Məhkəmə qərarları › İş №3(049)-7/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-7/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-7/2025 07.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (bundan sonra DGK) tərəfindən Şəxs ünvanına X1 idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra GM) 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilmədiyindən qeyd edilə MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 485.2-ci maddəsi ilə 25 noyabr 2024-cü il tarixli EP № ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatın inzibati xəta törədən şəxs Şəxs MMC-ə və Azərbaycan Respublikasının DGK-ə bildirilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Şəxs MMC-in rəhbəri Nümayəndə Miradıx qızı xx.xx.2024-cü il tarixli teleqramla anasının ürək əməliyyatı olması ilə əlaqədar işdə iştirak edə bilməyəcəyini və iclasının təxirə salınmasını xahiş etmiş və müraciət nəzərə alınaraq iclas təxirə salınmış, xx.xx.2025-ci il tarixdə Nümayəndə yenə teleqramla müraciət edərək səhətində yaranmış problemlə əlaqədar işdə iştirak edə bilməyəcəyini və iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin Şəxs MMC-in rəhbəri Nümayəndə Miradıx qızının nə xx.xx.2024-cü il tarixli, nə də ki, xx.xx.2025-ci il tarixli müraciətlərinə qeyd edilən məlumatları təsdiq edən hər hansı sübutlar əlavə edilməmişdir. Məhkəmə sonuncu müraciəti rədd etmiş və İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-in ünvanına 94329190 qeydiyyat nişanlı dəmiryol vaqonu vasitəsi ilə gələn yüklərə **********2332 sorğu nömrəli GB ilə bəyan edilmiş mallar üçün idxalçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilməmiş və nəticədə sözü gedən gömrük bəyənnaməsinin 40-cı qrafası doldurulmamış qalmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılmış malın çatdırılması və boşaldılması barədə çıxarışdan görünür ki, Çin Xalq Respublikasından Şəxs MMC-in ünvanına göndərilmiş tekstil materialların olduğu **********05585 saylı bəyənnaməsi olan 94329190 qeydiyyat nişanlı dəmiryol vaqonu xx.xx.2024-cü il tarixdə saat 16:58:03-də Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin gətirilən mallara dair qısa idxal bayannaməsi gömrük orqanına təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-33-1100/2-006821/2024 saylı məktubdan görünür ki, DGK-si tərəfindən Şəxs MMC-ə faktla bağlı izahat verməsi üçün xx.xx.2024-cü il tarixdə saat 10:30-a Bakı Baş Gömrük idarəsinə dəvət edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsi 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 113.2. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. 114.1. Qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. 114.3. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 saylı Qərarının 13.4-cü maddəsində məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edildiyi qeyd edilmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2- ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Şəxs MMC-in inzibati xətanı törətməsində təqsiri inzibati xəta haqqında protokolla və yuxarıda qeyd olunan sənədlərlə tam təsdiq olunur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs MMC-in İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs MMC-yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq inzibati xəta törətmiş Şəxs MMCyə qarşı inzibati tənbeh tətbiq edərkən ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar