Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-563/2025 31.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunmuş şəxs X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 328.3-cü maddəsi ilə DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş EQ 29386985 saylı, 20 iyul 2025-ci il tarixli inzibati xəta haqqında elektron qərarından Mürüvvət Hüseynli tərəfindən verilmiş şikayətə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İş materiallarından görünür ki, X1 barəsində DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən EQ 29386985 saylı, 20 iyul 2025-ci il tarixli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Mürüvvət Hüseynli məhkəməyə müraciət edərək həmin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 77BM243 dövlət qeydiyyat nişanlı, "Toyota Prius" markalı nəqliyyat vasitəsi ilə 20 iyul 2025-ci il tarixində Lənkəran şəhəri Şəhidlər Xiyabanı ərazisində avtomobil yolunda hərəkət etdiyi zaman Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinin tələblərini pozduğuna görə, yəni sürət həddini 41-60 km/saat həddində aşdığına görə barəsində xx.xx.2025-ci il tarixli, EQ 29386985 saylı protokol tərtib edilmişdir. Həmin tarixdə protokol üzrə qərar qəbul edilərək elektron kabinetinə yerləşdirilmişdir. Lakin prtokolda inzibati xətanın törədildiyi yer Ələt-Astara-İran yolu göstərilmişdir. Elektron kabinetə yerləşdirilən foto və videoçəkilişlərdən də görünür ki, həmin yol Ələt-Astara-iran yolu deyildir. Odur ki, protokol tərtib edilməsi zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinin tələbləri pozulduğuna görə həmin protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar qanunsuzdur. Həmçinin inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt göstərilməli olduğu halda göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə həmin Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; Həmin məcəllənin 100.1.8-ci maddəsinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar. Yuxarıda qeyd etdiklərinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126- cı maddəsini rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, EQ29386985 saylı elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Mürüvvət Hüseynli ərizənin məzmununa uyğun çıxış eədərək bildirdi ki, barəsində tərtib olunmuş inzibati protokolda inzibati xətanın törədildiyi yerin Ələt-Astara-İran yolu olması qeyd edilsə də, fotoda göstərilən yerin həmin məkan olmadığı aydın görünür. Əlavə olaraq qeyd etdi ki, məsələ ilə əlaqədar polisin qaynar xəttiinə zəng etmiş, oradan ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizənin təmin edilməsini xahiş etdi. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, şikayətçi və inzibati xəta haqqında qərara görə cavabdeh olan Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə şikayətçinin və onların Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 29386985 saylı qərardan görünür ki, DİN BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəis müavini Elvin Abduləlizadə tərəfindən barəsində tərtib edilmiş EQ 29386985 saylı inzibati tənbehvermə haqqında elektron protokol əsasında X2 İXM-nin 328.3-cü maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı məhkəməyə gələrək hadisəni əks etdirən videogörüntüləri və ya digər mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, fərziyələr və şübhələr əsasında şəxsin təqsirli hesab edilməsi yolverilməzdir. Belə ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə onu da qeyd edir ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxs təqsirli hesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi lazımdır. Lakin, X1 qəsdən və ya ehtiyatsızlıqdan hüquqazidd əməl etdiyi sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 İXM-nin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun şikayət əsaslı hesab edilərək təmin edilməli, onun əməlində həmin maddə üzrə inzibati xəta tərkibi olmadığından Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş EQ 29386985 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilməsinə dair Bakı şəhər BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəis müavini Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş EQ 29386985 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(049)-563/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-563/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver