Məhkəmə qərarları › İş №3(049)-612/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-612/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-612/2025 28.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1 və inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin vəzifəli şəxsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edərək, icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müalicəsi ilə əlaqədar Bakı şəhərində olduğu zaman, xx.xx.2025-ci il tarixində 15:00 radələrində idarə etdiyi BMW 320d, dövlət qeydiyyat nişanı **-RR-*** olan nəqliyyat vasitəsini X7 əməkdaşı, ünvan 1 ünvanında saxlamış, saxlanma səbəbini YPX-nin əməkdaşından soruşduqda “manevr qaydalarını pozaraq yol üzərində çəkilmiş sola dönməni qadağan edən nişanlanma xəttinin tələbini pozmusan” kimi fikirlər söyləmişdir. O, YPX əməkdaşına nəzakətli şəkildə “hadisə yerindəki nişanlanma xətti yarımçıq və pozulmuş vəziyyətdə olub, aydın görünmədiyini və manevri qadağan edən heç bir yol nişanı və ya maneə mövcud olmadığı üçün sola dönmə əməliyyatını həyata keçirdiyini” dediyi zaman yol polis əməkdaşı təkildə “yalan danışırsan, məsuliyyətdən yayınırsan” kimi ifadələr işlədərək barəsində İXM-nin 327.1–ci manevr qaydalarının pozulması maddəsi ilə İXP tərtib edəcəyini bildirmişdir. O, YPX əməkdaşından İXP-ni qərarsız tərtib etməsini istəyən zaman yol polisi əməkdaşı ona qarşı “mənimlə qanunla danışırsan?” kimi etik olmayan ifadələr işlədərək, qərəzli şəkildə maşınının altına, təkərlərinə, bağac hissəsinə baxış keçirmiş, maşının ön hissəsinə keçib, duman fənərlərinin olmamasını irad bildirərək “sən getdin cərimə meydançasına, çox qanunla danışdın get ağlın gələr başına” kimi cümlələr quraraq sanki onu təqsirkar kimi göstərmişdir. O, Dövlət qulluqçusu olduğunu, duman (sis) fənərlərinin (lampalarının) maşınının bağacında olduğunu və yerində aradan qaldıracağını bildirsə də, yol polisi əməkdaşı ona “bu istidə mən səni gözləyənəm? sür dalımca” deyərək onu yaxınlıqda yerləşən 21-saylı cərimə meydançasına aparmışdır. Hadisə yerində İXP-ni, İXP-ni müşayət edən akt, ha belə maşınının duracağa təmin edilən zaman təhvil-təslim aktı tərtib edilməmişdir. YPX əməkdaşı BMW 320d, dövlət qeydiyyat nişanı **-RR-*** olan nəqliyyat vasitəsini duracağa təmin etdikdən 1 dəqiqə sonra ona heç bir köməklik göstərmək niyyətində belə olmadan tanımadığı bir ərazidə tərk edərək getmişdir. O, 1 saat sonra nəqliyyat vasitəsinin duman ışıqlarını yenidən təmin edərək və 21-saylı cərimə meydançasının nümayəndəsinin rəyini alaraq rəsmi qaydada Bakı şəhəri Baş Dövlət Yol Polis idarəsinə yaxınlaşsa da, nəqliyyat vasitəsinin ona yalnız 2 gün sonra veriləcəyi bildirilmişdir. Barəsində 1 gün sonra yəni xx.xx.2025-ci il tarixində 11:50-də duman əleyhinə fənərlərin olmaması səbəbi ilə texniki nasazlıq kimi qiymətləndirilərək inzibati protokol tərtib edilərək 342.2.2-ci və İXM 327.1–ci maddələri tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən X4 şikayət ərizəsinə uyğun məzmunda izahat verərək şikayət ərizəsini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, avtomobili texniki baxışdan keçirilən zaman da o sis farları olmamış, lakin bununla bağlı heç bir irad bildirilməmiş və avtomobili problemsiz şəkildə texniki baxışdan keçmiş, həmçinin asfaltdakı yol nişanları silindiyindən gecə vaxtı görünməsi mümkün olmamışdır. Yekun olaraq məhkəmədən barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə, habelə iş üzrə sübutları təqdim edilməsi üçün məhkəmə bildirişi poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə çatdırılmasına baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, qərarından şikayət verilən orqanı məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək şikayətə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 10RR229 dövlət qeydiyyat nişanlı, ağ rəngdə BMW 320 minik, 1995 kub mühərrik həcimli Lənkəran RQİ və TBŞ-də avtomobil texniki baxışdan keçmişdir və mülkiyyətçi X3r. xx.xx.2023-cü il tarixli vəsiqədən X2 veteran olduğu müəyyən olunur. İ-64864 nömrəli vəsiqədən müəyyən olunur ki, X4 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Bakı şəhəri, Puşkin küçəsində BMW 320 minik, 10RR229 dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törətdiyinə görə onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP7297663 nömrəli protokola əsasən 150 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli 21 saylı cərimə meydançasında tərtib olunmuş aktla BMW 320 minik, 10RR229 dövlət qeydiyyat nişanlı avtomobilin duracağa təmin olunduğu müəyyən olunur. Avtonəqliyyat vasitəsinin saxlanma qəbulu barədə akt açar ilə BMW 320 minik, 10RR229 dövlət qeydiyyat nişanlı avtomobilin duman lampaları yerinə bağlandığı və duracağdan çıxarıldığı müəyyən olunur. Şikayətçi tərəfindən təqdim olunmuş 1 ədəd DVD diskdəki foto-şəkillərlə BMW 320 minik avtomobilinin dumanlı faralarının olmaması və daha sonra yerinə taxılması müəyyən olunur. Şikayətçi tərəfindən təqdim olunmuş 1 ədəd DVD diskdəki video görüntülərdə Bakı şəhəri, Puşkin küçəsindəki asfalt üzərinə çəkilmiş yol hərəkəti nişanlarının qismən silindiyi müşahidə olunur. Beləliklə, şikayət ərizəsini, ona əlavə olunmuş sənədləri və qərardan şikayət verən şəxs X2 izahatını məhkəmə qiymətləndirib, belə nəticəyə gəlir ki, şikayət ərizəsi qismən təmin olunmalı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törətdiyinə görə onun barəsində tərtib edilmiş İXP7297663 nömrəli, xx.xx.2025-ci il tarixli protokola əsasən qəbul olunmuş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə geri göndərilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan barəsində inzibati tənbeh tətbiq etmək haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 53.2-ci maddəsinə əsasən: “Nəqliyyat vasitəsinin istismarına yalnız onun konstruksiyasına aid olan və təhlükəsiz hərəkəti təmin edən texniki göstəriciləri nasaz olmadığı halda yol verilir.” AR İXM-nin 85.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması yalnız yol hərəkəti təhlükəsizliyinə birbaşa təhlükə yaradan hallarda həyata keçirilə bilər. Şikayət ərizəsinə əlavə olunmuş aktdan müəyyən olunur ki, avtomobil həqiqətən də 21 saylı cəriməmeydançasına təmin olunmuşdur, lakin AR İXM-nin 85.2-ci maddəsində göstərilən əsaslar - nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması yalnız yol hərəkəti təhlükəsizliyinə birbaşa təhlükə yaradan hallarda həyata keçirilməsilə bağlı hallar mövcud deyildir. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsini tənzimləyən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 73-cü maddəsinin 6-1 və 7-ci bəndində göstərilmişdir ki, duman faralarından məhdudiyyətli görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və uzaq işıqları ilə birlikdə; Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanununun 73-cü maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda müvafiq nəqliyyat vasitələrində faranın yaxın işıqlarının əvəzinə istifadə oluna bilər. Duman faralarından 1) məhdud görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; 2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində — faraların yaxın və uzaq işıqları ilə birlikdə istifadə oluna bilər. Qatı duman şəraitində, güclü qar və yağış yağanda, yaxud buna uyğun digər şəraitdə, həmçinin faranın yaxın işıqları və ya duman faraları və dumana qarşı fənərlər yandırala bilər. Yuxardakı qanunvericiliyin müddəası ilə müəyyən olunur ki, duman faraları müəyyən hallarda istifadə oluna bilər, lakin həmin müddəalar imperativ norma deyildir. Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati cərimə növündə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə inzibati cərimə növündə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Göründüyü kimi duman işıqlarının ləğv olunması İXM-in 342.2.2-ci maddəsinin dispozisiya şərtlərinə cavab vermir və bu əməlin xüsusi norma kimi 342.5-ci maddəsi ilə əhatə olunması mümkündür. Belə ki, xx.xx.2025-ci il tarixli aktın məzmunundan görünür ki, qərardan şikayət vermiş şəxs X4 cərimə meydançasında avtomobiln saxlanmasına səbəb olan halı aradan qaldırmış və avtomobil duracaqdan buraxılmışdır. AR İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi mötəbər sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İXM-nin 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 08 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin İXP7297663 nömrəli, xx.xx.2025-ci il tarixli protokol üzrə qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar