Məhkəmə qərarları › İş №3(049)-605/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-605/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-605/2025 18.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Lənkəran rayonu Xarxatan kəndində qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Hüquqi şəxs Şəxs MMC MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirilməklə 2024-cü ilin noyabr ayında **********8125 və **********8141 nömrəli gömrük bəyannamələri əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 676.86 ABŞ dolları (1150.66 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməməsi faktı üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Xaçmaz Gömrük İdarəsi məhkəməyə ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxmağı xahiş etmiş, eyni zamanda, inzibati xəta haqqında protokolda qeyd olunan vəsaitlə bağlı hazırki dövrə qədər ödənişin olmadığını bildirərək bu barədə çıxarışı məhkəməyə göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməmişdir. xx.xx.2024-cü il tarixli **********8125 və **********8141 nömrəli gömrük bəyannamələrinə əsasən Şəxs MMC tərəfindən Rusiya Federasiyasına ixrac edilmiş cəmi 22320 ABŞ dolları məbləğində mal (kivi məhsulu) 2024-cü ilin dekabr ayının 11-də və 13-də rus rublu ilə ödənilmişdir. Qeyd edilən vəsait Şəxs MMC-nin "xxxx" ASC-də olan hesabına daxil olduqdan sonra bank özünün müəyyən etdiyi kursa əsasən həmin məbləği Azərbaycan manatına konvertasiya etmişdir. Bu səbəbdən valyutaların məzənnələri arasındakı fərqə görə ixrac edilmiş məhsulun dəyəri ilə ödənilmiş pul vəsaiti arasında formal fərq yaranmışdır. Halbuki, malı qəbl edən "xxxx" MMC ödəməli olduğu məbləği 22320 ABŞ dollarını rusiya rublu ilə tam olaraq ödəmişdir. Qeyd edilənlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan davam etdirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş çıxarışdan və konsiqnasiya əməliyyatları üzrə hesabatdan görünür ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyasına ixrac edilmiş cəmi 22320 ABŞ dolları məbləğində mallara görə cəmi 21643.14 ABŞ dolları (11159.83 + 10483.31 = 21643.14) vəsait ödənilmiş, ixrac edilmiş malların dəyərinin 676.86 ABŞ dollarından ibarət hissəsi müvəkkil bankda olan hesaba köçürülməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 01400338 nömrəli bildirişdən və xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xarici valyuta vəsaitinin müvəkkil edilmiş bankın hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı Şəxs MMC-nə həmin tarixdə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində araşdırılan inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə həmin hüquqi şəxsə məlumat verilmiş və nümayəndəsinin iştirak etməsi barədə bildiriş göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, hüquqi şəxs Şəxs MMC MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirilməklə 2024-cü ilin noyabr ayında **********8125 və **********8141 nömrəli gömrük bəyannamələri əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 676.86 ABŞ dolları (1150.66 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməmişdir. Xarici valyuta vəsaitinin müvəkkil edilmiş bankın hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı Şəxs MMC-nin qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixdə bildiriş göndərilsə də, qeyd olunan vəsait hazırda da (xx.xx.2025-ci il tarixə olan məlumat) bankın hesabına köçürülməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilən xüsusatlarla bağlı qeyd edir ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyasına ixrac edilmiş mallar cəmi 22320 ABŞ dolları məbləğində, yəni valyuta növü olaraq ABŞ dolları ilə qiymətləndirildiyindən və gömrük bəyannamələrində də həmin valyuta növü qeyd edildiyindən hüquqi şəxsin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməli olan vəsait də ABŞ dolları ilə ödənilməli idi. Belə olan halda, ödənişlərin edildiyi tarixlərdə ABŞ dolları ilə rusiya rublunun məzənnələri arasında olan valyuta kursu fərqi də müvəkkil bankda olan hesaba köçürülməli olan vəsaitin miqdarına təsir etməyəcək və hər hansı miqdarda fərq yaranmayacaqdı. ABŞ dolları ilə ödənilməli olan vəsaitin digər valyuta ilə ödənilməsi qeyd olunan inzibati xəta hadisəsinin yaranması ilə nəticələnmişdir. Bundan başqa, malı Rusiya Federasiyasına idxal edən "xxxx" MMC-nin idxal olunan malın dəyərini tam olaraq ödədiyi, malı ixrac edən Şəxs MMC-nin bank hesabına mədaxil olunan məbləğin daha az olmaqla, arada yaranan fərqin valyutaların məzənnələri arasındakı fərqdən yarandığı ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə əlaqədar məhkəmə qeyd edir ki, ixracatçı şirkət olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş protokol idxalatçı şirkətin malın dəyərini tam olaraq ödəyib-ödəməməsi ilə əlaqədar deyil, ixracatçı şirkətin ixrac edilən malın gömrük bəyannaməsində qeyd edilən dəyərini idxalatçı şirkətin müvəkkil bankda olan hesabına tam olaraq köçürülməməsi ilə əlaqədar tərtib edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə etirazda göstərilən xüsusatları hüquqi şəxsi inzibati məsuliyyətdən azad etmək üçün əsas hesab etmir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə hüquqi şəxs Şəxs MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmiş inzibati xətanın xarakterini və işin yuxarıda qeyd edilən faktiki hallarını, habelə, müvəkkil bankda olan hesaba köçürülməli olan vəsaitin miqdarını nəzərə alaraq hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə əsasən inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 676.86 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi miqdarında - 203.06 ABŞ dolları miqdarında inzibati cərimə edilsin. İnzibati cərimə qərarın icra olunduğu günə ABŞ dollarının AR Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnəsi ilə hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar