Məhkəmə qərarları › İş №3(049)-57/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-57/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-57/2023 08.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X4, şikayətçi: X16, qərarından şikayət verilən orqanın nümayəndəsi: Nümayəndə iştirakı ilə, X11 Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 22 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X16 Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 22 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, şikayətçi Lənkəran rayonunun Boladi kəndində ailə üzvlərimlə birlikdə yaşamaqla Boladi Kənd 1 saylı Tam Orta Məktəbində 01 avqust 1992-ci il tarixdən Təsərrüfat Müdiri vəzifəsində işləyir. Vəzifə funksiyalarına uyğun olaraq işləyir. Məktəbdə bufet fəaliyyət göstərir və həmin bufeti isə Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə müqavilə əsasında Boladi kənd sakini X8 işlədir. 14 dekabr 2022-ci il tarixdə işlədiyi orta məktəbdə iş yerində olan zaman Qida X2 Regional Bölməsinin əməkdaşları onu məkdəbdə olan xidməti otaqların birinə çağıraraq söhbət etmək istədiklərini bildirmiş, o, da onlarla birlikdə oturub söhbət etməyə başlamışdır. Həmin vaxt adını xatırlamadığı əməkdaş bildirmişdir ki, guya məktəbin bufetində yoxlama aparmış, aparılan yoxlama zamanı guya müddəti bitmiş ərzaq məhsulunun satışı faktı aşkarlandığı üçün onun barəsində inzibati protokol yazmaq istədiyini bildirmişdir. Lakin o, buna etiraz edərək bufetin müqavilə üzrə X8 tərəfindən istifadə olunduğunu və həmin bufetdə satılan mallarla əlaqəsi olmadığını, eləcə də həmin xanımın Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə rəsmi qaydada müqavilə bağlamaqla fəaliyyət göstərdiyini bildirəndən sonra həmin əməkdaş “sora baxarıq görək neyniyirik” deyib getmiş, həmin zaman ondan hər hansı vaxtı keçmiş ərzaqın bufetdə olub- olmaması, ümumiyyətlə vaxtı keçmiş ərzağın kimə satılması və həmin şəxs tərəfindən vaxtı keçmiş ərzaqın istifadə müddətinin bitməsi ilə əlaqədar olaraq hər hansı məlumatverici (istifadə müddətinin başa çatması barədə tarixi) etiket və ya digər sənədin olub-olmamasını əgər aşkarlanmışsa onu təqdim etməyi xahiş etsə də, məktəbə gələn inzibati orqanın əməkdaşları bunu təqdim etməkdən imtina etmiş və qarşısına bir sənəd qoyaraq “imzalayın qalanı sizə aid deyil” bildirmiş, o, həmin sənədi onun dediyi sözlər kimi “xahiş edirik bizə köməklik edəsiniz” yazmış və imzalamışdır. Bundan sonra həmin əməkdaşlar məktəbdən çıxıb getmiş və bir daha onunla və ya məktəblə əlaqə saxlamamışlar. xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə ona sənədlər göndərilmiş və sənədlərlə tanış olandan sonra məlum oldu ki, Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən X10 tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar verilmiş, qərarla tanış olandan sonra məlum oldu ki, qərar qəbul edərkən həmin bufeti icarəyə götürən X3 barəsində tərtib edilməli olduğu halda həmin məktəbin təsərrüfat müdiri kimi şikayətçiyə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2ci maddəsi ilə 1500 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olmaqla barəsində inzibati icraat aparılan şəxsin hüquq və vəzifələri pozulmaqla qəbul edildiyindən ləğv edilməli və iş üzə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X16 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətini müdafiə edib şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin aparıcı məsləhətçisi Nümayəndə izahatında bildirdi ki, X16 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunidir. Belə ki, yoxlama zamanı şikayətçi də həmin yoxlama iştirak etmiş və tərtib edilmiş sənədlərə imza etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən qərarda göstərilən xətanı törətməyə görə məsuliyyət rəhbər vəzifəli şəxsin üzərinə düşür və yoxlama aparılan gün Lənkəran rayonu, Boladi kənd 1 saylı Tam Orta məktəbinin direktoru vəzifədə olmamış və bu səbəbdən də inzibati xəta haqqında qərar qəbul edilərkən rəhbər vəzifəli şəxs məktəbin təsərrüfat müdiri X16 olmuş və səbəbdən də sonuncu inzibati məsuliyyətə cəlb edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 22 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən qüvvədə saxlanılması və şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 22 dekabr 2022-ci il tarixli MN ******* saylı qərardan görünür ki, X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə 1500 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran Rayon N.Axundov adına 1 saylı X21 Məktəbinin 01 avqust 1992-ci il tarixli, 349 nömrəli əmrindən görünür ki, X16 məktəbin təsərrüfat müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Lənkəran Şəhər Təhsil Sektorunun 28 dekabr 2022-ci il tarixli, 201 nömrəli arayışından görünür ki, X17 xx.xx.1992-ci il tarixdən Lənkəran rayonuu Boladi kənd 1 nömrəli tam orta məktəbin təsərrüfat müdiri vəzifəsində çalışır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 15 sentyabr 2022-ci il tarixli, 35 nömrəli “Birgə Fəaliyyət haqqında” müqavilədən görünür ki, Boladi 1 saylı tam orta məktəbin direktor əvəzi İbadova X1 (icarədar) Lənkəran rayon Boladi kənd 1 nömrəli tam orta məktəbin bufetinin 264 kv.m tutan ərazisinin iaşə xidməti sahəsi kimi icarədarın istifadəsinə vermişdir. Məhkəmə tərəflərin izahatını, şikayəti və mövcud sahədə olan qanunvericilik normalarını nəzərdən keçirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 3 avqust 2012-ci il tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” qərarın 1.3.33-cü bəndində göstərilir ki, Məktəbəqədər təhsil müəssisəsinin binasında ərzaq məhsulu və ya yarımfabrikatlarla işləyən qida bloku nəzərdə tutulmalıdır. Həmin Qərarın 2.4.1-ci bəndində göstərilir ki, Ümumi təhsil müəssisələrində iaşə xidməti müəssisə rəhbərliyi və iaşə xidmətini göstərmək hüququ olan fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilir. “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 2010-cu il tarixli, 25 nömrəli qərarının 2.1-ci bəndinə əsasən Təhsil müəssisəsinin tipindən, növündən və tədris müddətindən asılı olaraq, iaşə obyektləri bufet və (və ya) yeməkxana formasında təşkil edilir. Həmin Qərarın 2.2-ci bəndinə əsasən Təhsil müəssisəsində iaşə xidməti təhsil müəssisəsi ilə hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında qanunvericiyə müvafiq olaraq təşkil olunur. “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2009-cu il tarixli, 10 nömrəli qərarının 1- bəndindin 10-cu hissəsinə əsasən Təhsil müəssisələrinin öz nizamnamələri çərçivəsində profil və fəaliyyət istiqamətlərinə uyğun olaraq, əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən təhsil müəssisələrinin idman zalları və meydançalarından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlarda təyinatı üzrə digər tədbirlərin həyata keçirilməsi üçün istifadə edilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti növləri müəyyən edilmişdir. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarının 5.4-cu maddəsinə əsasən Ümumtəhsil məktəbinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunan direktor rəhbərlik edir. Həmin qərarın 5.4.9-cu bəndinə görə direktor bu Nümunəvi Nizamnamədə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərlə münasibətdə məktəbi təmsil edir, onun adından müqavilələr bağlayır. Qeyd olunan qanunvericilik nornmalarından da görünür ki, ümumtəhsil müəssisəsi kimi məktəblər iaşə xidmətinin təşkili ilə bağlı fiziki və hüquqi şəxslərlə müqavilə bağlaya bilər. Hazırkı işin hallarından da müəyyən olunur ki, Lənkəran Rayon Boladi kənd 1 saylı tam orta məktəbin direktor əvəzi İbadova Gülnarə ilə X8 arasında Lənkəran rayon Boladi kənd 1 nömrəli tam orta məktəbin bufetinin 264 kv.m tutan ərazisinin iaşə xidməti sahəsi kimi icarədarın istifadəsinə verilməsi haqqında müqavilə bağlanmışdır. 15 sentyabr 2022-ci il tarixli, 35 nömrəli Birgə Fəaliyyət haqqında müqavilənin 3.2.8ci bəndində göstərilmişdir ki, vaxtı keçmiş mal və məhsulların istifadədən götürülməsini təmin etmək icarədarın vəzifəsidir. Hazırkı işdən də müəyyən olunur ki, Lənkəran Rayon Boladi Kənd 1 nömrəli tam orta məktəbin təsərrüfat müdiri X16 barəsində inzibati qərar qəbul edilmişdir ondan ötrü ki, müəssisənin qida blokunda istifadə müddəti ötmüş, istifadəyə yararsız fabrikat qida məhsullarının satışı həyata keçirildiyi aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 447.0.2-ci maddəsinə görə saxlama müddəti ötmüş məhsulların satılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk öncə qeyd edir ki, İXM-nin 447-ci maddəsi Məcəllənin 35-ci fəslində, yəni “Ticarət qaydaları əleyhinə inzibati xətalar” adlanan hissədə qanunverici tərəfindən müəyyən edilmişdir ki, bu da özlüyündə həmin növ inzibati xətanın subyektini xüsusi növ, yəni vəzifəli şəxs olmamasını ehtiva edir. Digər tərəfdən ümumtəhsil məktəbi ilə fiziki şəxs arasında müqavilə mövcud olduğu və həmin müqaviləyə görə vaxtı keçmiş məhsullara görə həmin fiziki şəxsin məsuliyyət daşıması göstərildiyi halda, məktəbin təsərrüfat müdirinin inzibati məsuliyyətə cəlb edilməsinin əsasları məhkəmə üçün müəyyən deyildir və inzibati qərar qəbul etmiş orqan tərəfindən buna dair ağlabatan sübut təqdim edilməmişdir. Barəsində şikayət verilən orqanın nümayəndəsi həmin halı təsərrüfat müdirinin həmin an üçün məktəbin vəzifəli şəxsi olması kimi əsaslandırsa da, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Məktəbin vəzifəli şəxsi həmin an üçün məktəb direktoru olmuş və bu iş materiallarında olan sənədlərlə də tam təsdiq edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qırarın dəyişdirilməsi və ya ləğv olunması üçün əsaslardan biridir. İXM-nin 53-cü maddəsində göstərilmişdir ki, inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqdaiş üzrə icraata xitam verilir. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, qərar ləğv edilməklə iş üzrə icraata xitam verilməldir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X11 Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 22 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilsin. Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 22 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar