Məhkəmə qərarları › İş №3(049)-535/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-535/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-535/2025 01.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 1-ci (Astara) SNŞ-nin 5-ci (Balıqçılar) SNB-nin hərbi quluqçusu baş leytenant X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə xx.xx.2025-ci tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, “İXH toplanmış materiallarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:30-da su sərhəd rejiminə icazəsiz daxil olmaqla inzibati xəta törətmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında material xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə məhkəməyə göndərilmiş və həmin məktubda Şəxs xx.xx.2025-ci il tarixdə su sərhəd rejimi qaydalarını “Kazanka” tipli, “Yamaha-30” mühərrikli üzmə vasitəsi ilə pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tətib edildiyi, daha ağır tənbeh tədbirinin tətbiqi və üzmə vasitəsinin müsadirə edilməsi məqsədi ilə inzibati materialın məhkəməyə göndərildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-in 571-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə - gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. İşin məhkəməyə göndərilməsi məktubunun məzmunundan aydın olur ki, üzmə vasitəsinin müsadirə edilməsi üçün inzibati xəta haqqında icraat materialları məhkəməyə göndərilmişdir. Belə ki, İXM-in 43.3-cü maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Göründüyü kimi protokolu tərtib etmiş orqan ağır tənbeh tədbirinin tətbiqi üçün, yəni üzmə vasitəsinin müsadirəsi üçün işi Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. xx.xx.2025-ci il tarixli 09 nömrəli aktda isə bort nömrəsiz üzmə vasitəsinin Şəxs təhvil verildiyi qeyd edilmişdir. Lakin nə həmin aktda, nə də ki, iş materiallarında olan sənədlərdə “Kazanka” tipli, “Yamaha-30” mühərrikli üzmə vasitəsinin kimə məxsus olması məlum deyildir. Həmçinin materiallara qeyd edilən vasitənin bir ədəd fotoşəkli əlavə edilsə belə həmin fotoşəkil üzmə vasitəsinin kimə məxsus olmasını təsdiq edəcək sənəd kimi qiymətləndirilə bilməz. İXM-in 571-ci maddəsinin məzmunundan göründüyü kimi, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi həmin maddədə imperativ norma kimi nəzərdə tutulmasa da, tətbiqi mümkün olan əlavə tənbeh tədbiri kimi nəzərədə tutulmuşdur. Lakin inzibati xəta haqqında materialda inzibati xətanın törədilməsində alət kimi qeyd edilmiş üzmə vasitəsinin mülkiyyətçisi məlum deyil, həmin vasitənin maddi sübut kimi tanınması, protokolu tərtib edən orqan tərəfindən hər hansı yerdə saxlanca qəbul edilməsi ilə bağlı hər hansı sənəd mövcud deyildir. Halbuki protokolu tərtib edən orqan həmin üzmə vasitəsinin müsadirəsi məqsədi ilə materialı məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Bununla da, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında material qanunun tələblərinə tam olaraq riayət edilmədən, natamam və məhkəmə araşdırması zamanı qısa müddət ərzində aradan qaldırılması mümkün olmayan şəkildə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin əsaslara görə hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması, eyni zamanda, bu çatışmazlıqların işə baxılarkən qısa müddət ərzində aradan qaldırılması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 1-ci (Astara) SNŞ-nin 5-ci (Balıqçılar) SNB-nin hərbi quluqçusu baş leytenant X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə qaytarılsın. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar