Məhkəmə qərarları › İş №3(049)-624/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-624/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-624/2025 22.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30007085 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X2 ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin MİS-nin xx.xx.2025-ci il tarixli, EQ 30007085 saylı protokolu əsasında qəbul edilmiş həmin tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 16 avqust 2025-ci il tarixdə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində, saat 16:16 radələrində etibarnamə ilə idarə etdiyi **-VN-*** dövlət qeydiyyat nişanlı, “X5” minik markalı avtomobillə hərəkətdə olarkən, yolun sol tərəfində Baş X4 İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci lağımının əməkdaşı **-YP-*** xidməti avtomobilində tam hərəkətsiz duraraq dayandığını görmüşdür. Təqribən 2 saat keçdikdən sonra onun mobil nömrəsinə SMS gələrək, Lənkəran, Ələt-Astara-İran yolunun 199-cu km ərazisində güya yolda müəyyən edilmiş sürət həddini 21-40 km/saat aşaraq, İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələblərini pozması qeyd edilmişdir. Guya **-VN-*** dövlət qeydiyyat nişanlı, “X5” minik markalı avtomobil ilə sürət həddi 50 km/saat tələb olunan ərazidə 76 km/saat sürətlə sürət həddini pozduğu üçün, barəsində “EQ30007085” nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. O, Lənkəran, Ələt-Astara-İran yolunda olmadığından hesab edir ki, Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən imzalanmalı olan, lakin imzalanılmayan qərar tam əsassızdır və ləğv olunmalıdır. xx.xx.2025-ci il tarixli "EQ30007085" nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın baş verdiyi ərazinin düzgün qeyd olunmaması, elektron qərarda düzgün yazılmaması inzibati xətanın natamam sübuta yetirilməsi hesab olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə, habelə iş üzrə sübutları təqdim edilməsi üçün məhkəmə bildirişi poçt vasitəsi ilə xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə çatdırılmasına baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, qərarından şikayət verilən orqanı məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək şikayətə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30007085 nömrəli protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 50 manat məbləğində inzibati cərimə edilmişdir. İXM-nin 328.2-ci maddəsinin tələbinə görə yolda müəyyən edilmiş hərəkət sürətini 10- 20 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-nin 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır. İXM-nin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. İXM-nin 93.3-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir. İXM-nin 122.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 83-cü maddəsinin İİ hissəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi qanunvericilik konkret olaraq yol hərəkəti təhlükəsizliyi əleyhinə törədilmiş inzibati xətaların aşkar edilməsini videomüşahidə aparılmaqla müəyyən edilməsini, habelə vizual müşahidə nəticəsində aşkar edildikdə belə həmin halların xüsusi texniki vasitələr vasitəsi ilə inteqrasiyasını təsbit etmişdir. Məhkəmə iclasında araşdırılan şikayətdən müəyyən olunur ki, şikayət verən şəxs inzibati xətanən baş verməsi yerinin düzgün göstərilmədiyini, ona təqdim edilmiş foto və videolardakı ərazinin başqa ərazi olduğunu bildirmişdir. Məhkəmə tərəfindən şikayət verilən orqanın nümayəndəsinə iş üzrə sübutları- konkret halda videogörünütünü təqdim etməsi təklif edilmiş, lakin sübutların məhkəməyə təqdim edilməməsi ilə yanaşı qərar qəbul edən orqanın nümayəndəsi də məhkəmədə iştirak etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə, yəni inzibati xətanın törədildiyi yer mübahisələndirildiyindən inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30007085 saylı protokolu əsasında qəbul edilmiş həmin tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, Qərara aldı: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30007085 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar