Məhkəmə qərarları › İş №3(049)-657/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-657/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-657/2024 08.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə xx.xx.1997-ci il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində doğulmuş, həmin ünvanda yaşayan, fərdi identifikasiya nömrəsi 69WAKF0 X1 Lənkəran şəhər-rayon Polis Şöbəsinin DYP Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X2 məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Lənkəran şəhər-rayon Polis Şöbəsinin DYP Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 şikayətində qeyd etmişdir ki, o, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə Lənkəran rayonunda olmuş, idarə etdiyi KİA OPTİMA MİNİK markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Yol Patrul Xidməti əməkdaşları ona avtomobili saxlamaq işarəsi vermişlər. O, avtomobili saxlayaraq Yol Patrul Xidməti əməkdaşlarının yaxınlaşmasını gözləmiş, lakin əməkdaşlar yaxınlaşmadığı üçün avtomobili hərəkət etdirmişdir. Avtomobilin güzgüsündən Yol Patrul Xidməti avtomobilinin ona yenidən saxlamaq işarəsi verdiyini görüb öz avtomobilini sağa çəkərək yenə də saxlamışdır. Sonradan adını bildiyi Kamran adlı polis əməkdaşı onun avtomobilinə yaxınlaşaraq yüksək səs tonu ilə ondan nəyə görə avtomobili saxlamaq tələbinə tabe olmadığını soruşmuşdur. O da öz növbəsində həmin əməkdaşa irad bildirərək yüksək səs tonu ilə danışmamağı, qanunu pozmamağı və yaxasındakı kameranı işə salmağı tələb etmişdir. Bundan sonra həmin əməkdaş kameranı işə salaraq qaydaqanuna riayət etməyə başlamışdır. Adı çəkilən əməkdaş onun avtomobilini yoxlayaraq guya təkərlərinin nasaz olduğunu və avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmişdir. O, həmin əməkdaşın fikrinə etiraz etsə də, tələbinə tabe olmuş və avtomobilini Lənkəran şəhər-rayon Polis Şöbəsinin duracağına yerləşdirmişdir. Bundan sonra o, AR DİN-nin 102 xidmətinə zəng edərək şikayətlər etmiş, bir neçə saat sonra avtomobili ona qaytarılmışdır. Onun avtomobili duracağa yerləşdirilərkən və ona geri qaytarılarkən saz vəziyyətdə olmuş, lakin onun barəsində əsassız olaraq AR İXM-nin 327.3-cü maddəsi ilə yanaşı, İXM-nin 342.5-ci maddəsini də tətbiq etmişlər. Guya o, AR İXM-nin həmin maddələrinin tələblərini pozmuşdur. Əslində isə onun avtomobilində heç bir nasazlıq olmamış, polis əməkdaşının əməkdaşının avtomobili saxlamaq tələbinə də tabe olmuşdur. Onun barəsində əsassız olaraq protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilən hazırki qərar da tamamilə qanunsuz və əsassızdır. O, həmin vaxt heç bir qanun pozuntusuna yol verməmiş, yol hərəkəti qaydalarına riayət etməklə hərəkət etmişdir. O, AR İXM-nin 327.3-cü və 342.5-ci maddələrində qeyd edilən qanun pozuntularının heç birinə yol verməmişdir. Qeyd olunan əsaslara görə xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tərtib edən orqan - Lənkəran şəhər-rayon Polis Şöbəsinin DYP Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxsin və Lənkəran şəhər-rayon Polis Şöbəsinin DYP Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər-rayon Polis Şöbəsinin DYP Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3cü və 342.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək cəmi 100 manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş elektron informasiya məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, X2 onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilən inzibati cərimə məbləğini məhkəmə qərar qəbul edənədək müvafiq hesaba ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edildi ki, X2 barəsində Lənkəran şəhər-rayon Polis Şöbəsinin DYP Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü və 342.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək həmin tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən 100 manat miqdarında inzibati cərimə edilmişdir. X2 qeyd olunan qərardan məhkəməyə şikayət vermiş, lakin onun barəsində tərtib edilmiş inzibati cərimə məbləğini məhkəmə qərar qəbul edənədək müvafiq hesaba ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə yüz manat məbləğində cərimə nəzərdə tutulur. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydalarını müəyyən edən 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. X2 şikayətində onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, hazırki məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və qeyd edilən hüquq normalarının tələbləri baxımından onun həmin protokolda göstərilən inzibati xətaya yol vermədiyi sübuta yetirilməmişdir. Bu faktı sübuta yetirmək inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs olaraq X1 vəzifəsi olmasa da, o, həmin qərar əsasında tətbiq edilən inzibati cərimə məbləğini məhkəmə işə baxıb yekun qərar qəbul edənədək könüllü olaraq ödəməklə, artıq qeyd olunan qərarla razı olduğu barədə fikrini ifadə etmişdir. Bu da onu deməyə əsas verir ki, həmin qərarın məhkəmə qaydasında mübahisələndirilməsinə hər hansı əsas qalmamışdır və belə bir zərurət yoxdur. X1 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və bu protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. X1 hazırki şikayətində qeyd etdiyi xüsusatlar onun barəsində tərtib edilən inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X2 barəsində hazırki inzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmiş və o, qeyd olunan inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, eyni zamanda, həmin inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Lənkəran şəhər-rayon Polis Şöbəsinin DYP Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X1 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X1 Lənkəran şəhər-rayon Polis Şöbəsinin DYP Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar