Məhkəmə qərarları › İş №3(049)-664/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-664/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-664/2024 15.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC-nin) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs "xxxx" MMC tərəfindən Gürcüstanda fəaliyyət göstərən şirkətlə arasında bağlanılmış müqaviləyə istinad etməklə 1 gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyət nəticəsində ümumilikdə 5846.04 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməməsinə görə "xxxx" MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X1 tərəfindən EP seriyalı ******* №li, 20 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq o, məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və ya işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, “X3” şirkətinə **********1719 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə 5846.04 ABŞ dolların dəyərində mallar ixrac edilmişdir. Həmin bəyannamə üzrə ixrac edilmiş mallar “X3” şirkətinə satılmış, sonradan isə həmin şirkət tərəfindən “BP Georgia” şirkətinə satılmış və sonuncu şirkət tərəfindən ödəmələrin gecikdirilməsi səbəbindən “X3” şirkətinə ödənişlər edilməmiş və nəticədə 5846.04 ABŞ dolları məbləğində vəsait "xxxx" MMC-nin müvəkkil bankda olan hesabına qanunla nəzərdə tutulmuş müddətdə köçürülməmişdir. 5846.04 ABŞ dolları məbləğində vəsait xx.xx.2024-cü il tarixdə X3” şirkəti tərəfindən "xxxx" MMC-nin müvəkkil bankda olan hesabına köçürülmüşdür. Bu müddətə qədər aparılmış danışıqlar və yazışmalar öz müsbət nəticəsini verməmişdir. "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq edilərsə bunun həmin maddənin sanksiyasında qeyd edilən ən aşağı həddə təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X3” şirkətinə **********1719 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə 5846.04 ABŞ dolların dəyərində mallar ixrac edilmişdir. Həmin bəyannamə üzrə ixrac edilmiş mallar “X3” şirkətinə satılmış, sonradan isə həmin şirkət tərəfindən “BP Georgia” şirkətinə satılmış və sonuncu şirkət tərəfindən ödəmələrin gecikdirilməsi səbəbindən “X3” şirkətinə ödənişlər edilməmiş və nəticədə 5846.04 ABŞ dolları məbləğində vəsait "xxxx" MMC-nin müvəkkil bankda olan hesabına qanunla nəzərdə tutulmuş müddətdə köçürülməmişdir. 5846.04 ABŞ dolları məbləğində vəsait xx.xx.2024-cü il tarixdə X3” şirkəti tərəfindən "xxxx" MMC-nin müvəkkil bankda olan hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən “X3” şirkətinə müraciət olunaraq **********1719 nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilmiş malların dəyərinin ödənilməsi tələb edilmişdir. Lakin həmin məktub malların ixrac edildiyi vaxtdan təqribən 11 ay sonra göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” "xxxx" MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 5846.04 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faiz məbləğində inzibati qaydada cərimə edilsin. Tutulacaq cərimə məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablansın. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar