Məhkəmə qərarları › İş №3(049)-617/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-617/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-617/2024 04.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu X1 Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin vəzifəli şəxsinin inzibati xəta haqqında qərarından şikayət ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin vəzifəli şəxsinin qəbul etdiyi inzibati xəta haqqında qərarların onun adından ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onu tamamlamaq mümkün olmayacağından şikayət geri qaytarılmalıdır. Belə ki, ərizəçi X3 şikayət ərizəsində barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlar ilə razılaşmadığını qeyd etmiş, lakin həmin qərarların surətini şikayət ərizəsinə əlavə etməmişdir. Eyni zamanda şikayətdə mübahisələndirilən inzibati xəta haqqında qərarların tarixi qeyd edilməmişdir. Həmçinin şikayət ərizəsində mübahisələndirilən inzibati xəta haqqında qərarların ərizəçiyə nə vaxt təqdim edildiyi qeyd edilməmiş və bu barədə şikayət ərizəsinə hər-hansı sübut əlavə edilməmişdir. Məhkəmə hazırki şikayət ərizəsini icraata götürərkən ilk əvvəl onun qanunla müəyən edilmiş müddətdə verilib-verilməməsinə münasibət bildirməlidir. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin məcəllənin 57.1 maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin məcəllənin 57.5 maddəsinə əsasən, İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən, mübahisələndirilən inzibati xəta haqında qərarların hansı tarixdə X2 təqdim edilməsini sübut etmək vəzifəsi hazırki halda ərizəçinin üzərinə düşür və bununla əlaqadar onun tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə qənaətə gəlir ki, X3 tərəfindən verilmiş Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin vəzifəli şəxsinin inzibati xəta haqqında qərarlarından şikayət ərizəsi geri qaytarılmalı və X2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarların ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılsın. X4 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar