkildə qeyd edilmişdir ki. "sürət həddi 40 km saat tələb olunan ərazidə 59 km saat sürətlə **-DP-*** dövlət qeydiyyat nişanlı Renault Megane minik markalı avtomobili ilə sürət həddini pozmaqla barəsində "EQ28413884” nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir". Belə ki, xəta törədilən ərazi üzrə çəkilmiş foto və video görüntülərlə tanış olarkən aşkar şəkildə görülməkdədir ki, qarşıdan gələn qara rəngli X7 markal avtomobil sürət həddini aşmaqla onunla əks istiqamətdə hərəkət elməkdədir. Buna baxmayaraq avtomobilinin arxadan yalnız bir şəkili səhvən çəkilərək, həmin cərimə X9 markalı avtomobilə tətbiq olunmalı olduğuna baxmayaraq, ona tətbiq edilmişdir. Hesab edir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən imzalanmalı olan, lakin imzalanılmayan qərar tam əsassızdır və ləğv olunmalıdır. 07 iyun 2025-ci il tarixli “EQ28413884 nömrəli inzibatı tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın baş verdiyi ərazinin düzgün qeyd olunmaması, şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının elektron qərarda düzgün yazılmaması və xüsusən də baş verən ərazidə inzibatı xətanı onunla əks istiqamətdə hərəkət edən X7 markalı avtomobil törətdiyindən inzibatı xətanın onun tərəfindən törədilməsi natamam sübuta yetirilməsi hesab olunur. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş X4 və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə bütün xüsusatlar tam olaraq onun tərəfindən araşdırılaraq, təqdim edilmiş sübutlar araşdırılmış və 07 iyun 2025-ci il tarixdə başvermiş yol-nəqliyyat hadisəsi zamanı təqsirin X1 olduğu nəzərə alınaraq o, AR İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 manat cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 07 iyun 2025-ci il tarixli "EQ28413884 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 10 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 07 iyun 2025-ci il tarixli, EQ 28413884 saylı inzibati xəta haqqında qərardan və ona əlavə edilmiş inzibati xəta hadisəsini özündə əks etdirən fotoşəkildən müəyyən edilir ki, X5 07 iyun 2025-ci il tarixdə saat 07:57:52 radələrində Lənkəran şəhəri, İmadədin Nəsimi küçəsində **-DP-*** dövlət qeydiyyat nişanlı Renault Megane markalı avtomobil avtomobil ilə hərəkətdə olarkən icazə verilən sürət həddini 19 km/saat aşmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 qeyd edilən inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1 maddəsinə əsasən, Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Bütün qeyd olunanları nəzərə alaraq, habelə inzibati xəta haqqında protokolu, videogörüntünü, ekspert rəyini və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və onun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 07 iyun 2025-ci il tarixli "EQ 28413884” saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-531/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-531/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver