Məhkəmə qərarları › İş №3(049)-55/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-55/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-55/2025 06.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X4 oğlu barəsində X6 xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında MN № ******* №-li xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 şikayət verərək, barəsində olan MN № ******* №-li xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, güya o, işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci və 3-cü hissələrinin tələblərini pozaraq işçilərə dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı məbləğdə əmək haqqı ödəmişdir. Bununla da guya ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə barəsində 24 oktyabr 2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra həmin protokol əsasında 31 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X6 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəisi X5 tərəfindən qərar qəbul edilərək ona 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərarla razı deyildir. Çünki, Lənkəran rayonu. Boladi kəndində yerləşən “Lənkəran 567 saylı Aptek"-də o, 2012-ci ilin oktyabr ayından 2014-cü ilin oktyabr ayına kimi müdir işləmişdir. Hazırda “Lənkəran 567 saylı Aptek" fəaliyyət göstərmir və qeyd olunan adda aptek yoxdur. Həmin aptekin əvəzində indi “Zeytun" apteklər şəbəkəsi fəaliyyət göstərir. “Zeytun” apteklər şəbəkəsinin də ona heç bir aidiyyəti yoxdur. 2015-ci ilin oktyabr ayından hazırki tarixədək Lənkəran rayonu, Xarxatan kəndində yerləşən “Şəfəq” fərdi kiçik müəssisəsində əczaçı işində işləyir. Bununla belə Lənkəran rayonu, Boladi kəndində yerləşən "xxxx" MMC-nin ona heç bir aidiyyəti olmadığı halda və xəbəri olmadan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X6 Xidməti Lənkəran-Astara regional şöbəsinin əməkdaşları barəsində inzibati xəta haqqında protokol tərtib ediblər. Həmin protokol əsasında da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X6 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəisi X5 xx.xx.2024-cü il tarixdə MN № ******* saylı qərar qəbul edərək heç bir inzibati xətaya yol vermədiyi halda, dəvət edilmədən və heç bir məlumat verilmədən inzibati məsuliyyətə cəlb etmiş, yəni 1000 manat məbləğində inzibati qaydada cərimə etmişdir. Nə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X6 Xidməti Lənkəran-Astara regional şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 24 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və nə də qeyd olunan şöbənin rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərar rəsmi qaydada ona təqdim edilməmişdir. Qeyd olunan qərar məcburi qaydada icra edilməsi üçün 16 dekabr 2024cü il tarixdə Lənkəran rayonu, Xarxatan kəndində yerləşən hazırda işlədiyi “Şəfəq” fərdi kiçik müəssisəsinin rəhbərinə göndəriləndən sonra onun mövcudluğu barədə məlumatı olmuş və həmin qərarın sürətin 24 dekabr 2024-cü il tarixdə əldə etdiyi üçün hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət edir və həmin qərarın ləğv edilməsini istəyir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 şikayət ərizəsində göstərdikləri ilə eyni məzmunlu izahat verərək 2015-ci ilin oktyabr ayından “Şəfəq” fərdi kiçik müəssisəsində əczaçı işlədiyini hazırda ümumiyyətlə "xxxx" MMC-nin mövcud olmadığını, həmin aptekin “Zeytun” apteklər şəbəkəsinin tərkibinə keçdiyini, özünün qeyd edilən aptekdə nəyinki müdir, işçidə olmadığını və əmək haqqı almadığını bildirmişdir. Elktron sistemdə hələ də adının “Lənkəran 567 saylı Aptek"-də müdir kimi qalması barədə iə məlum məktubdan sonra öyrəndiyini, həmin uyğunsuzluğu aradan qaldıra bilməməsini isə ilk öncə məlumatının olmaması cərimə tətbiq edildikdən sonra isə məhkəməyə müraciət etməsi ilə əlaqələndirmişdir. Barəsində şikayət olunan orqanın nümayəndəsi Nümayəndə izahat verib göstərdi ki, X2 “Lənkəran 567 saylı Aptek"-də müdir kimi işləməsi elektron sistemdə belə məlumatın hələ də silinməməsi ilə bağlı tərtib edilmişdir. Hazırda X.Hüseynovun həmin müəssədə işləməməsi görünür. Lakin o, vaxtına müraciət edərək sistemdən adının silinməsini təmin etməli idi. X.Hüseynovun təqsirli olub-olmaması barədə hazırda fikir söyləyə bilmir. Lakin nə vaxta kimi onun adı sistemdə qeyd edilən vəzifədə göstərilmişsə onun barəsində yenə inzibati xəta haqqında icraat aparıla bilər. Məhkəmənin təşəbbüsü ilə dəvət edilərək şahid qismində izahatı alınmış X7 bildirmişdir ki, 2023-cü il tarixdən əvvəlki adı “567” olan aptekdə müdir kimi işləyir. Həmin aptek “Zeytun” apteklər şəbəkəsinin tərkibindədir. Həmin aptekdə işlədiyi müddətdə Xəzail Hüseynovu tanımamış, bu gün də tanımır. Adı çəkilən şəxs o, aptekin müdiri olduğu müddətdə qeyd edilən aptekdə hər hansı vəzifədə işləməmiş və əmək haqqı almamışdır. İş materiallarında olan məhkəmə baxışı zamanı tədqiq olunmuş digər sübutlar: İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib (dövlət tərəfindən müəyyən edilmiş əmək haqqı məbləğindən aşağı məbləğdə əmək haqqı ödənilməsi) barəsində 1000 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin rəhbərliyinə məktub göndərilərək “əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən X2 əmək haqqı məbləğinin minimum əmək haqqı məbləğindən aşağı qeyd edildiyi, buna görə cərimə tətbiq ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin X3 barəsində protokolun tərtibində iştirak etməsi məqsədi ilə məlumat verilmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 567 saylı aptekdədə müdir kimi fəaliyyət göstərir və onun əmək haqqı 250 manat təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı ərazi vergilər baş idarəsindən verilmiş məktubdan görünür ki, "xxxx" MMC-in xx.xx.2022-ci il tarixli müraciəti ilə əlaqədar qeyd edilən müəssisənin fəaliyyəti həmin tarixdən xx.xx.2067 il tarixədək vergi orqanı tərəfindən dayandırılmışdır. Azərbaycan Respublikası İXM-in 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, yuxarıda qeyd olunan normaların əlaqəli təhlilindən görünür ki, inzibati xətalara dair işlər üzrə obyektiv nəticəyə gəlmək və qanuni və əsaslı qərarları qəbul etmək, bir sözlə İXM-in 2 və 48-ci maddələri ilə qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə nail olmaq üçün iş üzrə bütün sübutlar əldə edilməli və İXM-in 84.1-ci maddəsinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Göründüyü kimi işin bütün halları ilə təsdiq olunur ki, X4 "xxxx" MMC-də işləmir və ümumiyyətlə qeyd edilən müəssisə xx.xx.2022-ci il tarixdən öz fəaliyyətini dayandırmışdır. X4 qeyd edilən müəssisədə işləmirsə və qeyd edilən aptek fəaliyyət göstərmirsə əmək haqqının alınması, verilməsi, təyin edilməsi də mümkün deyildir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi də X2 qeyd edilən aptekdə işləmədiyini qəbul edir. X1 tərəfindən elektron sistemə müvafiq məlumatlar daxil edilmədiyinə görə “əmək və məşğulluq” altsistemində onun hələ də "xxxx" MMC-də işləməklə 250 manat əmək haqqı alması görünür. Bu əsasla da X4 barəsində X6 xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında MN № ******* №-li xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normanı məzmunu tam şəkildə aydındır və burada işçinin hüquqlarının müdafiəsi əsas kimi qəbul edildiyi başa düşülür. Xəzail Hüseynov qeyd edilən aptekdə işləmir, əməkhaqqı vermir və almır. İXM-in 192.3-cü maddəsi isə elektron sistemdə bildirişin və digər məlumatların silinməsinə görə deyil məhz işçinin hüquqlarının pozulmasına görə məsuliyyəti nəzərdə tutur. Əks yanaşma həmin normanın və ümumilikdə əmək qanunvericiliyinin mahiyətinə ziddir. Belə ki, Əmək Məcəlləsinin 25-ci fəsli əməyin ödənilməsi normalarını tənzimləyir. Həmin məcəllənin 155-ci maddəsinin 1-ci və 3-cü bəndlərində işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz müddəaları təsbit olunmuşdur. Bu normaları təhlil etdikdə də görünür ki, işləmiş, əmək funksiyalarını yerinə yetirmiş işçilərin hüquqlarının müdafiəsi nəzərdə tutulmuşdur. Faktiki fəaliyyət göstərməmiş müəssisənin müdiri kimi elektron sistemdə göstərilmiş şəxsin İXM-in 192.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, X4 barəsində X6 xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında MN № ******* №-li xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar xitam edilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 75-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X4 barəsində X6 xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında MN № ******* №-li xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar