Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-549/2024 13.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X22 və qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X2 baş məsləhətçi-baş əmək müfəttişi X6 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X2 07 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X22 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X22 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X2 07 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X2 rəisi X7 qəbul etdiyi 07 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, işəgötürən X22 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X9 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X2 rəisi X12 tərəfindən, 30 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli, tərtib etdiyi “İnzibati xəta haqqında” protokoluna əsaslanaraq, “İnzibati tənbeh vermə haqqında” 07 may 2024-cü il tarixli MN № ******* nömrəli cərimə Qərarı çıxarılmışdır. X19 Xidmətinin vəzifəli şəxsinin barəsində çıxardığı xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli cərimə Qərarı ilə razı deyil. Odurki, həmin Qərarın ləğv edilməsindən ötrü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (AR İXM) 130.1 və 128.2.3-cü maddələrinə istinad edərək məhkəməyə şikayətlə müraciət etmişdir. O, sentyabr 2022-ci il tarixdən, Lənkəran rayonu, Şağlaküçə kəndi ərazisində yerləşən 5,4 ha torpaq sahəsində yaşıl çay şitili əkib becərməklə kənd təsərrüfatı-çayçılıq işi ilə məşqul olduğuna görə, dövlət tərəfindən müəyyən məbləğdə subsidiya ayrılmışdır. Çünki, çay kolları 5 ildən sonra məhsul verməyə başlayır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən **********462691 nömrəli “Fermer Kartı” ilə də təmin olunmuşdur. Həmin təsərrüfatda istifadə olunan “ayaq yolu” damının küm örtüyü olan 4 ədəd “şiferi” dəyişməkdən ötrü, Lənkəran rayonu, Ləj kənd sakini X10 müraciət etmişdir. X13 bir neçə saatlıq işini görmüş, gördüyü işinin müqabilində pul təklif edilməsinə baxmayaraq zəhmət haqqı almadan getmişdir. Lakin sonradan öz həmkəndlisi olan X19 Xidmətinin X2 rəisi Etibar Vəliyevə şikayət ərizəsi ilə müraciət etmişdir. Bununla da 30 aprel 2024-cü il tarixdə, MN № ******* nömrəli, barəsində “İnzibati xəta haqqında” protokol tərtib edilmiş, həmin protokolda onun AR Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X13 ilə əmək müqaviləsi bağlamadan onu işlərin görülməsinə cəlb etməyi qeyd edilmişdir. Lakin o, X9 təsərrüfatında işlətməmiş, ayaq yolunun tikintisi üçün bir günlük dəvət etmişdir. Ona görə də 07 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X22 şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və barəsində qəbul edilmiş 07 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X2 baş məsləhətçi-baş əmək müfəttişi X11 şikayətin dəlillərini qəbul etməyərək, 07 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini və qərarın ləğv edilməməsini xahiş etdi. Məhkəmə iclasında şikayətçi X22 vəsatəti əsasında şahid qismində dindirilmiş X16 izahatında göstərdi ki, 2023-cü ilin təqribən iyun-iyul aylarında cəmi 2 gün ərzində X17 məxsus yaşıl çay bitkisinin becərildiyi Lənkəran rayonu, Şağlaküçə kəndi ərazisində yerləşən 5,4 ha torpaq sahəsində X13 ilə birlikdə həmin torpaq sahəsində işləyən işçilər üçün Vaqif Tağıyevin sifarişi əsasında sanitar qovşaq inşa edilmişdir. O, Vaqif Tağıyevi həmkəndli kimi tanıdığından ondan hər hansı zəhmət haqqı tələb etməsə də, Asəf Yusubov muzd müqabilində sanitar qovşağın inşası üçün V.Tağıyevlə razılaşmış, ilk gün daş hörgü işi başa çatdırılmışdır. Sonra isə tikilinin üzəri Asəf Yusubov tərəfindən azbest şiferlə örtülmüşdür. Xatırladığı qədər V.Tağıyev A.Yusubova gördüyü işin müqabilində 90 manat pul vermişdir. Nə o, nə Asəf Yusubov çayçılıq təsərrüfatında işləməmiş, sahibkar Vaqif Tağıyevin sifarişi ilə cəmi 2 gün sanitar qovşağın tikintisində iştirak etmişlər. İş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, X22 vergi orqanında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi (VÖEN: **********) uçotdadır. "xxxx" ASC-yə məxsus Vaqif Tağıyevə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Fermer Kartı”nın surətindən görünür ki, həmin kart 02/2026-cı il tarixədək etibarlıdır. Lənkəran rayonu Ləj kənd sakini X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X3 ünvanladığı xx.xx.2024-cü il tarixli ərizə və xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, çay bitkisinin becərilməsi ilə məşğul olan X17 məxsus torpaq sahəsində sanitar qovşaq inşa etdirdiyini bildirərək, sonuncunun onunla əmək müqaviləsi bağlamadığını və əmək haqqını ödəmədiyini göstərərək qanunamüvafiq köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən ilk növbədə aşağıdakı qanunvericilik aktlarına diqqət yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.1-ci maddəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin əsas anlayışlardan bəhs edən 3-cü maddəsində qeyd olunmuşdur ki, işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 6-cı maddəsinin tələbinə görə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə tətbiq edilmir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələbinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası İXM-nin “Əmək qanunvericiliyinin pozulması” adlanan 192-ci maddəsinin İ hissəsinin obyektiv cəhətini Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyrimütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülkihüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə bu nəticəyə gəlir ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın gəldiyi nəticə əsassızdır. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iş üzrə şikayətçi X4 rayonu, Şağlaküçə kəndi ərazisində yerləşən 5,4 ha torpaq sahəsində yaşıl çay şitili əkib becərməklə kənd təsərrüfatı-çayçılıq işi ilə məşğul olur. X22 ilə X13 arasında şifahi razılaşma əsasən sonuncu muzd müqabilində Vaqif Tağıyevin çay təsərrüfatı ilə məşğul olduğu torpaq sahəsində sanitar qovşaq inşa etmişdir. İşin faktiki hallarını araşdıran və tərəflər arasında mövcud olmuş münasibətlərin xarakterini təhlil edən məhkəmə bu qənaətə gəlir ki, X13 ilə sahibkar X22 arasında əmək münasibətləri deyil, podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, fərdi sahibkar X14 çay bitkisinin əkilməsi ilə məşğul olduğu torpaq sahəsində X1 qovşağın inşa edilməsi barədə sifarişi Vaqif Tağıyevin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlər aid olmamaqla, tərəflər arasında münasibətlər mülki-hüquqi məzmunlu olmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyi rəhbər tutaraq məhkəmə qeyd edir ki, X14 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından şikayət təmin edilməli, X22 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X2 07 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X2 07 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X22 tərəfindən verilmiş şikayət təmin edilsin. X22 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X5 tərəfindən qəbul edilmiş 07 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-549/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-549/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver