Məhkəmə qərarları › İş №3(049)-686/2022

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-686/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-686/2022 26.07.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 18.00 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X3, inzibati protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi X5, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Lənkəran rayonu, Şilavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına 26 iyul 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı Məhəmməd Abdullazadənin 05 iyun 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 26 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 may 2022-ci il tarixdə Lənkəran şəhəri, Şeyx Zahid küçəsində X2 10 yaşlı övladına məxsus 280 manat məbləğində velosipedi ələ keçirməklə, oğurluq edərək xırda talama əməli törətmişdir. Məhkəmənin icraatına 26 iyul 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı Bəhruz Bayramovun 30 may 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 26 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 may 2022-ci il tarixdə Lənkəran şəhəri, H.Aslanov küçəsində X6 məxsus 350 manat məbləğində velosipedi ələ keçirməklə, oğurluq edərək xırda talama əməli törətmişdir. Məhkəmənin icraatına 26 iyul 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı Emil Baxışovun 31 may 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 26 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 may 2022-ci il tarixdə Lənkəran rayonu, Velədi kəndində Zərərçəkmiş şəxs2 məxsus 70 manat məbləğində velosipedi ələ keçirməklə, oğurluq edərək xırda talama əməli törətmişdir. Məhkəmənin icraatına 26 iyul 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı Emil Baxışovun 31 may 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 26 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 may 2022-ci il tarixdə Lənkəran rayonu, Velədi kəndində Zərərçəkmiş şəxs1 məxsus 150 manat məbləğində velosipedi ələ keçirməklə, oğurluq edərək xırda talama əməli törətmişdir. Məhkəmənin icraatına 26 iyul 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı Emil Baxışovun 31 may 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 26 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 may 2022-ci il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində Zərərçəkmiş şəxs3 məxsus 380 manat məbləğində velosipedi ələ keçirməklə, oğurluq edərək xırda talama əməli törətmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən müvafiq inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi X5 izahatında bildirdi ki, Şəxs bir müddət azadlığa çıxmışdır, onun Lənkəran rayon ərazisində oğurluqlar etdiyi müəyyən edilmiş və protokollarda göstərilən əməlləri törətmişdir. Onun barəsində həmin əməllərə görə cinayət işinin başlanılması rədd edilmiş, həmin qərarlar əsasında hazırkı inzibati xəta haqqında protokollar tərtib etmişdir. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, Şəxs inzibati qaydada tutulmadığına görə barəsində tutma protokolu tərtib edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, əvvəllər yeddi dəfə azadlıqan məhrum edilməklə məhkum olunmuş, sonuncu dəfə 2020-ci ildə azadlığa çıxmışdr. Azadlığa çıxdıqdan sonra maddi imkanı yaxşı olmamış, narkomaniyadan və vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün oğurluq edib narkotik vasitə alaraq istifadə etmişdir. Onun barəsində tərtib edilmiş protokollarda göstərilən əməlləri o, maddi ehtiyac ucbatından törətmişdir. Oğurladığı velosipedlərdən iki ədədini geri qaytarmış, digərlərini ucuz qiymətə satıb həmin pula narkotik vasitə almışdır. Narkomaniyadan və vərəmdən müalicə olunmaq istədiyi üçün dispanserə müraciət etmişdir. Hazırda əməlindən peşmandır. Müdafiəçi Vəkil barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərini etiraf edib səmimi peşman olduğunu bildirdiyinə görə barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 bildirdi ki, 20 may 2022-ci il tarixdə, axşam saatlarına özünə məxsus, 480 manata aldığı velosipedi yaşadığı Lənkəran rayon, Sütəmurdov kəndindəki evinin həyətində qoymuş, 21 may 2022-ci il tarixdə, səhər saatlarında evdən çıxarkən velosipedinin yerində olmadığını görümşüdür. Velosipedi axtarıb tapa bilmədiyi üçün bu barədə polisə müraciət etmişdir. Ona vurulmuş ziyan 480 manat təşkil edir, velosipedi qaytarılmamışdır. Hesab edir ki, oğurluq hadisəsini Şəxs törətməmişdir, buna görə də ona qarşı heç bir tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 bildirdi ki, 19 may 2022-ci il tarixdə, axşam saatlarına özünə məxsus, 140 manata aldığı velosipedi yaşadığı Lənkəran rayon, Velədi kəndindəki evinin həyətində qoymuş, 21 may 2022-ci il tarixdə, səhər saatlarında evdən çıxarkən velosipedinin yerində olmadığını görümşüdür. Velosipedi axtarıb tapa bilmədiyi üçün bu barədə polisə müraciət etmişdir. Ona vurulmuş ziyan 140 manat təşkil edir, velosipedi qaytarılmamışdır. Hesab edir ki, oğurluq hadisəsini Şəxs törətməmişdir, buna görə də ona qarşı heç bir tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 bildirdi ki, 20 may 2022-ci il tarixdə, axşam saatlarına özünə məxsus, 70 manata aldığı velosipedi yaşadığı Lənkəran rayon, Velədi kəndindəki evinin həyətində qoymuş, 21 may 2022-ci il tarixdə, səhər saatlarında evdən çıxarkən velosipedinin yerində olmadığını görümşüdür. Velosipedi axtarıb tapa bilmədiyi üçün bu barədə polisə müraciət etmişdir. Ona vurulmuş ziyan 70 manat təşkil edir, velosipedi qaytarılmamışdır. Şəxs qarşı heç bir tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs4 bildirdi ki, 22 may 2022-ci il tarixdə, günorta saatlarına özünə məxsus, 400 manata aldığı, lakin üzərindəki konstruksiyalarla 500 manat dəyərində olan velosipedi yaşadığı Lənkəran şəhəri, H.Aslanov küçəsində mağazanın yanında qoyaraq mağazaya girmiş, çıxdıqdan sonra ve velosipedinin yerində olmadığını görümşüdür. Velosipedi axtarıb tapa bilmədiyi üçün bu barədə polisə müraciət etmişdir. Onun velosipedi qaytarılsa da, üzərində olan avadanlıqdan qaytarılmadığına görə, həmin avadanlığın qaytarılmasını xahiş etdi. Məhkəmə iclaslnda izahatı elan olunaraq araşdırılmış X2 izahat və ərizəsindən görünür ki, 27 may 2022-ci il tarixdə azyaşlı oğlu yaşadığı Lənkəran şəhəri, Şeyx Zahid küçəsi ev, mənzil 18-in həyətində velosiped sürərkən bir nəfər şəxs onun oğlundan velosipedi istəmiş, oğlu da vermişdir, sonra həmin şəxs velosipedi qaçırmışdır. O, sonradan həmin şəxsin Lənkəran rayon, Şilaəvar kənd sakini Şəxs olduğunu bilib sonuncunun evinə gedərək velosipedi sonuncudan alaraq evində aparmışdır. Bununla bağlı polisə müraciət edərək qanuni tədbir görülməsini xahiş etmişdir. Hazırda xəstə olduğundan məhkəmədə iştirak edə bilməmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçıları Məhəmməd Abdullazadənin 05 iyun 2022-ci il tarixli, Bəhruz Bayramovun xx.xx.2022-ci il tarixli, Emil Baxışovun 31 may 2022-ci il tarixli qərarlarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarlara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda MN 1450280, MN 1450282, MN 1450281, MN ******* və MN ******* nömrəli protokollardakı əməllərin törədilməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 26 iyul 2022-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinəy almır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xırda talama yəni oğurluq edərək özgə əmlakını talamasını özünün etiraf edici izahatları, zərərçəkmiş şəxslərin ifadələri və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında onlara məxsus velosipedin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən oğurlanmamasına dair izahatlarına qiymət verərək hesab edir ki, hazırkı əməl gizli şəraitdə törədildiyindən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkomaniyadan və vərəmdən əziyyət çəkdiyi üçün yoxsul vəziyyətdə olmasını görüb zərərçəkmiş şəxslərin ona qarşı mərhəmət hissindən irəli gələn hal ilə bağlı olaraq ondan heç bir tələbləri olmamalarına dair izahat vermişlər. Həmin zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənildiyi halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışacaqları halda inzibati iş üzrə icraata xitam verilməsi barədə qanunvericliyin tələbi bildirilsə də, zərərçəkmiş şəxslər məhkəməyə bu formada hər hansı ərizə təqdim etmədiklərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-nin 39.2-ci maddəsinin tətbiqi mümkünsüz olmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1 və 32.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, iki epizod üzrə velosipedləri qaytarmaqla vurulmuş ziyanının müəyyən hissəsini ödəməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Zərərçəkmiş şəxs4 16 yaşında olmaqla yetkinlik yaşına çatmamasını nəzərə alaraq İXM-nin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanı yetkinlik yaşına çatmayan şəxsə qarşı törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, eyni zamanda Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun şəxsiyyətini, yəni əvvəllər dəfələrlə məhkum olunmasını, narkomaniyadan və vərəm xəstəliyindən əziyyət çəkməsini də nəzərə alır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə, Şəxs həbsdə saxlama müddətinin əvvəlinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, materiala şəxsin barəsində inzibati qaydada tutma haqqında protokol əlavə edilməmişdir. İş materiallarından da aydın olur ki, şəxsin azadlığı polis tərəfindən hər hansı formada məhdudlaşdırılmamış və məhkəmə iclasına sərbəst şəkildə gəlmişdir. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Lakin indiki halda şəxsin nəvaxt tutulmasına dair hər hansı sənəd olamdığından onun həbsə alınmasının əvvəli, faktiki olaraq azadlığının məhdudlaşdırıldığı, yəni 26 iyul 2022-ci il tarixdən, saat 18.00-dan hesab edilməlidir. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi 1 (bir) saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 26 iyul 2022-ci tarixdən saat 18.00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxs Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar