Məhkəmə qərarları › İş №3(049)-544/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-544/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-544/2025 09.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu, X1 EQ seriyalı 28810698 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul olunmuş qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, EQ seriyalı 28810698 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul olunmuş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə ilkin olaraq qeyd edir ki, təqdim edilmiş şikayətə mübahisələndirilən qərarın surəti əlavə edilməmişdir. Eyni zamanda şikayətdə yalnız inzibati xəta haqqında protokolun seriya və nömrəsi qeyd edilməklə (tarixi qeyd edilməyib), mübahisələndirilən qərar barədə məlumatlar, yəni qərarı qəbul edən inzibati orqan və vəzifəli şəxs, seriyası, nömrəsi və tarixi barədə məlumatlar qeyd edilməmişdir. Bu haldan ümumiyyətlə mübahisələndirilən qərarın qəbul edilib-edilməməsini müəyyən etmək mümkün deyildir. Həmçinin ərizəçi tərəfindən şikayətə əlavə edilmiş inzibati xəta haqqında çıxarışda da yuxarıda sadalanan məlumatlar qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Yuxarıda qeyd edilən qanunvericilik normasından müəyyən edilir ki, qanunvericilikdə inzibati tənbeh tətbiq etmə haqqında qərardan yalnız barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin məhkəməyə şikayət etmək hüququ təsbit edilmişdir. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 EQ seriyalı 28810698 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul olunmuş qərarın ləğv edilməsinə dair şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar