Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-583/2025 05.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili Vəkil və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Siyavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXMnin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-2629/2024 saylı xx.xx.2024-cü il tarixli və digər icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 05 avqust 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə bildirmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-2629/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədini icra etməkdən yayınır. Belə ki, qətnamə üzrə Şəxs aliment borcu kimi Zərərçəkmiş şəxs 2429 manat borcu vardır. Lakin Şəxs qeyd edilən borcunu ödəmir. Şəxs inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində maddənin sanksiyasında göstərilən inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, borcu barədə məlumatı vardır. 3-cü qrup əlilliyi vardır və aylıq olaraq 150 manat müavinət alır. Həmçinin əlavə olaraq işləyib 120 manat qazanc əldə edir. Aylıq olaraq ailəsinə imkanı daxilində pul göndərir. Aliment borcunun 2429 manat olmasını qəbul edir. İmkan edib həmin borcları ödəməyə çalışacaqdır. Barəsində inzibati cərimə tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığını və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yevlax Rayon Məhkəməsinin 2(039)-2629/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, 15 oktyabr 2024-cü il tarixdən başlayaraq 06 sentyabr 2016-cı ildə doğulmuş X2 və 17 iyul 2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 170 manat cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, cavabdeh Şəxs 50 manat mediasiya xərci və 200 manat vəkil üçün ödənilmiş xidmət haqqı alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, cavabdeh Şəxs 60.8 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərarlardan görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2629/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan görünür ki, Şəxs 3-cü qrup əlilliyi vardır və 150 manat müavinət alır. Zərərçəkmiş şəxs tərəfindən verilən ərizədən görünür ki, Lənkəran rayon icra və probasiya şöbəsinə və digər dövlət qrumlarına müraciət edərək borclu Şəxs aliment ödənişlərini ödəmədiyini, iki azyaşlı övladının maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiyini, aliment ödənişlərinin edilməsində köməklik edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun ifadəsi, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində qısa müddətli inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «05» avqust 2025-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-583/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-583/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver