Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-695/2023 22.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 01 aprel 1964-cü il tarixdə Lənkəran rayonu, Digah kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına materiala Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Lənkəran rayonu, Digah kəndində üzərində 0.478 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib saxladığına görə barəsində İXM-nin 206-cı maddəsi ilə 22 fevral 2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Lənkəran rayonu, Digah kəndində yerləşən yaşadığı evin yaxınlığında küçədə piyada olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşdılar, özlərini polis əməkdaşı kimi təqdim etdilər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla şübhəli olduğu ona bildirdilər. Sonra polis əməkdaşları onu avtomaşınla Lənkəran şəhərində yerləşən baş narkotiklərlə mübarizə idarəsinin cənub regional polis şöbəsinə gətirdilər. Əvvəllər narkotik maddəyə görə məhkum olunmuş, narkotik maddə nəşə çəkməklə qəbul edir, nəşədən başqa digər narkotik maddələrdən qəbul etmir, satışı ilə məşğul olmur. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X1 Şöbəsinin təhqiqatçısı, polis mayoru Famil Həsənov HK-1/316 saylı material üzrə 30 dekabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2022-ci il tarixli 19/1308 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı möhürləndi...” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi- 0,478 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannab) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram istifadə edilmiş, qalıq 0,458 qram qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60(altmış) manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1317 №-li rəyindən görünür ki, Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2001-ci ildə «həşiş narkamanlığı» diaqnozu ilə qeydiyyatda durur. Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotekasında son bir il ərzində heçbir məlumat qeydiyyata alınmamışdır. Tutma protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə tutulmadan azad olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri HK-1/316 saylı material üzrə 30 dekabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı «qurudulmuş marixuana(kannabis)» olan maddə narkotik vasitədir, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. İXM-nin 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satışı məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, İXM-nin 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Məhkəmə hesab edir ki, iş üzrə DİN BNMİ-nin X1 Şöbəsində saxlanılan maddi sübut – ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə təmiz çəkisi 0,458 qram qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə inzibati xəta haqqında məsrəflərlə əlaqədar qeyd edir ki, İXM-nin 55.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə görə fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, espertiza xərci olan 60 manat dövlət büdcəsi hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300(üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin və o dərhal tutulmadan azad edilsin. Şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında profilatktik qeydiyyata alınsın. İş üzrə DİN BNMİ-nin X1 Şöbəsində saxlanılan maddi sübut – ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə təmiz çəkisi 0,458 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci olan 60 manat dövlət büdcəsi hesabına ödənilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-695/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-695/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver