Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-587/2025 06.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs X6 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Lənkəran rayonu, Şağlaküçə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran rayonu, Şağlaküçə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 06 avqust 2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Həsənova X3 Rayon Məhkəməsinin 2(049)-2189/2024 nömrəli, xx.xx.2024-cü il və həmin məhkəmənin 8(049)- 154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı 5959 manat borcunu ödəməyərək icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 2(049)-2189/2024 saylı icra sənədinə görə borclu Şəxs xx.xx.2024-ci il tarixdən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 135 manat olmaqla, cəmi 3 uşağa görə cəmi 405 manat sabit pul məbləğində aliment tutulub X5 ödənilməlidir. Daha sonra həmin aliment məbləği Lənkəran Rayon Məhkəməsinin 8(049)-154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Şəxs X4 xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.39 misli həddində indeksasiya edilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən tam icra etməmişdir. Borclu Şəxs Lənkəran Rayon Məhkəməsinin 3(049)-438/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Hazırda ödənilməmiş aliment borcu 5959 manat təşkil edir. Borclu Şəxs icra məmurunun bütün çağırışları üzrə icra qurumuna gəlmişdir. Protokolu müdafiə etdiyini bildirib məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2189/2024-005 saylı xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsasən ondan xx.xx.2024-ci il tarixdən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 135 manat olmaqla, cəmi 3 uşağa görə cəmi 405 manat sabit pul məbləğində alimentin tutulub X5 verilməsi qərara alınmışdır. Daha sonra aliment məbləği Lənkəran Rayon Məhkəməsinin 8(049)-154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ondan X4 xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.39 misli həddində indeksasiya edilmişdir. İcra məmuru tərəfindən yaşadığı ünvana baxış keçirilmiş, lakin tələbin yönəldilməsi üçün hər hansı əmlakı aşkar edilməmişdir. İcra məmurunun bütün çağırışlarına gəlmişdir. Aliment borcunu ödəməkdən boyun qaçırmır. Öz məsuliyyətini dərk edir. Uzun müddət iş axtarmış, 1 həftə öncə hər gün iyirmi manat əmək haqqı müqabilində işlə təmin edilmişdir. Aylıq qazancı təxminən 600 manat civarında olacaqdır. Yığılmış 5959 manat aliment borcunu ödəyəcəyinə söz verir. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla aralarında aliment borcunun 3 ay ərzində ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ondan şikayətçi deyil. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, borclu Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 135 manat olmaqla, cəmi 3 uşağa görə cəmi 405 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməlidir. Aliment məbləği Lənkəran Rayon Məhkəməsinin 8(049)-154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Şəxs onun xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.39 misli həddində indeksasiya edilmişdir. Hazırda icra sənədi üzrə borclunun aliment borcu 5959 manat təşkil edir. Borclu Şəxs ilə yığılmış aliment borcunun 3 ay ərzində ödənilməsi ilə əlaqədar aralarında razılığa gəlmişlər. Ərizəsinin nəzərə alınaraq Şəxs barəsində tənbeh tədbiri tətbiq edilməməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 2(049)- 2189/2024 saylı qətnaməsi üzrə icra vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 135 manat olmaqla, cəmi 3 uşağa görə cəmi 405 manat sabit pul məbləğində aliment tutulub X5 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 2(049)-2189/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(049)- 2189/2024 saylı qətnaməsi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 3(049)-438/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən təkrarən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Həsənova X3 Rayon Məhkəməsinin 2(049)-2189/2024 nömrəli, xx.xx.2024-cü il və 8(049)-154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə borclu olduğu puldan maddi imkanının olmaması səbəbindən ödəniş edə bilməmiş, lakin buna baxmayaraq borclu hazırda işlə təmin edilmiş və ödəniş edəcəkdir. Bu hal zərər çəkmiş şəxsin məhkəməyə ərizədə də qeyd edilmişdir. Belə ki, zərər kəmiş şəxs Zərərçəkmiş şəxs ərizəsində Şəxs ilə yığılmış aliment borcunun 3 ay ərzində ödənilməsi ilə əlaqədar aralarında razılığa gəldiklərini ərizəsinin nəzərə alınaraq Şəxs barəsində tənbeh tədbiri tətbiq edilməməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin müəyyən olunan bu halı artıq inzibati xətanın obyektiv cəhəti ilə uzlaşmır. Şəxs hərəkətlərinin təhlili ilə müəyyən olunur ki, borclunun üzərinə qoyulmuş vəzifələrin mahiyyətini dərk etməsi, icra sənədi ödəniş etməyə cəhd göstərməsi və bununla bağlı zərər çəkmiş şəxslə barışıq əldə etməsi və zərər çəkmiş şəxsin hazırki mərhələdə ondan şikayətçi olmaması onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olmadığını təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-587/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-587/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver