Məhkəmə qərarları › İş №3(049)-661/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-661/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-661/2025 05.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara regional şöbəsinin vəzifəli şəxsi tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş 01 sentyabr 2015-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran- Astara regional şöbəsi tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş 01 sentyabr 2015ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol İXM-nin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, işin icraatını rədd edən hallar mövcuddurmu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı, iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur Belə ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta hadisəsinin baş verməsini sübut etmə vəzifəsi inzibati xəta haqqında protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin əməlində inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Buna səbəb səlahiyyətli orqan tərəfindən tam, hərtərəfli araşdırma aparılmaması olmuşdur. Bundan başqa iş materiallarında olan 01 sentyabr 2015-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, inzibati xəta haqqında protokol tərtib olunarkən "xxxx" MMC-nin nümayəndəsi iştirak etməmişdir. İXM-nin 100.5.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir. Lakin, inzibati orqan tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamış, təqdim edilmiş materiallardan nümayəndənin izahat verməsi üçün dəvət edilməsi, eyni zamanda, izahat verilməsindən imtina edilməsi halı olduğu təqdirdə də bu halın müvafiq qaydada rəsmiləşdirilməsi müəyyən edilmir. Həmçinin hüquqi şəxs barəsində hər hansı sənəd materiala əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Tərtib olunmuş inzibati xəta haqqında protokolda protokolun surətinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə göndərildiyi qeyd edilsə də, protokolun surətinin sonuncuya göndərilməsi, onun həmin protokolun surətini almasına dair sənəd materiala əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən: 57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İnzibati xəta haqqında protokola AZƏRPOÇT MMC-yə məxsus xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin adına göndərilmiş xəbərnamə (F.119) əlavə edilmiş, lakin inzibati xəta haqqında protokol qəbul olunduğu tarix, yəni xx.xx.2025-ci il tarixdən sonrakı tarixdə "xxxx" MMC-nin adına göndərilmiş heç bir xəbərnamə əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Bundan başqa, inzibati xəta haqqında protokolda tərtib edilmə tarixi olaraq “01 sentyabr 2015-ci il” protokolun “müəyyən edildi” hissəsində isə işəgötürən “AMBU” sözləri yazılaraq üzərindən əlyazma ilə xətt çəkilmişdir. Halbuki, İXM-nin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə tərtib edilmiş 01 sentyabr 2015-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar