Məhkəmə qərarları › İş №3(049)-734/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-734/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-734/2025 15.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, X1 inzibati qaydada cərimə edilməsinə dair Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə baxaraq, müəyyən etdim: X1 müdafiəçisi Vəkil məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Lənkəran Şəhər- Rayon Polis Şöbəsi tərəfindən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müvəkkili ünvan 1 ünvanında qeydiyyatda olan X2 barəsində Lənkəran Şəhər-Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2025ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN ******* nömrəli protokol tərtib edilmiş və inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı MN ******* nömrəli inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Qərar və protokol rəsmi qaydada təqdim edilməmiş, şəxsin iştirakı olmadan tərtib edilmiş, onun əvəzindən polis əməkdaşları tərəfindən saxta imza ilə imzalanmışdır. Qərarın və protokolun rəsmi verilməsi üçün müvəkkili və o, dəfələrlə Lənkəran Rayon Polis şöbəsinə, daha sonra Daxili İşlər Nazirliyinə müraciət etməyinə baxmayaraq həmin protokol və qərarın surəti heç bir səbəb olmadan bizə təqdim edilməmiş, ümumiyyətlə müraciətlərə hər hansı formada cavab verilməmişdir. O, bu barədə Lənkəran Rayon Prokurorluğunda xx.xx.2025-ci il tarixdə olarkən məlumatlı olmuşdur. Halbuki, inzibati xəta haqqında protokol onun iştirakı ilə tərtib edilməli, qəbul edilmiş qərarın surəti ona təqdim edilməli idi. Tərtib edilmiş protokol və qərar tamamilə əsassız və qanunsuzdur. Belə ki, Telman Məmmədəliyev xx.xx.2024-cü il tarixdə Lənkəran RPŞ-nin Yol Patrul Xidməti əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılmış, dəfələrlə fiziki zorakılığa məruz qalaraq döyülmüş və təhqiredici rəftara məruz qalmışdır. Həmin gün baş verənlərə dair hadisə yerində Telman Məmmədəliyev tərəfindən heç bir ictimai asayişin pozulması, nalayiq ifadələrin işlədilməsi və ya ətrafdakı şəxslərin narahat edilməsi kimi hallar olmamışdır. Əksinə, hadisə zamanı zorakılığa və əsassız müdaxiləyə məruz qalan şəxs müvəkkilim Telman Məmmədəliyev olmuşdur. Telman Məmmədəliyev heç bir səbəb olmadan qanunsuz olaraq YPX əməkdaşları tərəfindən şöbəyə aparılmış, həm saxlanılan vaxt, həm də şöbədə YPX əməkdaşları tərəfindən təhqir və zorakılığa məruz qalmışdır. Hətta, onun hadisə günü döyülməsi ilə bağlı məhkəmə tibbi ekspert rəyi də vardır. Hadisə ilə bağlı o, prokrurorluğa da dəfələrlə şikayət etmişdir. Hazırda həmin işlə bağlı araşdırmanın davam etdirilməsi üçün müraciətləri davam edir. Göründüyü kimi protokol həmin hadisənin gedişatında heç bir sübut və əsas olmadan tərtib edilmişdir. Hadisə vaxtı İXM-nin 510-cu maddəsində göstərilən inzibati xəta-xuliqanlıq hadisəsi ümumiyyətlə baş verməmişdir. Açıq-aşkar görünür ki, bu protokolun tərtib edilməsində məqsəd, əslində şəxsə qarşı polis əməkdaşları tərəfindən həyata keçirilmiş qanunsuz və əsassız hərəkətləri (fiziki zorakılıq və hüquqlarımın pozulması) ört-basdır etmək olmuşdur. Bu, həm də ona qarşı psixoloji və hüquqi təzyiq vasitəsi kimi istifadə olunmuşdur. MN ******* nömrəli inzibati xəta haqqında qərar üzrə cərimə artıq ödənilmişdir. Lakin, həmin cərimə müvəkkilim tərəfindən ödənilməmiş, ödəniş də məhz qərarı tərtib edən polis əməkdaşları tərəfindən həyata keçirilmişdir. Müvəkkili bu qərardan ümumiyyətlə xəbərsiz olmuş, ona təqdim edilmədiyindən və qərarla razı olmadığından təbii ki, heç bir ödəniş də etməmişdir. Bu fakt bir daha göstərir ki, inzibati məsuliyyət tədbiri formal və qanunsuz şəkildə tətbiq olunmuş, məqsəd yalnız polis əməkdaşlarının öz qanunsuz hərəkətlərini ört-basdır etmək olmuşdur. Qanuna görə qərarı rəsmi qaydada vermək inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş vəzifəli şəxsin vəzifəsi olduğuna görə qərardan şikayət vermək üçün müddət bərpası ilə müraciət etmək öhdəliyi barəsində inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin üzərinə qoyula bilməz. Qərarın əldə edilməsi üçün dəfələrlə Lənkəran Şəhər-Rayon Polis şöbəsinə və Daxili İşlər Nazirliyinə müraciət etməyi və heç bir rəsmi cavab verilməməsi barədə sübutlar təqdim edir. Halbuki, qərarın rəsmi təqdim edilməsini inzibati tənbeh verən orqan sübut etməlidir. Belə olanda inzibati tənbeh vermə haqqında qərarın ərizəyə əlavə edilməməsi və qərarda göstərilmiş şikayət müddətin keçməsi əsas gətirilməklə şikayət ərizəsi geri gaytarıla bilməz. Çünki, Məcəllənin 57-ci maddəyə görə barəsində qərar çıxarılmış şəxs poçt vasitəsi ilə və ya elektron qaydada məlumatlandırılmalı idi. 130.1-ci maddəyə görə qərardan şikayət müddəti yalnız onun İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi təqdim olunmasından sonra başlayır. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, hazırki şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, barəsində tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 və onun müdafiəçisi Vəkil tərəfindən şikayətə mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərar əlavə edilməmişdir. Şikayət ərizəsindən o da görünür ki, şikayət vermiş şəxs və onun müdafiəçisi həmin qərarın əldə edilməsi üçün müvafiq müraciətlər etmiş, lakin müsbət nəticə əldə edilməmişdir. O da vurğulanmalıdır ki, şikayət və əlavə edilmiş sənədlərdən göründüyü qədər mübahisələndirilən qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verməmiş, eyni zamanda, prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə vəsatətlə müraciət etməmişdir. xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan əmmədəliyev Telman Mehman oğlunun müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və şikayət vermək üçün prosessual müddətin ötürülməmiş hesab edilmədiyindən hazırki şikayət geri qaytarılmalı, şikayət vermiş şəxsə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə vəsatətlə səlahiyyətli orqana və ya məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 130, 134-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə X1 müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Şikayət vermiş şəxsə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayət verməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə vəsatətlə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə və ya Lənkəran Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar