Məhkəmə qərarları › İş №3(049)-594/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-594/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-594/2025 11.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 09 avqust 2025-ci il tarixdə yaşadığı Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 96 saylı evin qarşısında, ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələri işlətməklə polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə, Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddəsi ilə 10 avqust 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, 08 avqust 2025-ci il tarixindən 09 avqust 2025-ci il tarixinə keçən gecə etibarnamə əsasında idarə etdiyi “Audi A6” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 96 ünvanına gələrək avtomobili saxlayıb maşından düşərək yaşadığı evə gedən zaman onu qardaşı oğlu Mənsurun uca səslə çağırmasını görmüşdür. Mənsur həmin vaxt onun köynəyinin yaxasından tutaraq öldürməsi ilə hədələdiyindən o, Mənsura içkili olduğunu, gecə saatlarında səs-küy salmamasını və sakit olmasını bildirmiş, qardaşı oğlu Mənsur da onu buraxaraq nalayiq ifadələrlə təhqir edib həyətdən çıxmışdır. O da bundan sonra yaşadığı evə gedib DİN-nin “102” zəng mərkəzi xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və yaşadığı evə polis göndərilməsini xahiş etmişdir. Həmin vaxt DİN-nin “102” zəng mərkəzi xidmətinin operatoru müraciətinin qeydiyyata alındığını bildirdiyindən, o da yaşadığı evdə polislərin gəlməsini gözləmişdir. Bir qədər sonra təkrar olaraq qardaşı oğlu Mənsurun təkrar olaraq onu nalayiq ifadələrlə təhqir etdiyini və onun maşınına zərər yetirdiyini gördüyündən o, qorxduğu üçün təkrar olaraq DİN-nin “102” zəng mərkəzi xidmətinə zəng edərək polislərin göndərilməsini xahiş etmişdir. Həmin vaxt DİN-nin “102” zəng mərkəzi xidmətinin digər operatoru zəngə cavab versə də, o, elə zənn etmişdir ki, onunla danışan eyni operatordur. DİN-nin “102” zəng mərkəzi xidmətinin operatoru ona özü haqqında məlumat verməsini bildirdikdə o, bir az əvvəl məlumat verdiyini, məlumatının qeydiyyata alındığını bildirmiş və o, polis əməkdaşlarının göndərilməsini xahiş etmişdir. O, bundan sonra yaşadığı evin həyətinə çıxan zaman qardaşı oğlu Mənsurun təkrarən əlində bıçaqla onun üstünə gəldiyini gördükdə, o da, Mənsuru qorxutmaq məqsədi ilə həyətində olan yabanı götürüb Mənsurun əlinə 1 dəfə vurmuş və Mənsur zərbədən arxa tərəfə getmişdir. Həmin vaxt səsküyə qonşular gəlsələr də, onları kimsə ayırmamışdır. Sonradan Mənsurun anası və anasının rəfiqələri onun yaşadıığı həyətə gələrək Mənsuru oradan uzaqlaşdırmışlar. O da bundan sonra yaşadığı evə gedib təkrar olaraq DİN-nin “102” zəng mərkəzi xidmətinə zəng etmişdir. O, həmin vaxt DİN-nin “102” zəng mərkəzi xidmətinin operatoruna üçüncü dəfədir ki, zəng etdiyini, yarım saatdır polisin gəlməsini gözlədiyini, lakin polis əməkdaşlarının gəlmədiyini bildirdikdə, DİN-nin “102” zəng mərkəzi xidmətinin operatoru ona məlumat veriləcəyi bildirildiyindən o da əsəbiləşərək “nazirinizin də başı batsın, nazirliyin əməkdaşlarının da. Mən öləndən sonra polis əməkdaşı gələcəksə mənə lazım deyil” ifadəsini işlətmişdir. O, həmin vaxtı nə nazirin, nə də dövlət başçısının haqqında təhqiredici ifadə işlətməmişdir. O sadəcə polis əməkdaşlarının gəlmədiyinə əsəbiləşərək, “nazirinizin də başı batsın, nazirliyin əməkdaşlarının da. Mən öləndən sonra polis əməkdaşı gələcəksə mənə lazım deyil” ifadəsini işlətmişdir. O, əsəbi olduğu üçün Liman polis bölməsinin polis əməkdaşını təhqir etsə də, hər hansı bir polis əməkdaşının qanuni tələbinə tabesizlik göstərməmiş, Liman polis bölməsinə özü könüllü getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Liman polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Liman polis bölməsində əməliyyat-istintaq qurupunda olan zaman DİN-nin “102” zəng mərkəzi xidmətindən Liman şəhər sakini Şəxs avtomobilinə zərər dəyməsi ilə bağlı məlumat daxil olmuş, daxil olan məlumat əsasında o, Şəxs məxsus olan mobil telefon nömərisinə zəng edərək ünvanı dəqiqləşdirmək istədikdə, Şəxs onun, Liman polis bölməsinin polis əməkdaşlarının və nazirliyin ünvanına nalayiq ifadələr işlətmişdir. O da həmin vaxt Şəxs sakit olmasını bidirmiş və təhqiqatçı ilə birlikdə Şəxs yaşadığı ünvana getmişdir. Şəxs yaşadığı evdə onun ərizəsi alınmışdır. xx.xx.2025-ci il tarixdə Lənkəran şəhər-rayon polis şöbəsindən Liman polis bölməsinə Şəxs nazirliyi və polis əməkdaşlarının təhqir etməsi barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında o, Liman şəhər sahə rəisi və sürücü ilə birlikdə Şəxs Liman şəhərində yaxınlaşaraq nazirliyi və polis əməkdaşlarını təhqir etdiyi üçün Liman polis bölməsinə dəvət etmiş, Şəxs da ona “yaxşı eləmişəm nazirliyi və polis əməkdaşlarını təhqir etmişəm. Mən ona görə təhqir etdim ki, siz hadisə yerinə vaxtında gələsiniz.” deyə bildirmişdir. Sonra o, Şəxs Liman polis bölməsinə dəvət edən zaman Şəxs onun qanuni tələblərinə tabe olmayaraq bölməyə getməyəcəyini bildirmişdir. Sonradan Şəxs onlarla birlikdə liman polis bölməsinə getməyə razı olmuş, Liman polis bölməsində Şəxs təkrar olaraq polislərin, bölmə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Məhkəmə iclasında şahid X2 şahid Nicat Həsənova eyni məzmunlu izahat verdi. İş materiallarına əlavə olunmuş Lənkəran ŞRPŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, DİN-nin Vahid Məlumat-Axtarış Sistemində (VMAS) Şəxs xx.xx.2025-ci il tarixədək heç bir əlillik statusu olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 10 avqust 2025-ci il tarixdən saat 00:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Lənkəran şəhər İHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İXM-nin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməl - polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmadığından, yəni onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibinin mövcudluğunu təsdiq edən hər hansı sübut inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmədiyi və məhkəmə iclasında tədqiq edilmiş sübutlar isə həmin xətanın mövcudluğunu təkzib etdiyi üçün sözügedən maddə üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, Şəxs tərəfindən xırda xuliqanlıq əməlinin törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Beləliklə məhkəmə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 09 avqust 2025-ci il tarixdə yaşadığı Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 96 saylı evin qarşısında ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələri işlətməklə xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İXM-nin 510-cu maddəsinin sanksiyasına görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsi və əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran müəyyən edilməmişdir. İXM-nin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli inzibati qaydada tutulduğu andan, yəni 10 avqust 2025-ci il tarixdən saat 00:15-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar