Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-741/2025 15.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sahə müfəttişi X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272-1-ci maddəsi ilə 25 sentyabr 2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, “Zəvvar ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs tərəfimizdən aşkar edilərək saat 06:45-də saxlanıldı”. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolun “müəyyən edildi” hissəsi qeyri-müəyyən formada tərtib edilmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolda Şəxs izahat verməkdən imtina etməsi göstərilsə də, şəxsin izahat verməkdən imtina etməsi qanunamüvafiq qaydada rəsmiləşdirilməmişdir. Halbuki, İXM-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Eyni zamanda o diqqətə çatdırılır ki, protokol və əlavə edilmiş sənədlərən görünür ki, inzibati xəta hadisəsi Cəlilabad rayonunda törədilmişdir. Lakin müvafiq materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Belə olan halda protokol və əlavə edilmiş sənədlər baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilməli idi. Çünki, İXM-nin 110.1-ci maddəsinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Lakin hazırki işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə onun yaşadığı yer üzrə baxılması ilə bağlı hər hansı vəsatəti olması müəyyən edilmir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, Şəxs barəsində İXM-nin 272-1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması, eyni zamanda, bu çatışmazlıqların işə baxılarkən qısa müddət ərzində aradan qaldırılması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sahə müfəttişi X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə tərtib edilmiş 25 sentyabr 2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-741/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-741/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver