Məhkəmə qərarları › İş №3(049)-731/2022

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-731/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-731/2022 15.08.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17.30 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X5, inzibati protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi X3, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu, Narbağı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsin təhqiqatçısı X4 23 iyun 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə inspektoru X3 tərəfindən MN seriyalı ******* nömrəli 15 avqust 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 iyun 2022-ci il tarixdə, saat 13 radələrində qaynatası Zərərçəkmiş şəxs Lənkəran rayonu, Narbağı kəndindəki evində döyərək xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi X3 bildirdi ki, 13 iyun 2022-ci il tarixdə Lənkəran rayonu, Narbağı kənd sakinləri Şəxs ilə qaynatası Zərərçəkmiş şəxs arasında yaranmış anlaşılmazlıq nəticəsində aralarında dava düşmüş bir-birilərini döyərək sağlamlığa zərərvurmayan müxtəlif xəsarətlər yetirmişdirlər. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti X2 göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli 15 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 13 iyun 2022-ci il tarixdə, günorta saatlarında evdə olarkən qaynatası ilə aralarında mübahisə olmuş və bir-birilərinə xəsarət yetirmişlər. Hazırda əməlindən çox peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, onlar bir evdə mehriban yaşayırlar. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 13 iyun 2022-ci il tarixdə, günorta saatlarında evdə olarkən gəlini İranə ilə aralarında mübahisə olmuş və birbirilərinə xəsarət yetirmişlər. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik hüquqi şəxsinin 13 iyun 2022-ci il tarixli 544 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol qulaq seyvanı nahiyəsinin əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 iyun 2020-ci il tarixli qərarından görünür ki, müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 15 avqust 2022-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş üzrə məhkəmə araşdırması zamanı həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, həm zərərçəkmiş şəxs hər ikisi məhkəməyə ərizə təqdim edərək barışdıqlarını bildirmişlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi 2 (iki) saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli 15 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Şəxs göstərilən hüquqi yardıma görə Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar