Məhkəmə qərarları › İş №3(049)-797/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-797/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-797/2025 10.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cənub RETSİ-nin nümayəndəsi X1 iştirakı ilə, Lənkəran şəhəri ünvan 1 ünvanında yerləşən (VÖEN:**********) Cənub RETSİ- barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Cənub RETSİ-nin inzibati binasının arxasında müxtəlif növ tullantıların qalaqlanması faktı ilə bağlı Cənub RETSİ barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarına inzibati protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X3 və X8 ayrı-ayrılıqda verdiyi izahatlarında inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin məzmununa uyğun izahat vermiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxsin inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş etmişlər. Barəsində inzibati xəta haqqında iş aparılan şəxs Cənub RETSİ-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, qeyd olunan tullantılar Cənub RETSİ-nin mişar daşı ilə hörülmüş hasarın hüdudlarından kənarda, “Azərişıq “ASC-nin balansında olan ərazidə qalaqlanmışdır. Həmin ərazidə podratçı təşkilat tərəfindən Cənub RETSİ üçün yeni inzibati bina inşa edilir. Tullantılar qalaqlanmış ərazi həmin podrat təşkilatının tikinti aparıldığı ərazidir və həmin tullantılar podratçı təşkiltatın tikinti işləri nəticəsində əmələ gəlmişdir. Eyni zamanda, qeyd edir ki, Cənub RETSİ-nin VÖEN-i olsa da, hüquqi şəxs hesab edilmir. Qeyd etdiklərinə əsasən Cənub RETSİ-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cənub RETSİ-nin rəisi X4 da analoji izahat vermişdir. İş materiallarına əlavə edilmiş və Azərbaycn Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş (2 nömrəli əlavə) "xxxx" ASC-nin Strukturunun 2.7-ci bəndindən görünür ki, Lənkəran rayonunda yerləşən X7 Təchizatı və Satışı İdarəsi hüquqi şəxs statusuna malik olmayan idarə hesab edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndələrinin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2-ci maddəsinin məzmununa görə bu Məcəllənin məqsədləri üçün bu anlayışlar istifadə olunur: şəxs - istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi; hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar; fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxs; vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. Həmin Məcəllənin 13.2.39.1 və 13.2.39.3-cü maddələrinin məzmununa görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri müəssisələr hesab edilir. Həmin Məcəllənin 13.2.38-ci maddəsinə əsasən büdcə təşkilatı - büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir. Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatları olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, hər hansı qurumun hüquqi şəxs hesab olunması üçün onun dövlət qeydiyyatından keçməsi, özünün mülkiyyətində əmlakının və müstəqil balansının olması, habelə, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı, yaxud cavabdeh ola bilmək səlahiyyətlərinin olması vacibdir. Hər hansı idarəyə, bölməyə VÖEN verilməsi hələ həmin idarənin, bölmənin hüquqi şəxs statusuna malik olması, habelə, onun məhkəmədə tərəf ola bilməsi, bununla da inzibati xətalar haqqında qanunvericilik baxımından hüquqi şəxs statusu alması qənaətinə gəlməyə əsas vermir. Cənub RETSİ-nin barəsində tərtib olunmuş hazırki inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən həmin idarənin hüquqi şəxs hesab edilərək inzibati məsuliyyətə cəlb edildiyi bəlli olur. Halbuki, Cənub RETSİ-nin VÖEN-i olmaqla, vergi ödəyicisi kimi müvafiq orqanda qeydiyyata alınsa da, hüquqi şəxs statusuna malik deyildir və onun belə statusa malik olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə (mülkiyyətində cavabdeh olduğu əmlakının olması və müstəqil balansının olması, habelə, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı, yaxud cavabdeh ola bilməsi) cavab vermək səlahiyyətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 75.0 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cənub RETSİqanunvericilikdə nəzərdə tutulmuş əsaslarla hüquqi şəxs hesab olunmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18-ci maddəsinə əsasən hüquqi şəxs olaraq inzibati xətanın subyekti deyildir və bu səbəbdən onun hazırki inzibati xəta haqqında protokol üzrə törədilməsi qeyd edilən inzibati xətalara aidiyyəti müəyyən edilmir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cənub RETSİ barəsində xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Cənub RETSİ- barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar