Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-701/2025 30.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu, X1 Lənkəran Şəhər Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsinin məzmunundan görünür ki, həmin ərizəni X1 əvəzinə Vəkil imzalamışdır. Vəkil şikayət ərizəsini imzalamağa dair səlahiyyətini təsdiq edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 572 nömrəli vəkil orderinin surətini ərizəyə əlavə etmişdir. Həmin vəkil orderində hüquqi yardım göstərilən şəxs X3 tərəfindən Vəkil verilən tapşırığın məzmunu kimi “cinayət işinin başlanmasının rədd edilməsilə bağlı qərardan şikayət” qeyd edilmişdir. Hazırki şikayətə əlavə edilmiş vəkil orderinin surətindən aşkar görünür ki, həmin orderdə yuxarıda qeyd edilən qrafada sonradan “inzibati tənbeh qərarından şikayət verilməsi” yazısı əlavə qeyd edilmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 65.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin məcəllənin 65.1-1 maddəsinə əsasən, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin məcəllənin 65.2 maddəsinə əsasən, bu Məcəllənin 65.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. Həmin məcəllənin 65.6 maddəsinə səasən, nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Hazırki şikayət ərizəsinə əlavə edilmiş vəkil orderinin surətindən və iş materiallarından müəyyən edilir ki, Vəkil hazırki ərizəni imzalamaq səlahiyyəti olmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş orderdə Vəkil verilmiş tapşırığın məzmunu “cinayət işinin başlanmasının rədd edilməsilə bağlı qərardan şikayət”lə əlaqadar olmasına baxmayaraq, X1 hazırki ərizəsi inzibati tənbehvermə haqqında qərardan şikayətlə əlaqadardır. Bu səbəbdən hazırki iş üzrə inzibati xəta haqqında qərardan şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Həmçinin məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, şikayət ərizəsi qərardan şikayət vermək üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra verilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin məcəllənin 126.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin məcəllənin 130.2 maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi qanunvericilik hazırki iş üzə mübahisələndirilən qərarlardan şikayət vermək müddətini 20 gün həddində müəyyənləşdirmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “İnzibati Xətalar Məcəlləsinin 137-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan normalarının təhlilindən görünür ki, qanunverici səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalara dair iş üzrə qəbul etdiyi qərara yuxarı səlahiyyətli orqan və ya məhkəmə tərəfindən yenidən baxılması, məhkəmənin inzibati xətaya dair iş üzrə qərarından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması, o cümlədən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərara məhkəmədə yenidən baxılmasının prosedur qaydalarını fərqləndirməmiş və onları eyni Fəslin normaları ilə tənzimləmişdir.” Eyni zamanda mübahisələndirilən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar şikayət ərizəsinə əlavə edilməmişdir. Bu səbəblərdən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. X2 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayət verməsi üçün müddətin bərpası ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-701/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-701/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver