Məhkəmə qərarları › İş №3(049)-616/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-616/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-616/2025 20.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28504849 nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət və əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı “inzibati xətaya dair qərardan şikayət” ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28504849 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, cərimə və hesablanmış dəbbə pulunun silinməsi və cavabdeh orqanın müraciətinə qanunla müəyyən olunmuş müddətdə baxılmamasına hüquqi qiyməti verilməsini xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin sənədlər müraciət müəllifinə geri qaytarılmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, sözügedən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilsə də, müraciət müəllifi həm özünün, həm də qərar qəbul etmiş orqanın prosessual statusunu düzgün müəyyən etməmiş, ərizədə özünü “iddiaçı”, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsini isə “cavabdeh” kimi qeyd etmişdir. Halbuki, həmin prosessual statuslar mülki mühakimə icraatı üzrə tərəflərdir. Bundan başqa, şikayət ərizəsinin məzmunundan görünür ki, inzibati tənbeh vermə haqqında qərar X1 deyil, onun qardaşı X2 barəsində tərtib edilmişdir. Buna görə də, həmin qərardan X1 şikayət vermək üçün subyektiv hüququ yoxdur. Başqa sözlə, xx.xx.2025-ci il tarixli EQ 28504849 nömrəli inzibati tənbeh vermə haqqında qərar X3 tərəfindən deyil, X4 tərəfindən mübahisələndirilə bilər. Müraciətdən o da müəyyən edilir ki, sözügedən qərardan eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə də şikayət verilmiş, lakin müraciət müəllifi həmin şikayətə baxılmasının nəticəsi barədə ərizəyə hər hansı sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı “inzibati xətaya dair qərardan şikayət” ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-nin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı “inzibati xətaya dair qərardan şikayət” ərizəsi geri qaytarılsın. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar