Məhkəmə qərarları › İş №3(049)-536/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-536/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-536/2025 14.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X5, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi: Nümayəndə iştirakı ilə, Hüquqi ünvanı Lənkəran rayonu, Zərifə Əliyeva küçəsi, ev 19/8 olan, VÖEN: ********** Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tənbeh tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi X3 Publik Hüquqi X8 şöbəsinin mütəxəssisi X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi X3 Publik Hüquqi X8 şöbəsinin mütəxəssisi X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 215.4-cü maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş 12 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 12 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, 12 iyun 2025-ci il tarixdə, saat 14.50-də radələrində ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir (ultrasəs müayinəsi işi üzrə) nəticədə Şəxs MMC tərəfindən İXM-in 215.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, tərtib edilmiş protokol ilə qismən razıdır. Belə ki, Lənkəran rayon, Separadi kənd sakini X4 müayinə üçün Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində- Medialandia Hospitala müraciət etmiş və onu müayinə edən həkim Müşfiq Kazımov səlahiyyəti olmadığı halda xəstəni ultrasəs müayinəsindən də keçirmişdir. Bu yaxına Şəxs MMC məhkəmə tərəfindən cərimə edilmişdir, ona görə də məhkəmədən onlara köməklik edilməsini, cərimə tətbiq edilməməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2”ə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş AZDOC (elektron sənəd dövriyyəsi) ilə göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2-610/2025 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” AKNN” MMC (X13) da növbədən kənar yoxlama keçirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 203 nömrəli Aktdan görünür ki, ŞəxsMMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyəti ilə məşğul olunması faktı aşkar edilmişdir. İş materiallarında olan ŞəxsMMC tərəfindən təsdiq edilmiş özəl tibb müəssisəsinin işçilərinin cədvəldən görünür ki, Kazımov Müşfiq xxx... məşğulluq təsnifatı cərrah olması göstərilmişdir. İş materiallarında olan şəhadətnamədən müəyyən olunur ki, X1 12 iyun 2023-cü ildən Azərbaycan Respublikası ərazisində ümumi cərrahiyyə ixtisası üzrə faəliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarında olan tibbi sənədlərdən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdən Lənkəran rayon, Separadi kənd sakini X4 müayinə üçün Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində- Medialandia Hospitala müraciət etmiş və onu müayinə edən həkim Müşfiq Kazımov səlahiyyəti olmadığı halda xəstəni ultrasəs müayinəsindən də keçirmişdir. İş materiallarında olan lisenziyadan müəyyən olunur ki, Hüquqi ünvanı Lənkəran rayonu, Zərifə Əliyeva küçəsi, ev 19/8 olan, Şəxs MMC-yə ünvan 2 ünvanında 14 iyul 2022-ci il tarixdən özəl tibb fəaliyyəti ilə məşul olmağa icazə verilmişdir. Lisenziyaya əlavədə işlərin siyahısı göstərilmişdir. İXM-nin 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1ci maddəsinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49-1-ci maddəsinin onuncu bəndində əsasən Şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmi. Hazırkı işin hallarından görünür ki, AKNN” MMC-yə məxsus özəl tibb müəssisəsində ümumi cərrah kimi işləyən Müfiq Məmmədov sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyəti ilə, yəni ultrasəs müayinəsi ilə məşğul olmuşdur. Bu hal İXM-nin 215.4-cü maddəsinə nəzərdə tutulan inzibati məsuliyyətin yaranmasına səbəb olur. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-nin 215.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 215.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 7000 (yeddi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar