Məhkəmə qərarları › İş №3(049)-601/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-601/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-601/2025 13.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X4, Protokol tərtib edən orqanın nümayəndəsi Lənkəran Şəhər Rayon X10 X11 inspektoru X3, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Lənkəran Şəhər Rayon X10 X11 inspektoru X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Lənkəran Şəhər Rayon X10 X11 inspektoru X9 barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, İİ Qarabağ Müharibəsinin iştirakçısıdır və bir neçə medallarla təltif edilmişdir. İİİ qrup əlildir. Müharibə zamanı əsir düşmüş, əsirlərin dəyişdirilməsi nəticəsində ölkəyə geri qayıtmışdır. Dövlət tərəfindən ona mənzil və avtomobil verilmişdir. İdarə etdiyi Xəzər LX markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2025-ci il tarixdə saat təqribən 18:30 radələrində Lənkəran şəhəri Sahil küçəsində sərxoş vəziyyətdə idarə edərkən Zərərçəkmiş şəxs idarə etdiyi Opel markalı 77- Ka-042 dövlət qeydiyyat nişanlı avtomaşınla toquşmuş avtomaşına 6475 manat ziyan vurmuşdur. Onun maşınında olan sərnişinlər X5 və X6 yüngül zərər vurmaya aid xəsarət almışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmış, habelə zərərçəkmiş şəxs Bayraməli Bayramaova vurulmuş maddi ziyan sığorta tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Opel markalı ** KA *** qeydiyyat nişanlı avtomobildən istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində idarə etdiyim avtomobil ilə Lənkəran şəhəri Sahil küçəsi ilə Dalğa restoranı tərəfə 30/40 km saat sürətlə hərkətdə olmuşdur. Avtomobildə tək olmuşdur. O dalğa restoranına çatmağa az qalmış irəlidən onunla əks hərəkət istiqamətində olan Xəzər markalı bir avtomobilin yüksək sürətlə gəldiyini görmüşdür. Həmin avtomobil ona çatamağa təxminən 40-50 metr qalmış birdən idarə etməni itirib ona tərəf gəldiyini görmüşdür. O avtomobili getdiyi istiqamətdə yolun sağ kənarına çəkmişdir ki, həmin avtomobil buna baxmayaraq idarə etdiyi avtomobil ilə toquşub getdiyi yolun sağ kənarında olan olan divara çırplıb dayanmışdır. Hadisə vaxtı o xəsarət almamışdır. Qəzanın baş verməsinə səbəb həmin avtomobilin yüksək sürətlə gəldiyindən idarə etməni itiridiyi üçün onunla toqquşmuşdur. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X2 barəsində inzibati iş üzrə icraat aparılan şəxs şəxsin barəsində olan yüngülləşdirici halları və şəxsiyyəti xarakterizə edən halları nəzərə alaraq ona aşağı həddə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində Xəzər LX markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək yol nəqliyyat hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 19 iyul 2025-ci il tarixli, 001122 saylı tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı sürücü Zərərçəkmiş şəxs Zeydulla oğlu avtomaşını ayıq vəziyyətdə idarə etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 19 iyul 2025-ci il tarixli, 001124 saylı tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı sürücü Şəxs avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış dəymiş ziyanla bağlı mütəxəsis rəyindən görünür ki.Zərərçəkmiş şəxs məxsus Opel Astra markalı ** KA *** qeydiyyat nişanlı avtomobilə 6475 ( altı min dörd yüz yetmiş beş) manat ziyan dəymişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran ŞRPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X1 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Baş vermiş yol-nəqliyyat hadisəsində Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər X5 və X6 barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış və ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış e-sosial portalından çıxarışdan görünür ki, Şəxs İİİ qrup əlildir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi Xəzər LX markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2025-ci il tarixdə saat təqribən 18:30 radələrində Lənkəran şəhəri Sahil küçəsində sərxoş vəziyyətdə idarə edərkən Zərərçəkmiş şəxs idarə etdiyi Opel markalı 77-Ka-042 dövlət qeydiyyat nişanlı avtomaşınla toquşmuş avtomaşına 6475 manat ziyan vurmuşdur. Onun maşınında olan sərnişinlər X5 və X6 yüngül zərər vurmaya aid xəsarət almışdır. Belə ki, İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 333.3-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və vurulmuş ziyanı ödəməsini, habelə İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını, İİİ qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 333.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəflərə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəra Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar