Məhkəmə qərarları › İş №3(049)-639/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-639/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-639/2025 01.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan Lənkəran ŞRPŞ-nin nümayəndəsi - polis sahə rəisi, polid baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-ci il tarixdə Cəlilabad rayonu, Göytəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozmuş və polisin qanuni tələbinə tabe olmadığından onun barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi X6 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı izahatına və ona verilmiş suallara əsasən inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan Lənkəran ŞRPŞ-nin nümayəndəsi - polis sahə rəisi X6 göstərmişdir ki, Şəxs 27 avqust 2025-ci il tarixdə saat 20:23 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsində Lənkəran ŞRPŞ-nin önündə nalayiq söyüşlərdən istifadə etməklə ictimai qaydanı pozmuş daha sonra polis əməkdaşlarının qanuni tələbi yerinə yetirməsinə maneçilik törətməklə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Yekun olaraq məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X18lə birlikdə xanımlarla görüşüb, çay içmək üçün Masallı rayonundan Lənkəran şəhərinə gəlmişlər. Xanımları gözləyəndə maşından düşüb siqaret çəkdiyi zaman Lənkəran ŞRPŞ-nin yanındakı Z.Əliyeva keçəsindəki ara məhlədə olmuşlar. Onların olduğu maşının qabağında öncədən onların götürdüyü xanım oturmuş, həmin vaxtı Chevrolet Cruze markalı avtomobil onların yanında durub, mülki geyimdə olan şəxslər maşının içinə baxmışlar, səbəbini soruşduqda maşındakı Vəfa adlı xanım ona onları tanıdığını, həmin şəxslərin polis işçisi olduğunu və ona görə baxdıqlarını bildirmişlər. Daha sonra maşındakı götürdükləri xanıma problem olmasın deyə məhlədən tez çıxmağa çalışdıqları üçün məhlədəki həmin Chevrolet Cruze markalı avtomobildəkilərə yol vermələrini xahiş etmişlər və ondan sonra onlar manevrlə məhlədən çıxmışlar. Məhlədən çıxdıqdan sonra Chevrolet Cruze markalı avtomobil arxalarınca gələrək avtomobilin uzaq məsafəli işıqların yandırıb onlara avtomobili saxlamaları üçün işarət etmiş, nəticədə onlar maşını Lənkəran ŞRPŞ-nin 2-ci qapısının yanında, UFA marketlə üzbəüz saxlamış, daha sonra həmin şəxslərlə danışıb, xanımların narahat olduqlarını bildirmişlər. X10ra atasının polis olduğunu bildirmiş, həmin mülki geyimdə olan iki nəfər mülki geyimdə olan polis əməkdaşının nömrəsini almışlar. Həmin vaxt xanımlardan biri onları maşından düşməyə qoymamış, bundan sonra dostu yalnışlıqla məsələnin qurma olduğunu və onların satıldığını düşünərək “bizi satanın ...” kimi söyüşlər söymüşdür. Daha sonra dostunu polis şöbəsinə aparmışlar və biraz sonra isə ona zəng edərək şöbəyə gəlməsini bildirmişlər. Görüşdükləri xanımları isə internetdən tanıyırlar. Polislər mübahisə vaxtı onlara söyüş söyməmələrini bildirmişlər. Polislərin onların arxalarınca düşmə səbəbi güya manevrlə əlaqədar olsa da həmin vaxt hər hansı qayda pozuntusuna yol verməmişlər. Etdikləri səhv yalnız şöbənin qarşısında uca səslə ünvansız nalayiq ifadə işlətmələri olmuşdur. Polis əməkdaşlarına qarşı hər hansı fiziki zorakılıq etməmiş, onlara söyüş söyməmiş və verilmiş göstərişi yerinə yetimişlər. İlk öncə X18i şöbəyə dəvət etmişlər və o da könüllü olaraq şöbəyə getmişdir. Onu isə ümumiyyətlə şöbəyə həmin zaman dəvət etməmişlər. Avtomobili idarə edərək xanımları düşürüb geri qayıdıb şöbənin yanında dayandığı zaman polis əməkdaşı ona zəng edib şöbəyə dəvət etmiş, o da göstərişi icra edib Lənkəran şəhər rayon polis şöbəsinə getmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yekun olaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid Lənkəran ŞRPŞ-nin PPXB-nin əməkdaşı X7 bildirmişdir ki, onlar xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Lənkəran ŞRPŞ-nin yanında dayanacaqda avtomobildə olan nasazlığı aradan qaldırmaq üçün dayandıqları zaman Range Rover markalı avtomobilindən onlara aqressiv şəkildə maşını qırağa çəkmələri bildirmiş, onlar da yol vermişlər, sonra qeyd edilən avtomobil sərt manevrlə çıxıb şöbəylə üzbəüz UFO marketin önünə getmişdir. Daha sonra onlar tağım komandirlərinə məlumat vermişlər, komandir oraya yaxınlaşmış, sonra da özləri ora yaxınlaşmışlar. Onlar yaxınlaşdıqdan sonra həmin şəxslər “bizi satıblar ...” “atam polisdir ...” “sizi başa salacaqlar ...” kimi ifadələr işlətmişlər. Maşında olan Vəfa adlı qadını ümumi olaraq tanıyır. Onunla hər hansı münasibət və əlaqəsi yoxdur. Oğurluq hallarının artmasına görə həmin gün Şiləvar-Digah ərazisində mülki geyimdə xidmət aparmalı imiş və bu məqsədlə də avtomobili idarə edib həmin istiqamətdə getmişdir. Hadisədən öncə onlar Şəxs içərisində olduğu Range Rover markalı avtomobili saxlamamışlar, komandirlərinə məlumat vermiş və daha sonra özləri yaxınlaşmışlar. Özlərinin yaxınlaşmasında səbəb sərt manevrə görə yol qaydasının pozulmasına dair tədbir görülməsindən ötrü olmuşdur. Şəxs və dostu artıq əskik, kobud, nalayiq ifadələr işlətmişlər və ona qarşı zorakı hərəkət etmiş, polisin qanuni göstərişini yerinə yetirməmişdir. S.Cəfərov ona ünvanlanmış suallara cavab olaraq Range Rover avtomobilə şöbənin qarşısında avtomobili saxlamaq barədə işarə vermədiklərini, həmin avtomobilin sürücüsünün özü tərəfindən avtomobilin Ufa marketlə üzbəüz Lənkəran ŞRPŞ-in 2-ci qapısının qarşısında avtomobili saxladığını bildirmiş. Lakin onunla digər şahid Kənan Rufullazadənin izahatı arasında yaranmış ziddiyyəti, post patrul xidmətinin əməkdaşı kimi mülki geyimdə və mülki avtomobillə vətəndaşının avtomobilini saxlaması, həmin avtomobilə yaxınlaşıb ona irad tutması, buna səlahiyyətinin olub-olmaması ilə bağlı suallara məntiqli cavablar verə bilməmişdir. Məhkəmə iclası zamanı şahid Lənkəran ŞRPŞ-nin PPXB-nin əməkdaşı X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Lənkəran ŞRPŞ-nin yanında dayanacaqda avtomobildə olan nasazlığı aradan qaldırmaq üçün dayandıqları zaman Range Rover avtomobilindən onlara aqressiv şəkildə maşını qırağa çəkmələri bildirmiş, onlar da yol vermişlər, sonra qeyd edilən avtomobil sərt manevrlə çıxıb sağa dönərək şöbəyə doğru getdikdə onlar da istifadə etdikləri Chevrolet Cruze markalı avtomobillə qeyd edilən avtomobilin arxasınca getmişlər. Bu zaman uzaq məsafəli işıqları yandırıbsöndürməklə Range Rover markalı avtomobilin saxlanması üçün işarə vermişlər. Həmin avtomobil şöbəylə üzbəüz UFO marketin önündə dayanmışdır. Bundan sonra həmin avtomobilə yaxınlaşmışlar. Həmin zaman özləri mülki geyimdə olmuşlar. Bundan sonra Şəxs və dostu söyüş söyməyə başlamış, digər polis əməkdaşı Ramil Rəcəbli post tərəfdən qaçaraq tez onlara doğru yaxınlaşmış, Şəxs və dostu Ramilə əl-qol atmış, başını maşına sıxdığı üçün onlar tərəfindən dərhal tədbir görülərək Lənkəran ŞRPŞ-yə aparmışlar. Şəxs söyüş söymüşdür. Oğurluq hadisələrinin çoxalması ilə əlaqədar saat 20-dən 24-dək mülki geyimdə ərazidə xidmət aparmaq tapşırığı olmuşdur. Xidməti ərazi isə Lənkəran şəhəri ərazisi olmuşdur. Şiləvar kəndi istiqamətində getmə səbəbləri şöbənin qabağında Şəxs və Hüseyn Ağayevin hay-küy salmaları olmuşdur. Hüseyn Ramil adlı polis əməkdaşının çiyninə vurmuşlar. Kənan Rufullzadə onunla digər şahid Samir Nəsirovla izahatları arasında yaranmış ziddiyyəti aydınlaşdıra bilməmiş, verilmiş suallara tam və məntiqli cavab verə bilməmişdir. Məhkəmə iclası zamanı şahid vt. X12 bildirmişdir ki, o, şöbənin yaxınlığında keçərkən dostunun UFO marketdən çıxdığını görmüş, dostuna yaxınlaşıb, marketin yanında siqaret çəkməyə başladıqları zaman ilk öncə polislərin və digər şəxslərin öz aralarında danışdıqların görmüşlər, sonradan isə mübahisə yarandığını, dava düşdüyünü görmüşlər. Nağı Manafov həm Lənkəran ŞRPŞ-in binasının sol hissəsində yerləşən dayanacaqda Şəxs və Hüseyn Ağayevin mülki geyimdə olan polis əməkdaşlarından yol vermələrini tələb etmələri, sürətli manevra ilə yola çıxamaları, həm də Ufa marketin qarşısında adları çəkilən şəxslərlə polis əməkdaşları arasında mübahisəyə eyni vaxta şahid olmasının zaman və məkan baxımından necə mümkün olması ilə bağlı suallara cavab verə bilməmişdir. Məhkəmə iclası zamanı şahid vt. X4 da Nağı Manafovla eyni xarakteli izahat vermiş, lakin o da suallara tam və məntiqli cavab verə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları: X7 tərəfidən yazılmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:23 radələrində polis nəfəri, polis serjantı X2 ilə birlikdə Lənkəran şəhəri, T.İsmayılov küççəsində xidmətdə olduqları zaman “Range Rover” markalı avtomobilinin təhlükəli manevr edərək yanlarından yüksək sürətlə keçdiyini görmüşlər. Həmin avtomobilin sürücüsü Lənkəran ŞRPŞ-nin qarşısında saxlayaraq ünvana nalayiq ifadələrlə təhqir edərək, uca səslə qışqırmağa başlamışdır. Təhqirlərlə yanaşı “atam polis əməkdaşıdır”, “işinizlə məşğul olun”, “istəyirsiniz naryad verin” kimi ifadələr işlətmişlər. Avtomobil sürücüsünün yaratdığı səs küylə bağlı 1 saylı postda xidmət aparan polis nəfəri, polis kiçik serjantı X1 yaxınlaşaraq sakitçiliyə riayət etməsini bildirəndə sürücü və yanında olan şəxs ünvanına nalayiq söyüş söyümüş, ictimai qaydanı pozmuşlar. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs 27 avqust 2025-ci il tarixdə saat 20:23-də Lənkəran şəhəri Z.Əliyeva küçəsi 16-cı binanın qarşısında mübahisə edərək nalayiq söyüşlərdən istifadə etməklə ətrafda yaşayan şəxslərin diqqətini cəlb edərək ictimai qaydanı pozmuş daha sonra polis əməkdaşlarının qanuni tələbi yerinə yetirməsinə maneçilik törətməklə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs hərəkətləri alınmış izahatlar və digər yoxlama materialları əsasında təqsirləndirilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İnzibati qaydada tutma haqqında 27 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Sucayət oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, “27" avqust 2025-ci il tarixində saat 20:23-də inzibati qaydada tutulmuşdur. QANUNVERİCİLİYİN MÜDDƏALARİ VƏ ƏSASLANDİRMA: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. Göründüyü kimi “Polis haqqında” Qanunda inzibati xəta törətməkdə şübhə edilən şəxslərlə bağlı müəyyən hərəkətlərə dair səlahiyyət versə də, inzibati xəta haqqında iş üzrə tərəflərin Lənkəran ŞRPŞ-də və məhkəmə iclasında vermiş olduğu izahatlardan, şahid ifadələrindən belə başa düşülür ki, xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində mülki geyimdə olan polis əməkdaşı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və onun dostu arasında hər hansı mübahisə olmamış, yalnız ərazidən avtomobillə sürətli manevrlə uzaqlaşdıqlarına görə onlar saxlanılmış, bu zaman hər hansı yol hərəkəti qaydasının pozulması ən azı iş materialları ilə təsdiq edilmir. Belə olan halda barəsində protokol tərtib edilmiş şəxsin inzibati məsuliyyətə cəlb etməyə, yaxud da saxlamağa dair əsaslı hallar mövcud deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, “Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsində yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələrindən birinin aşkar edilmiş yol hərəkəti qaydalarının pozuntusu faktı üzrə inzibati xəta haqqında protokol tərtib etmək olduğu göstərilmişdir. Yol-patrul xidməti haqqında təlimatının 1.1-ci maddəsində Yol-patrul xidməti X17rumlarının tərkib hissəsi olaraq, yol hərəkəti iştirakçılarının həyatının, sağlamlığının, əmlakının, onların hüquqlarının, yol hərəkəti sahəsində dövlətin və cəmiyyətin maraqlarının qorunmasını, yol hərəkəti təhlükəsizliyinin, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasını, bu sahədə inzibati xətaların aşkar olunmasını, profilaktikasını və qarşısının alınmasını, habelə qanunla polisin üzərinə düşən digər vəzifələrin icrasını həyata keçirdiyi göstərilmişdir. Göründüyü kimi yol hərəkəti qaydalarının pozulmasına görə qanunvericiliyə uyğun hərəkətləri həyata keçirmək Yol-patrul xidmətinin səlahiyyətlərinə aiddir. Lakin post patrul xidmətinin yuxarıda adları çəkilən əməkdaşları səlahiyyətləri olmadan, bilavasitə yol hərəkəti ilə bağlı hansısa qaydalarının pozulmasını özləri də bilmədən xidməti geyimdən və xidməti avtomobillərdən istifadə etmədən barəsində protokol tərtib edilmiş şəxsi saxlayaraq ona irad bildirmişlər. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi şəxsin əməlində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama kimi hal olmamış, ümumiyyətlə, PPXB-nin əməkdaşlarının bildirdiyi üzrə Şəxs tərəfindən tabe olmama kimi hal olmamış yaxud da Lənkəran ŞRPŞ PPXB-nin polis serjantı X5 yaxud digər əməkdaşların əmrlərinə tabe olmamaqla sonuncuya Şəxs tərəfindən xəsarət yetirilməsi sübuta yetirilməmiş, hətta şahidlərin izahatları bir-birini əks etdirməmişdir. Ona görə də, şübhələr Şəxs xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 535.1-ci maddəsilə başlanılmış icraata xitam verilməlidir. Şahidlərin və Şəxs Şücayət oğlunun Lənkəran Şəhər-Rayon Polis Şöbəsində və məhkəmə iclasında vermiş olduğu izahatında da göründüyü kimi o və dostu X13 Şəhər- Rayon Polis Şöbəsinin önündə səs-küy salıb, nalayiq ifadələr işlədərək əməkdaşlarla mübahisə etmişlər, beləliklə ictimai məkan olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin önündə ictimai qaydanı pozaraq AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq - inzibati xəta əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Şücaət oğlu barəsində inzibati xəta haqqında iş üzrə AR İXM-nin 510-cu maddəsilə başlanılmış icraat əsaslı olduğundan Şəxs Şücaət oğlu həmin maddədə göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyasında göstərilən sanksiya həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı müəyyən olunduqda məsuliyyəti yüngülləşdirən hal kimi dəyərləndirilməlidir. Məhkəmə Şəxs Şücayət oğlunun ilk dəfə AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini, səmimi etirafını və peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirib hesab edir ki, onun barəsində AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati tənbeh tədbiri olaraq cərimə tənbeh tədbiri qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibinin mövcud olmasını təsdiq edən sübutlar təqdim edilmədiyindən Şəxs barəsində 535.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Şəxs Şücayət oğlu barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.2-ci maddəsinə əsasən (təqsiri sübuta yetirilmədikdə) xitam verilsin. Şəxs AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İnzibati cərimə tənbeh tədbirinin icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar