Məhkəmə qərarları › İş №3(049)-596/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-596/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-596/2024 28.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi barəsində Lənkəran şəhər-rayon Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi barəsində Lənkəran şəhər-rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, həmin xəstəxanada ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsində işləyir. 2022-ci və 2023-cü illər ərzində, demək olar ki, hər ay Lənkəran ŞRPŞ-dən xəstəxanaya VAZ 2121 markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Bakı-Qazax yolunun 29,5 kilometrliyində Qazax istiqamətində hərəkətdə olması və həmin avtonəqliyyat vasitəsinin texniki baxışdan keçməməsi barədə bildirişlər daxil olmuşdur. Daxil olmuş həmin bildirişlərə hər dəfə onlar tərəfindən cavab verilmişdir. Belə ki, cavab məktublarında qeyd olunan avtonəqliyyat vasitəsinin Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən istismar olunmadığı və qeydiyyatdan çıxarılmış olması barədə məlumatlar verilərək aidiyyəti üzrə müraciət olunması izah edilmişdir. Hətta, qeyd olunan nəqliyyat vasitəsinin Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin balansında olmadığı barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə BDYP İdarəsinin və Lənkəran ŞRPŞ-nin rəhbərliyinə məktublar ünvanlanmışdır. BDYP İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirişlərin texniki səhv nəticəsində onlara ünvanlandığı və uyğunsuzluğun aradan qaldırıldığı bildirilmişdir. Buna baxmayaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi barəsində yenə də xx.xx.2024-cü il tarixdə Lənkəran şəhər-rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinə əsasən Lənkəran Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat bildirilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəblərini bildirməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə VAZ 2121 markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarının pozulması ilə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsə bildiriş göndərilərək həmin nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs barəsində məlumat verilməsi xahiş edilmişdir. Eyni zamanda, Lənkəran Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş bildirişlərin və müraciətlərin məzmunundan görünür ki, VAZ 2121 markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Lənkəran ŞRPŞ tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsə əvvəllər də oxşar məzmunlu bildirişlər göndərilmiş, Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən qeyd olunan nəqliyyat vasitəsinin xəstəxananın balansında olmadığı barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə AR DİN BDYP İdarəsinin və Lənkəran ŞRPŞ-nin rəhbərliyinə məktublar ünvanlanmışdır. AR DİN BDYP İdarəsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubda araşdırma zamanı bildirişlərin texniki səhv nəticəsində tərtib olunduğu və uyğunsuzluğun aradan qaldırıldığı bildirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin barəsində tərtib olunmuş hazırkı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə həmin hüquqi şəxsin özünün mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi qeyd edilsə də, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı və iş materialları ilə müəyyən edildi ki, VAZ 2121 markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Lənkəran ŞRPŞ tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsə göndərilən bildirişlər yanlış olaraq tərtib olunmuşdur. Bununla yanaşı, Lənkəran Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsi tərəfindən həmin bildirişlərə (sorğulara) də cavab verilmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından həmin hüquqi şəxsin barəsində qeyd olunan maddədə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar