Məhkəmə qərarları › İş №3(049)-554/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-554/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-554/2023 14.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, Şəxs haqqında Lənkəran Şəhər Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs haqqında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin YPX-nin əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə X3 Qanunun tələbinin pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək DİN BDYPİ-nin həmin tarixli qərarı ilə 10 manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs həmin cərimə məbləğini ödəməmişdir. İş materiallarına əlavə edilmiş, elektron informasiya məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə X3 Qanunun tələbinin pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə tətbiq edilmiş 10 manat miqdarında inzibati cərimə məbləğinə cəmi 4.7 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimənin ödənilməməsi yalnız həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçdikdən sonra, cərimə məbləği və bu məbləğə hesablanmış dəbbə pulu ödənilmədikdə şəxsin barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilə bilər. Məhkəmə hesab edir ki, protokol qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçmədən verilmişdir. Belə ki, qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, ondan şikayət verilməmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş, 3 aylıq müddət xx.xx.2023-cü il tarixdə başa çatmış, lakin həmin müddəti gözləmən, ondan 05 gün əvvəl Lənkəran ŞRPŞ-i xx.xx.2022-ci il tarixdə protokol tərtib edərək onu məhkəməyə göndərmişdir. Göründüyü kimi xx.xx.2022-ci il tarixli qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçmədən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilməklə Şəxs qeyd olunan qərar qanuni qüvvəyə mindiyi gündən sonra 3 ay müddət bitdiyi vaxtda inzibati cərimə məbləği və bu məbləğə hesablanmış dəbbə pulunu ödəmək imkanları məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına əsasən inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş inzibati xəta haqqında material Lənkəran ŞRPŞ-nə geri qaytarılsın. Qərardan apelyasiya şikayəti verilmir. Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar