Məhkəmə qərarları › İş №3(049)-742/2022

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-742/2022

18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-742/2022 18.08.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14.10 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, protokol tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X5, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran şəhəri, Şıxəkəran kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 18 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində Lənkəran rayonu, Şıxəkəran kəndində keçmiş arvadı Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir etmiş etmişdir. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində Lənkəran rayonu, Şıxəkəran kəndində keçmiş arvadı Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir etmiş etmişdir. Zərərçəkmiş şəxs ərizəsi və digər şəxslərin izahatı alındıqdan sonra Şəxs barəsində protokol tərtib edilmişdir. Şəxs inzibati qaydada tutulmadığına görə tutma protokolu tərtib edilməmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, əvvəllər məhkum olunmuş, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə həbs olunmuş, sonradan Azərbaycan Respublikasına ekstradisiya olunmuş, 12 avqust 2015-ci il tarixdə azadlığa çıxmışdır. Arvadı ilə boşanmış, uşaqları arvadının himayəsində qalmışdır. 13 avqust 2022-ci il tarixdə, günorta saatlarında oğlu Yusif ona mobil telefonda təhqiramiz sözlər demiş, o, isə oğluna bu sözlərin ona yaraşmadığını atası olduğunu bildirmişdir. Oğlunun sözləri ona pis təsir etdiyindən məsələni aydınlaşdırmaq üçün oğluna zəng etmiş və evlərinə, yəni Lənkəran rayonu, Şıxəkəran kəndində gələcəyini bildirmişdir. Həmin vaxt 150-200 qram spirtli içki qəbul etmişdir. Həmin gün, saat 23 radələrində qardaşı ilə qardaşının avtomobili ilə birlikdə keçmiş qaynatasının evinə getmiş, oğlu Yusifi çağırmışdır. Həmin vaxt keçmiş qaynatası, qaynanası və qohumu avtomobilin üstünə hücum etmiş və qardaşı ilə onu söymüşlər, oğlu Yusif avtomobilə daş atmışdır. Bundan sonra onlar oradan uzaqlaşmışlar, o, həmin vaxt heç kimi söyməmiş, təhqir etməmişdir. Barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil da şəxsin əməlində heç bir xəta tərkibi olmadığını bildirib inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onun keçmiş əridir və sonuncu davamlı olaraq ona zəng edib təhdid edir, nalayiq ifadələrlə təhqir edir. 13 avqsut 2022-ci il tarixdə, saat 23 radələrində qonşuluqda yaşayan qohumlarının evində olarkən oğlu Yusif ona zəng edərək evə gəlməməsini, atası ilə əmisin gələcəyini bildirmiş, o, isə dərhal evə gəlmişdir. Evə gəldikdə keçmiş əri Şəxs və qaynı Məcnun Əliyevin küçə boyu avtomobillə hərəkət etdiyini görmüş, həmin vaxt avtomobil darvazalarının qarşısında dayanmış və Şəxs avtomobildən bir ayağını çölə çıxarıb yarımoturaq vəziyyətdə küçənin ortasında, hamının gördüyü yerdə onun ünvanına söyüşlər söymüşdür. O, Şəxs davranışlarından sonuncunun içkili olduğunu görüb 102 xidmətinə zəng vurmuşdur. Məhkəmədən Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində göstərdi ki, Şəxs keçmiş kürəkənidir. Qızı ilə boşanmışdır. 13 avqsut 2022-ci il tarixdə, saat 23 radələrində evdə olarkən nəvəsi Yusif təlaşlı halda atası ilə əmisinin gəldiyini bildirmişdir. Bir qədər sonra o, həyətə düşdükdə darvazalarının qarşısında dayanmış Şəxs küçənin ortasında, hamının gördüyü yerdə qızının ünvanına söyüşlər söymüşdür. O, bu zaman avtomobildə olan Şəxs qardaşına avtomobili sürüb getməyi demiş, yalnız nəvəsi Yusif avtomobilə daş atdıqdan sonra Şəxslə qardaşı oradan getmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, Şəxs keçmiş kürəkənidir. Qızı ilə boşanmışdır. 13 avqsut 2022-ci il tarixdə, saat 23 radələrində qızı ilə birlikdə qonşuluqda yaşayan qohumlarının evində olarkən nəvəsi Yusif qızına zəng edərək evə gəlməməsini, atası ilə əmisin gələcəyini bildirmiş, onlar isə dərhal evə gəlmişdir. Həyətə gəldikdə darvazalarının qarşısında dayanmış Şəxs küçənin ortasında, hamının gördüyü yerdə qızının ünvanına söyüşlər söymüşdür. Bu zaman əri Şahid avtomobildə olan Şəxs qardaşına avtomobili sürüb getməyi demiş, yalnız nəvəsi Yusif avtomobilə daş atdıqdan sonra Şəxslə qardaşı oradan getmişlər. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 17 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək 13 avqust 2022-ci il tarixdə keçmiş ərinin onu küçə söyüşləri ilə icimaiyyətdə biyabır etməsini bildirmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 17 avqsut 2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və o, həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, ..cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyəti yüngülləşdirən hal, habelə İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, uzun müddət onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə, Şəxs həbsdə saxlama müddətinin əvvəlinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, materiala şəxsin barəsində inzibati qaydada tutma haqqında protokol əlavə edilməmişdir. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, şəxsin inzibati tutma müddətinin əvvəli, faktiki olaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan hesab edilməlidir. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək onun barəsində 05 (beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 18 avqust 2022-ci tarixdən saat 14:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Vəkil 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar