Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-645/2024 21.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Lənkəran rayonu, Separadi kənd sakini Nəsirov X1 Rayon Məhkəməsinin qarşısında ictimai yerdə ucadan nalayiq küçə söyüşləri söyməklə həmin ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə sonuncunun barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 16 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Lənkəran ŞRPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbər verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, onun barəsində Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılmasından ötrü o, polis əməkdaşlarının müşayiəti ilə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə gətirilmiş, hakim tərəfindən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi imtina edilmişdir. Lakin o, hakim tərəfindən həbsdən azad edilsə də, qolundan qandal açılmamış, məhkəmənin inzibati binasından Lənkəran ŞRPŞnin konvoy hissəsinin xidməti nəqliyyat vasitəsi ilə Lənkəran ŞRPŞ-yə aparılmışdır. O, Lənkəran ŞRPŞ-yə əşyalarını götürmək üçün polis işçiləri ilə birlikdə könüllü getmişdir. Əşyaları ona təhvil verildikdən sonra polis şöbəsindən evə buraxılacağını zənn etmişdir. Lakin, şöbənin inzibati binasına gəldikdən sonra MSY-yə təhvil verilmişdir. Ona 17 iyun 2024-cü il tarixdə şöbə rəhbərliyi tərəfindən qəbul edildikdən sonra sərbəst buraxılacağı bildirilmişdir. Lakin 17 iyun 2024-cü il tarixdə o, şöbə rəhbərliyi tərəfindən nəinki qəbul edilməmiş, əksinə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, barəsində tətbiq edilmiş tutma protokolu əsasında tutmada saxlanılaraq müvafiq protokola baxılmasından ötrü Lənkəran Rayon Məhkəməsinə gətirilmişdir. Ona istinad edilən əməllər - İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsi ümumiyyətlə baş verməmiş, o, məhkəmənin inzibati binasının qarşısındakı parkda heç kəsi söyməmiş, polis işçilərinin ünvanına nalayiq ifadələr işlətməmişdir. Çünki, xx.xx.2024cü il tarixdə məhkəmədən birbaşa polis şöbəsinə aparılmışdır. Hesab edir ki, ona qarşı qərəzli şəkildə hazırki inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, o, barəsində istintaq edilən cinayət işi üzrə ibtidai istintaqın aparılmasından narazı qaldığı, işin ibtidai istintaqını aparan Əliağa Hüseynovun ona qarşı qərəzli mövqedə olduğunu zənn etdiyi üçün dəfələrlə Daxili İşlər Nazirliyinin “102 xidməti zəng mərkəzi”nə məlumat vermişdir. Sonuncu dəfə 12 iyun 2024-cü il tarixdə istifadəsinə olan mobil telefon vasitəsilə Daxili İşlər Nazirliyinin “102 xidməti zəng mərkəzi”nə zəng edərək Lənkəran ŞRPŞ-nin rəisi, İstintaq bölməsinin rəisi və müstəntiqin barəsində işlətdiyi ifadələrə görə hazırki ittihamla üz-üzə qalmışdır. Polis şöbəsinin rəhbərliyi tərəfindən ondan “102 xidməti zəng mərkəzi”nə müraciət edilməməsi tələb edilmişdir. 14 iyun 2024-cü il tarixdə polis işçiləri onu yaşadığı ünvandan polis şöbəsinə aparmağa gələrkən etiraz əlaməti olaraq evdə olan mətbəx bıçağı ilə boyun nahiyəsinə xəsarət yetirmişdir. Barəsində tutma tətbiq edilib polis şöbəsində saxlanıldığı müddət ərzində polis işçiləri tərəfindən ona qarşı hər hansı fiziki və mənəvi təzyiq və təsir göstərilməmişdir. Əlilliyi yoxdur. Özünü təqsirli bilmədiyini nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Lənkəran Rayon Məhkəməsinin 3(049)-645/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilmiş. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2024-cü il tarixdən saat 17:30-dan hesablanmış. Şəxs xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2024-cü tarixdə saat 18:30-dan xx.xx.2024-cü il tarixdə saat 16:30-dək tutmada saxlanıldığı 22 saat müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmaqla inzibati həbs müddəti xx.xx.2024-cü il tarixdə saat 19:30-da başa çatmış hesab edilmişdir. Sözügedən qərardan barəsində inzibati xəta haqqında icraat parılan şəxs Şəxs müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3(106)-306/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 3(049)-645/2024 saylı qərarı Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməsi hissəsində inzibati xəta haqqında iş yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “Şəxs və müafiəçisinin izahatlarından görünür ki, onların dəlilləri ilə inzibati xəta haqqında protokolda qeyd olunanlar təkzib olunsa da, məhkəmə bu xüsusatı ətraflı araşdırmamışdır. Halbuki, həmin xüsusatın düzgün olub-olmadığını Lənkəran Rayon Məhkəməsinin nəzarət kamerasında qeydə alınmış görüntülərlə müəyyən etmək olardı. Lakin məhkəmə belə görüntüləri əldə etməmiş, şəxsin qətimkan tədbiri qismində həbsdən azad edilmədən birbaşa polis şöbəsinə aparıldığı halda eyni zamanda, məhkəmənin inzibati binasının qarşısında yerləşən parkda xırda xuliqanlıq əməli törətməsinin qeyrimümkünlüyünə münasibət bildirməmişdir.” Məhkəmə hazırkı inzibati xəta haqqında işə baxarkən Lənkəran Rayon Məhkəməsinin sədrinə “Lənkəran Rayon Məhkəməsinin inzibati binasında videomüşahidə kameralarının mövcud olub-olmaması barədə məlumatı, mövcud oğlduğu təqdirdə 16 iyun 2024-cü il tarixə saat 17:00-dan 19:00-dək müddət ərzində olan videogörüntülərin təqdim edilməsinə dair” müvafiq sorğu göndərişdir. Sorğuya cavab olaraq videomüşahidə kameralarının mövcud olub-olmaması bildirilmişdir. Məhkəmə eyni zamanda ünvan 2 ünvanında yerləşən Lənkəran Rayon Məhkəməsinin inzibati binasının giriş qapısının qarşısında yerləşən ərazidə (parkda) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus videomüşahidə kameralarının mövcud olub-olmaması barədə məlumatı, mövcud oğlduğu təqdirdə 16 iyun 2024-cü il tarixə saat 17:00-dan 19:00-dək müddət ərzində olan videogörüntülərin Lənkəran Rayon Məhkəməsinə təqdim edilməsinə dair” sorğu göndərmişdir. Sorğuya cavab olaraq videomüşahidə kameralarının mövcud olub-olmaması bildirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Protokolda, ona əlavə edilmiş sənədlərdə və şahid ifadələrində qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Lənkəran rayonu, Separadi kənd sakini Nəsirov X1 Rayon Məhkəməsinin qarşısında ictimai yerdə ucadan nalayiq küçə söyüşləri söyməklə həmin ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Lakin məhkəmə iş üzrə sübutları araşdırdıqda inzibati xəta haqqında protokolda qeyd edilən xüsusatlar öz təsdiqini tapmamışdır. Bununla da Şəxs təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi aşağıdakı məzmundadır: “Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.». İş materiallarından həmçinin müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin də obyektiv cəhətdən tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-645/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-645/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver