Məhkəmə qərarları › İş №3(049)-751/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-751/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-751/2024 01.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə 25 iyun 2024cü tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs 15 iyun 2024-cü il tarixdə saat 14:50 radələrində su srhəd rejiminə icazəsiz daxil olmuşdur. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, inzibati material natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 571. Azərbaycan Respublikasının sərhəd sularında (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində) sərhədboyu rejimin pozulması Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. 77.1 maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.2. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. 77.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. 99.3. bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 99.5. bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir. 100.1. bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə işin materiallarında olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək ilk olaraq qeyd edir ki, İXM-nin 571-ci maddəsinin sanksiyasında gəmi və ya digər üzən vasitənin müsadirə edilməsi cəzası nəzərdə tutulmasına baxmayayaraq inzibati xəta haqqında icraat aparan inzibati orqan tərəfindən iş üzrə maddi sübutun qorunub saxlanılmasının təmin edilməsi üçün tədbir görülməsi ilə əlaqadar iş materiallarına hər-hansı sənəd əlavə edilməmişdir. Eyni zamanda inzibati xəta haqqında iş materiallarına “Kazanka” tipli, “Yamaha-30” mühərrikli üzmə vasitəsinin hərhansı hüquqmüəyyənedici sənədi əlavə edilməmişdir. İnzibati xəta haqqında protokolda maddi sübutla əlaqadar heç bir məlumat qeyd edilməmişdir. Belə ki, qeyd edilən iş üzrə məhkəmə tərəfindən gəmi və ya digər üzən vasitənin müsadirə edilməsinə dair cəza təyin ediləcəyi təqdirdə məhkəmə qərarının icrası mümkün olmayacaqdır. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı protokolda öz əksini tapmamış, belə bir izahat ayrıca sənəd şəklində də işə əlavə edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri ilə, habelə, inzibati işin materialları ilə tanış edilməsi inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən rəsmiləşdirilməmiş, həmin şəxsin sənədləri imzalamaqdan imtina etdiyi təqdirdə, bu aktla rəsmiləşdirilməmişdir. Həmçinin inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göndərilməsi və çatdırılması barədə hər hansı sübut (məktub, poçt qəbzi, reyestr, qəbz və s.) iş materiallarına əlavə edilməmişdir. Bununla da, təqdim olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə göndərilmişdir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla, həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması, eyni zamanda, bu çatışmamazlıqların işə baxılarkən qısa müddət ərzində aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin əsaslara görə hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması, eyni zamanda, bu çatışmazlıqların işə baxılarkən qısa müddət ərzində aradan qaldırılması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilmiş 25 iyun 2024-cü tarixli MN 15154895 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinə qaytarılsın. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar