Məhkəmə qərarları › İş №3(049)-632/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-632/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-632/2024 07.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 tərtib etdiyi 07 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 06 iyun 2024-cü il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin qarşısında ictimai yerdə uca səslə ucadan ünvansız nalayiq ifadələr işlətməklə, orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə pozmuşdur. Bu əməlləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, Şəxs münaqişəli ailə kimi qeydə alınmışdır, Anar Dadaşzadə adlı şəxs ondan evini yandırması ilə əlaqadar şikayət etmişdir və təhqiqat bölməsində hazırda həmin xüsusatla əlaqədar araşdırma gedir. Hadisə də Anar Dadaşzadə polis şöbəsinə izahatı alınması üçün çağırıldığı vaxtda olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, protokolda qeyd edilən inzibati xəta əməlini törətməkdə özünü təqsirli bilmir. Belə ki, o, 06 iyun 2024-cü il tarixdə saat 12:00 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin qarşısında piyada hərəkətdə olarkən Anar Dadaşzadə adlı şəxs onu söyərək polis şöbəsinin həyətinə doğru qaçmışdır. Polis əməkdaşı onu saxlayarkən özünü onlara təqdim etmişdir. O, ictimai qaydanı pozmamış və polis əməkdaşlarına müqavimət göstərməmişdir. Etibar adlı polis əməkdaşı onu şöbəyə dəvət edərək onunla polis şöbəsinə getmişdir. Məhkəmədən hazırki inzibati iş üzrə xitam verilməsini xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X4 izahatında bildirdi ki, 06 iyun 2024-cü il tarixdə saat 16:35 radələrində xidmətdə olarkən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin qarşısında uca səslə nalayiq ifadələr istifadə etdiyini eşitmiş və iş yoldaı X5 ilə həmin şəxsə yaxınlaşmış, özlərini ona təqdim etmişlər. Həmin şəxsdən nəyə görə nalayiq ifadələr işlətiyini soruşduqda həmin şəxs söyüş söyməyə davam etmişdir. Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq onlara müqavimət göstərmişdir. Qeyd etdiyi hadisə polis əməkdaşı Mahir Məmmədlinin üzərində olan xidməti video kamera ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşı X5 da izahatında polis əməkdaşı X3 izahatında qeyd etdiyi xüsusatları təsdiqlədi. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etdiyi əməldən səmimi peşmançılığı iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 06 iyun 2024-cü il saat 18:20-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar