Məhkəmə qərarları › İş №3(049)-750/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-750/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-750/2024 04.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, xx.xx.1975-ci il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 571-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs, xx.xx.2024-cü il tarixdə, saat 14.50 radələrində su-sərhəd rejiminə icazəsiz daxil olduğuna görə barəsində İXM-nin 571-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə və inzibati protokol tərib etmiş şəxsə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 571-ci maddələsi nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, 5-ci (Balıqçılar) sahil nəzarəti bölməsinin 1-ci (Astara) sahil nəzarəti şöbəsinin rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 14:50 radələrində “Baş Komanda-nəzarət mərkəzi”nin növbətçi operatoru tərəfindən “Qızılağac Milli Parkı” ərazisində radar və “PTZ” kamerası vasitəsilə bir ədəd kiçik həcmli üzmə vasitəsi müşahidə olunmuşdur. Saat 18:45- də qeyd olunan üzmə vasitəsi “ƏBQ” sərhəd naryadı xidmətini təşkil edən sərhəd naryadı başçısı miçman Mirceyhun Ağayev, üzvü miçman Valeh Yaqubov tərəfindən 18-ci yanalma körpüsündən təxminən 6 km sol cinahda rejim sularından qayıdıb sahilə yan alarkən saxlanılmış və baxış keçirilmişdir. Baxış zamanı üzmə vasitəsinin bort nömrəsiz, yamaha-30 mühərrikli, “kazanka” tipli, heyət üzvü 2 nəfərdən ibarət olması aşkar olunmuşdur. Üzmə vasitəsinin heyət üzvləri Lənkəran rayon Balıqçılar qəsəbə sakinləri xx.xx.1975-ci il təvəllüdlü Şəxs (AZE № 0*******) və xx.xx.1990-cı il təvəllüdlü X2 (AZE № ********) icazəsiz rejim sularına çıxdıqları izah olunaraq SNB-yə dəvət olunmuşdur. Lakin, vətəndaşlar SNB-yə gəlməkdən, izahat və iltizam verməkdən, həmçinin, barələrində tərtib olunmuş müvafiq sənədlərə imza atmaqdan imtina etmiş və saat 19:45-də 46 nömrəli akt əsasında sərhədboyu rejim qaydalarını pozduqlarına görə birtərəfli qaydada rejim pozucusu qismində sənədləşdirilmişdir. Onlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 oktyabr 1992-ci il tarixli 560 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması qaydaları”nın (2 nömrəli əlavə) pozulması ilə bağlı əməllərində İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta olduğundan, barələrində toplanılmış materialların müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilməsinə dair göstəriş verməyi xahiş edilmişdir. Eyni məzmunla xx.xx.2024-cü il tarixdə 1-ci (Astara) sahil nəzarəti şöbəsinin rəisi, Sahil Mühafizəsinin rəisinə raportla müraciət etmişdir. Sahil Mühafizəsinin rəisin İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sahil Mühafizəsi 1-ci “Astara” Sahil nəzarəti şöbəsinin “Balıqçılar” SNB-nin xidməti ərazisində xx.xx.2024-cü il tarixdə sərhəd sularında su-sərhədboyu rejim qaydalarını pozduqlarına görə bort nömrəsiz; “Kazanka” tipli, “Yamaha-30” mühərrikli üzmə vasitəsi ilə saxlanılmış Şəxs və X3 barələrində toplanmış inzibati material baxılması üçün ünvanınlarına göndərilir, Şəxs xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixdə, X3 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə də su-sərhədboyu rejim qaydalarını pozduqlarına görə barələrində İnzibati xəta protokolları tərtib edilmişdir. DSX-i SM-si Astara SNŞ-nin əməkdaşı X1 izahatında görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:45 radələrində SNB-nin 18-ci yanalma körpüsündən təxminən 6 km sol cinahda miçman Mirceyhun Ağayev ilə birlikdə “ƏBQ” sərhəd naryadı xidmətini təşkil edən zaman 1 (bir) ədəd bort nömrəsiz, kazanka tipli və yamaha-30, heyəti 2 (iki) nəfər olan üzmə vasitəsi rejim sularından qayıdıb sahilə yan alarkən saxlanılmış və baxış keçirilmişdir. Qeyd olunan üzmə vasitəsinin heyət üzvləri Lənkəran rayon Balıqçılar qəsəbə sakinləri Şəxs və X2 icazəsiz rejim sularına çıxdıqları izah olunaraq izahat və iltizamlarının alınması üçün SNB-yə dəvət olunmuş, lakin vətəndaşlar SNB-yə gəlməkdən, izahat və iltizam verməkdən imtina etmişdirlər. xx.xx.2024-cü il tarixli, 5/46 nömrəli aktdan görünür ki, “Balıqçılar” SNB-nin 18-ci yanalma körpüsündən təxminən 6 km sol cinahda icazəsiz rejim sularına çıxmış Şəxs və X3 heç bir səbəb gətirmədən barələrində tərtib olunmuş inzibati xəta haqqında sənədlərə imza çəkməkdən və izahat verməkdən imtina etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 571-ci maddəsinə görə Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinin sanksiyasının hədləri daxilində üzən vasitə müsadirə edilməməklə 350 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, protokolu tərtib etmiş, 5-ci (Balıqçılar) sahil nəzarəti bölməsinin rəisi vəzifəsini icra edən vəzifəli şəxs, üzən vasitənin müsadirə olunaması məqsədilə saxlayıb müvafiq xirmətə təhvil verilməsinə dair protokola sənədi əlavə etməmiş və ya məhkəmə iclasında iştirak edərək həmin sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda həmin üzən vasitənin onlar tərəfindən saxlanılıb müvafiq xidmətə təhvil verilib-verilmədiyini müəyyən etmək olmur. Buna görə də, məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş üzən vasitə müsadirə edilməməlidirlər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək üzən vasitə müsadirə edilməməklə, barəsində 350 (üç yüz əlii) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar