Məhkəmə qərarları › İş №3(049)-552/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-552/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-552/2024 21.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vdadi Fərman oğlunun katibliyi ilə, Lənkəran Şəhər Rayon X5 Patrul Xidmətinin 29 aprel 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Şəhər Rayon X5 Patrul Xidmətinin 29 aprel 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Lənkəran rayonu, Boladi kəndində yaşayır. 90ZX917 nömrəli avtomaşın öz adına və şəxsi istifadəsindədir. xx.xx.2024-cü ildə axşam radələrində onu Lənkəran rayon Miqrasiya idarəsindən 1OO km aralıda hərəkətdə olarkən xidmətdə olan YPX əməkdaşı dayanma əmri ilə saxlamışdır. Özünü inspektor İbrahimli kimi təqdim etmiş və onun yol polisinin avtomobilinə əyləşməyini istəmiş, ona şəxsi mülkünü tərk edə bilməyəcəyini izah etdikdə ona ötmə qaydasını pozduğunu və 80 (səksən) AZN 3(üç) bal cərimə yazacağıni bildirmişdiri. Polis əməkdaşına heç bir qayda pozmadığını və protokolu qərarsız etməyini xahiş etmişdir. Sms Radar tətbiqindən və asanpay-dan gələn bildirşdən görünür ki, protokol qərarsızdır. Lakin, 3 gün sonra ona bildiriş gəlmişdir ki, cərimə qərarlı oldu. Beş ilə yaxındır öz adına qeydiyyatda olan 90ZX917 nömrəli dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Bu vaxta qədər nümunəvi sürücü olaraq heç bir qayda pozuntusu etməmiş və adına cərimə olmayıb. Lakin xx.xx.2024-cu il tarixində ona inzibati xəta haqqında 327.2 maddə ilə qərar 80(səksən) manat cərimə yazılıb. Bildirmək istəyir ki, o, həmin gün heç bir qayda pozuntusu etməmişdir və yazılan cərimə həqiqəti əks etdirmir və qanunsuzdur. İş üzrə 13 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən ərizəçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Lənkəran Şəhər Rayon X5 Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Lənkəran Şəhər Rayon X5 Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 21:12 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 80 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 21:12 radələrində idarə etdiyi Mercedes Benz C230 minik markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, Mercedes Benz C230 minik markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi X2r. Məhkəmə sorğusu əsasında əsasında Lənkəran Şəhər Rayon X5 Patrul Xidmətindən məhkəməyə təqdim edilmiş CD diskdə olan videogörüntüyə məhkəmə baxışı zamanı baxış keçirilməklə tədqiq edilən zaman müəyyən edildi ki, həmin görüntü yol patrul xidmətinin xidməti avtomaşınında quraşdırılmış videoqeydiyyatçı vasitəsilə qeydə alınmışdır. xx.xx.0224-cü il tarixdə saat 21:07 radələrində yol patrul xidmətinin xidməti avtomaşınından irəlidə hərəkətdə olan Mercedes Benz C230 minik markalı, **- ZX-*** dövlət qeydiyyat nişanlı avtomaşın ikinci zolağa çıxaraq, qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan “UAZ” markalı avtomaşını ötərək, ötmə hərəkətini yerinə yetirir və birinci zolağa qayıdır. Mercedes Benz C230 minik markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomaşın qeyd edilən ötmə hərəkətini yerinə yetirdiyi yerdən əvvəl yolun sağ tərəfində “ötmək qadağandır” qadağanedici yol nişanı quraşdırılmışdır və ötmə hərəkəti həmin yol nişanının təsir dairəsində icra edilmişdir. **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomaşın bir qədər hərəkət etdikdən sonra YPX-nin əməkdaşı həmin avtomaşını saxlayaraq, ona yaxınlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi X3 xx.xx.2024-cü il tarixdə saat 21:12 radələrində idarə etdiyi Mercedes Benz C230 minik markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən “ötmək qadağandır” qadağanedici yol nişanının təsir dairəsində hərəkət zolağını dəyişərək qarşısında hərəkət edən avtomaşını ötmüşdür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Bütün qeyd olunanları nəzərə alaraq, habelə inzibati xəta haqqında protokolu, videogörüntünü və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və onun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Lənkəran Şəhər Rayon X5 Patrul Xidmətinin 29 aprel 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar