Məhkəmə qərarları › İş №3(049)-695/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-695/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-695/2025 01.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndələri Telman Mamedov və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Qazaxıstan Respublikasının vətəndaşı, evli, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin e-16(113)-683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 25 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 25 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin e-16(113)-683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli icra sənədinin icrasından yayınmış, qərardadda göstərilən tələbə riayət etməmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli icra vərəqəsinə əsasən Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası əmlak kompleksi (ona daxil olan qeyri-yaşayış sahələri, o cümlədən “Əzizə” şadlıq sarayı), həmçinin həmin əmlak kompleksində olan daşınar əşyalarla bağlı Zərərçəkmiş şəxs ilə yazılı razılaşdırılmadan hər hansı əqd (icarə müqaviləsi və s.) bağlanılması cavabdeh Şəxs qadağan edilmişdir. Həmin icra sənədi üzrə xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs təqdim edilmişdir. Eyni zamanda borcluya Şəxs hüquq və vəzifələri izah edilmişdir. Lakin borcu icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə icra sənədində göstərilən əmlak kompleksinə daxil olan “Xan Playstation” komputer oyunları obyektinin Şəxs tərəfindən X4 şifahi qaydada icarəyə verildiyi müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. Eyni zamanda, Şəxs tələbkar Zərərçəkmiş şəxsla yazılı razılaşma olmadan “Əzizə” şadlıq sarayında toy şənliklərini təşkil edir. Bu barədə Şəxs özü keçiriləcək toy məclislərinin siyahısını da icra qurumuna təqdim etmişdir. Borclu Şəxs tələbkar Zərərçəkmiş şəxsla razılaşma üçün cəhdlər etdiyini bildirsə də bununla bağlı icra qurumuna təsdiqedici məlumat yoxdur. Tərəflər icra sənədinin icrası ilə əlaqədar icra qurumuna dəvət edilmiş, lakin onların arasında heç bir razılaşma əldə edilməmiş, tərəflər mübahisə edərək icra qurumunun inzibati binasını tərk etmişlər. Göstərilənlərə əsasən Şəxs barəsində tərəfindən 25 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Vüsal Qasımov çıxışında protokolu müdafiə etdiyini bildirib məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Qazaxıstan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsi əsasında yaşayır və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkardır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Telman Mamedov onun doğma qardaşlarıdırlar. Bakı Kommersiya Məhkəməsinin e-16(113)- 683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli icra vərəqəsindən və həmin icra sənədi üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsində başlanmış icraatdan məlumatı vardır. Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadından sonra “Əzizə” şadlıq sarayında cəmi 6 dəfə - 4 dəfə avqust ayında, 2 dəfə isə sentyabr ayında toy şənliyi keçirilmişdir. O, həmin əmlak kompleksinin istifadəsi ilə bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla yazılı razılaşma üçün dəfələrlə onun mobil telefonu ilə əlaqə yaratmağa cəhd göstərsə də buna nail ola bilməmişdir. O, həmin əmlakın istifadəsi ilə bağlı yaranmış vergi borclarının, işıq, qaz və s. kommunal xidmətlərə görə ödənişlərin ödənilməsi üçün şadlıq evində toy şənliklərini keçirməyə məcburdur. Əks halda həmin ödənişləri həyata keçirmək mümkün olmur. Keçiriləcək toy şənlikləri barədə adlı siyahını icra məmuruna təqdim etmişdir. Müvafiq icra vərəqəsindən sonra yuxarıda göstərdiyi kimi “Əzizə” şadlıq sarayında cəmi 6 dəfə toy şənliyi keçirilmiş, həmin toy şənliklərinin keçirilməsi ilə əlaqədar onunla Zərərçəkmiş şəxs arasında yazılı razılaşma olmamışdır. Buna səbəb isə tələbkarın onunla razılaşmadan yayınmasıdır. İcra sənədinin icrası ilə əlaqədar onlar icra qurumuna dəvət edilmiş, lakin tələbkarla arasında heç bir razılaşma əldə edilməmişdir. O, “Xan Playstation” adlı komputer oyunları obyektini X4 icarəyə verməmişdir. İzahatının sonunda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilmədiyini, buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə inzibati xəta haqqında protokolla bağlı ünvanladığı məhkəməyə ünvanladığı etirazda göstərmişdir ki, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin 16(113) 683/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin 16(113)-683/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə görə Lənkəran rayonun Gəmərtük qəsəbəsində 0,56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825,5 kv metr sahəsi olam qeyri-yaşayış binası Əmlak kompleksi (ona daxil olan qeyri-yaşayış sahələri, o cümlədən “Əzizə” şadlıq sarayı) həmçinin həmin əmlak kompleksində olan daşınar əşyalarla bağlı Zərərçəkmiş şəxs ilə yazılı razılaşdırılmadan hər hansı əqd (icarə müqaviləsi və s.) bağlanılması cavabdeh Şəxs qadağan edilmişdir. Bu müddətdə Şəxs qərardadda göstərilən obyektin və ya daşınar əşyaların icarəyə verilməsi haları mövcüd olmamışdır. İcarəyə istəyən olarsa Şəxs qardaşı Zərərçəkmiş şəxs razılıq icazə alcaqdır. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı əsasında, o cümlədən məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərdən müəyyən olunur ki, barəsində protokol tərtib olunmuş şəxs tərəfindən məhkəmə qərarının qərəzli olaraq yerinə yetirilməməsi müəyyən olunmamışdır. Məhkəməyə təqdim edilmiş sənədlərlə Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə qərardadının icraya yönəlməsindən müəyyən müddət keçməsinə baxmayaraq, icra məmuru məhkəmə qərardadının icrası üçün “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən, yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən yalnız üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs əməlində icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halı mövcud olmadığından, sonuncunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi istisna olunur. Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkətin edilməsini istisna edir.. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onun doğma qardaşıdır. Onunla qardaşı arasında “Əzizə” şadlıq sarayı və həmin obyektin bağlı olduğu əmlak kompleksinə dair uzun müddətdir ki, məhkəmə çəkişmələri davam edir. Onun ərizəsinə əsasən müdəqqəti təminat tədbiri qismində Bakı Kommersiya Məhkəməsinin e-16(113)- 683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli qərardadına əsasən Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası əmlak kompleksi (ona daxil olan qeyri-yaşayış sahələri, o cümlədən “Əzizə” şadlıq sarayı), həmçinin həmin əmlak kompleksində olan daşınar əşyalarla bağlı onunla yazılı razılaşdırılmadan hər hansı əqdin (icarə müqaviləsi və s.) bağlanılması cavabdeh Şəxs qadağan edilmişdir. Lakin Şəxs məhkəmə qərarına məhəl qoymur. Onda olan məlumata görə məhkəmənin müvafiq icra sənədindən sonra avqust-sentyabr ayları ərzində “Əzizə” şadlıq sarayında 11 dəfə toy şənliyi keçirilmiş, lakin həmin toy məclisləri ilə bağlı Şəxs onunla heç bir yazılı razılaşma əldə etməmişdir. Şəxs izahatında dəfələrlə ona zəng etdiyini bildirir. Lakin, o, yalan danışır. Şəxs yazılı razılıq üçün ona heç vaxt zəng etməmişdir. Əksinə o, icra sənədi ilə bağlı Şəxsla danışmaq üçün “Əzizə” şadlıq evinə getmiş, lakin Şəxs onu nalayiq küçə söyüşləri ilə təhqir edərək ona xəsarət yetirmişdir. Onun şikayəti üzrə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmış və həmin cinayət işi istintaqdadır. Şəxs nəinki onunla yazılı razılaşma bağlamır, hətta onu danışmaq üçün belə “Əzizə” şadlıq evinə buraxmır. Onun yazılı razılığı olmadan sözügedən əmlak kompleksinə daxil olan “Xan Playstation” adlı komputer oyunları obyektini də icra məmuru tərəfindən tərtib edilmiş aktda adı olan Təbriz Cəfərov adlı şəxsə icarəyə vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatın sonunda Şəxs şikayətçi olduğunu bildirib onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndələri Telman Mamedov və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil2 ayrı-ayrılıqda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş etdilər. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Bakı Kommersiya Məhkəməsinin e-16(113)-683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası əmlak kompleksi (ona daxil olan qeyri-yaşayış sahələri, o cümlədən “Əzizə” şadlıq sarayı), həmçinin həmin əmlak kompleksində olan daşınar əşyalarla bağlı Zərərçəkmiş şəxs ilə yazılı razılaşdırılmadan hər hansı əqd (icarə müqaviləsi və s.) bağlanılması cavabdeh Şəxs qadağan edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli icra vərəqəsi üzrə həmin tarixdə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli, e128258/2025-25-7 №-li tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ondan tələbin könüllü 10 gün müddətində icra etməsi xahiş edilmiş və ona icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “Xan Playstation” komputer oyunları obyektinin Şəxs tərəfindən X4 icarəyə verildiyi müəyyən edilmişdir. ****** №-li, xx.xx.2024-cü il tarixli müvəqqəti yaşamaq icazəsindən görünür ki, həmin icazə xx.xx.1977-ci il təvəllüdlü Şəxs verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş ********** nömrəli VÖEN-dən görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə vergi uçotuna alınmışdır. xx.xx.2025-ci il tarixli, ********** №-li ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən Dövlət Vergi Xidmətinin müvafiq hesabına 2000 (iki min) AZN vəsait köçürülmüşdür. "xxxx" ASC tərəfindən təqdim edilmiş ödəniş məlumatından görünür ki, xx.xx.2025-ci il tarixə olan elektrik enerjisindən istifadə üzrə qalıq borcu 2127 AZN təşkil edir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, xx.xx.1966-cı il təvəllüdlü X3 atası X5, anası X2, xx.xx.1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs atası X5, anası X1r. Məhkəmə icra məmurunu və tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi özü tərəfindən etiraf edilməsə də, zərər çəkmiş şəxsin izahatı, icra məmurunun məlumatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-683/2025 nömrəli, 06 avqust 2025ci il tarixli icra vərəqəsinə əsasən Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası əmlak kompleksi (ona daxil olan qeyri-yaşayış sahələri, o cümlədən “Əzizə” şadlıq sarayı), həmçinin həmin əmlak kompleksində olan daşınar əşyalarla bağlı Zərərçəkmiş şəxs ilə yazılı razılaşdırılmadan hər hansı əqd (icarə müqaviləsi və s.) bağlanılması cavabdeh Şəxs qadağan edilmişdir. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs özünün də məhkəmə iclasında bildirdiyi ki, həmin icra sənədi üzrə icraata başlandıqdan sonra “Əzizə” şadlıq sarayında 6 dəfə - 4 dəfə avqust ayında, sentyabr ayında isə 2 dəfə toy şənliyi keçirilmişdir. Zərər çəkmiş şəxs də sözügedən şadlıq sarayında dəfələrlə toy məclislərinin təşkil edildiyini bildirir. Başqa sözlə, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli icra vərəqəsi üzrə icra məmuru tərəfindən icraata başlanıldığı və bu barədə tərəflər rəsmi qaydada məlumatlandırıldıqdan sonra “Əzizə” şadlıq sarayında toy şənliklərinin keçirilməsi işin mübahisə olunmayan tərəfidir. O da müəyyən edilir ki, həmin toy şənliklərinin keçirilməsi bağlı üzərinə məhkəmə aktı əsasında Zərərçəkmiş şəxs ilə yazılı razılaşdırılma vəzifəsi qoyulmuş Zərərçəkmiş şəxs yazılı razılaşdırmaya əməl etməmiş, yalnız keçiriləcək toy məclislərinin adlı siyahısını icra məmurunu təqdim etmişdir. Məhkəmə qərardadında isə bu barədə icra məmuruna məlumatın verilməsi öhdəliyinin qoyulması ilə bağlı hər hansı müddəa müəyyən edilməmişdir. Məhkəmə Şəxs Zərərçəkmiş şəxsla yazılı razılaşma üçün əlaqə saxlamaq məqsədilə cəhd etməsi ilə bağlı irəli sürdüyü dəlillərə tənqidi yanaşaraq hesab edir ki, həmin dəlillər özünümüdafiə xarakterli olmaqla, hər hansı sübutla öz təsdiqini tapmır və məsuliyyətdən yaxa qurtarmaq üçün irəli sürülən formal mülahizələrdən ibarətdir. Şəxs vergi borcunun ödənilməsini təsdiq edən ödəniş qəbzini, elektik enerjisindən istifadə ilə bağlı yaranmış borca dair müvafiq arayışı məhkəməyə özünün təqdim etməsi həmin əmlak komleksinə daxil olan obyektlərin istifadə edilməsini özü-özlüyündə bir daha təsdiq edir. Müvafiq icra vərəqəsinin mövcudluğuna baxmayaraq vəzifəli şəxs Şəxs Zərərçəkmiş şəxs ilə yazılı razılaşdırılmaya əməl etmədən Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyriyaşayış binası əmlak kompleksinə dair əqdlər bağlaması məhkəmə araşdırması zamanı tam şəkildə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə onu da diqqətə çatdırır ki, tərəflər arasında mübahisə kommersiya mübahisəsi olmaqla onların sahibkarlıq fəaliyyətindən qaynaqlanır. Müvafiq icra sənədi də Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmişdir. Şəxs vergi orqanında vergi uçotuna alınmış fərdi sahibkar olmaqla vəzifəli şəxsdir. Belə ki, İXM-nin 17-ci maddəsinin “Qeyd” hissəsindən müəyyən edilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs tərəfindən törədilmiş inzibati xəta - Bakı Kommersiya Məhkəməsinin e-16(113)-683/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi məhz onun sahibkarlıq fəaliyyətindən irəli gəldiyi üçün o, vəzifəli şəxs olaraq inzibati məsuliyyətə cəlb edilməli və barəsində cərimə növündə tənbeh tətbiq edilməlidir. İXM-nin 528.1-ci maddəsindən göründüyü kimi, qanunvericilik vəzifəli şəxslər barəsində həmin maddədə yalnız cərimə növündə tənbehin tətbiqini nəzərdə tutmuşdur. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və qanunun normasının yuxarıda şərh olunan tələbini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini qanunamüvafiq hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar