Məhkəmə qərarları › İş №3(049)-799/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-799/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-799/2024 27.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X11, qərardan şikayət vermiş şəxs: X4, qərarından şikayət verilmiş orqanın nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin baş məsləhətçi-əmək müfəttişi X5, iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin 24 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin 24 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, qəbul edilmiş qərar tamamilə qanunsuzdur, belə ki, qarşı tərəfin istinad etdiyi qərarda adları qeyd olunan şəxslər- "xxxx" MMC-nin rəsmi işçiləri olmaqla onların hər biri ilə əmək müqaviləsi bağlanmış və bu işçilər-X12 (xx.xx.2023-cü ildən sürücü vəzifəsində işləyən), X8 (xx.xx.2020-ci ildən baş mühasib vəzifəsində işləyən) və X3 (xx.xx.2023-cü ildən sürücü operator vəzifəsində işləyən) ilə bağlanmış əmək müqavilələri elektron sistemə daxil edilmişdir. Şirkət "xxxx" MMC şirkətinin sifarişi əsasında Əhmədbəyli-Füzuli-Şuşa layihəsi üzrə işğaldan azad oolunmuş ərazilərdə yol-tikinti işlərini həyata keçirir və bu işlərin yerinəyetirilməsi ilə bağlı tələb olunan hər bir işçi ilə qabaqcadan əmək müqaviləsi bağlanılmaqlaonların adı «Əmək və Məşğulluq» altsisteminə daxil olunur və daha sonra bu işçilərin həminərazilərə getməsi üçün işçi icazəsi həmin "xxxx" MMC şirkəti vasitəsi ilə almır, bununüçün getməli olan şəxslərin siyahısı qeyd edilən şirkətə təqdim olunur. Hazırki vaxta qədər əmək müqaviləsi olmayan hər hansı bir işçi üçün icazənin alınması ilə bağlı müraciət edilməmiş və belə bir işçiyə icazənin verilməsi də mümkünsüzdür. Eyni qaydada da guya şirkətlə əmək müqaviləsi olmadan icazəsi verilmiş işçilər kimi adı qərara daxil edilmiş şəxslərə icazə alınarkən onların adları «Əmək və məşğulluq» alısistemində mövcud olmuşdur. Bundan başqa işçilər üçün icazə 2 aylıq müddətə alınmış və həmin dövr ərzində hər hansı işçi işdən azad olunarsa yaxud yeni işçi qəbul olunarsa bu zaman icazəsi tələb olunmayan işçilər siyahıdan çıxarılaraq yeni siyahı təqdim edir və 3 ildən artıq müddətdir ki belə davam edir və artıq həmin işçi ilə əmək münasibətlərinə xitam verilməsi bütün qurumlar üçün əlçatan olmuşdur. O cümlədən postda giriş-çıxışa nəzarət edən dövlət nümayəndələri daxil olmaqla. Yəni adı ƏMAS da rəsmi qeyd olunmayan şəxsləri qadağan olunmuş zonalara buraxılması da səlahiyyətli şəxslər tərəfindən idarə olunmalıdır. Dəfələrlə soruşmağa baxmayaraq, DƏM-nin 14 iyul tarixli məktubu ilə adına əmək müqaviləsi aşkar edilməmiş şəxslərin kim olduqları barədə heç bir məlumat ala bilməmiş, halbuki, məktubda “siyahı əlavə olunur” kimi qeyd var idi. Lakin qarşı tərəf icazəsi alınmış, lakin həmin icazənin verildiyi müddətdə işdən çıxmış işçilərin icazələrinin qabaqcadan ləğv edilməsi haqda məlumatın da verilməsi ilə bağlı hər hansı bir göstəriş və ya təlimat vermədən, bununla bağlı hər hansı bir məktub göndərmədən, hətta həmin gün ZOOM vasitəsi ilə təcili keçirilən təlimdə də bu barədə məlumat vermədən protokol tərtib etmiş və həmin protokolu hansı işçilərlə bağlı tərtib etməsi barədə hər hansı bir sənəd göndərməmiş, nəticədə hazırki qanunsuz qərarı qəbul etmişdir. Hansı ki, protokol tərtib edilən gün artıq adları qeyd olunan işçilərin adları portalan silinmiş idi. Hörmətli, Vilayət müəllim ondan təsdiqedici sənəd tələb etdi lakin həmin sənədi təqdim edən bir qurum olmadığından sübutu qəbul olunmamış və qanunsuz qərar qəbul edildi. Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, şirkətdə çalışan işçilərin siyahısı "xxxx" MMC-уэ təqdim edildikdən sonra həmin şəxslərə işçi icazələri verilir, eyni qaydada da bu işçi icazələrinin ləğv olunması həmin şirkət tərəfindən aparılır. Konkret halda qarşı tərəfin İXMnin 192.1- ci maddəsi ilə qərar qəbul etməsi üçün tələb olunan şərt şirkətdə işləməyən işçilərə işçi icazəsinin verilməsidir. Lakin tərəfindən təqdim edilmiş və adları qeyd olunan şəxslərlə bağlı əmək müqaviləsi bildirişlərindən də aydın olur ki, bu şəxslərə həmin icazələr verilərkən onlar şirkətdə çalışmış, əmək müqaviləsi olmuş və həmin müqavilələr də altsistemdə mövcud idi, lakin bu icazədən sonra qeyd edilən şəxslərin işdən çıxması halında şirkətin hər hansı bir məsuliyyət daşıması qeyd olunan normada nəzərdə tutulmamışdır. Ümumiyyətlə qarşı tərəfin qəbul etdiyi qərarda istinad eldiyi İXM-nin 192.1ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün əsas şərt Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin)yerinə yetirilməsinə cəlb edilməsidir, lakin konkret halda qeyd edilən şəxslər işə cəlb olunarkən onlar barəsində əmək müqaviləsi qüvvədə olmuş, onların işə cəlb olunması əmək müqaviləsi qüvvədə olan zaman baş vermiş, yəni əmək müqaviləsi olmayan işçi işə cəlb edilməmiş və onun işləməsinə işçi icazəsi verilməmişdir, əgər dövlət orqanı tərəfindən hər hansı reyd aparılarkən müəyyən qamın pozuntusu aşkarlanarsa yerində akt tərtib olunmalıdır. Lakin belə bir akt da mövcud deyil. Deməli, haqqında qeyri- formal məşğulluğun aşkar olunması, O cümlədən İXM-nin 192.1 maddəsi ilə inzibati cəza təyin olunması əsassızdır. Buruda söhbət işçinin işçi icazə qüvvədə olan dövrdə işdən çıxmasından və işçinin işdən çıxması Hə bağlı qabaqcadan verilmiş icazənin ləğv edilməməsi ilə bağlı məlumatın verilməməsindən gedir ki, bıı hal da İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibini yaratmır. Digər tərəfdən işdən çıxma ilə bağlı işçi icazəsi olan şəxslə bağlı əmək müqaviləsi qüvvədə olan zaman verilmiş icazənin də ləğv edilməsi təlimatı xx.xx.2024-cü il tarixdə verilmiş və məhz həmin tarixdən də icazələrin ləğv edilməsi ilə bağlı işçi siyahıları tərtib olunaraq həmin icazəni vermiş şirkətə -sifarişçi "xxxx" MMC- yə göndərilmişdir. Belə ki, məhz xx.xx.2024-cü il tarixdə şirkətə daxil olan təlimatda əmək müqaviləsi sonradan ləğv edilmiş işçilərin icazələrinin də ləğv edilməsinin mütləq olduğu qeyd olunmuş, bundan sonra isə işçilərə dair işçi icazələrinin verilməsi sifarişçi təşkilat olaraq "xxxx" MMC tərəfindən həyata keçirildiyi üçün həmin icazələrin ləğvi də bu şirkət tərəfindən aparılır və xx.xx.2024-cü il tarixli təlimatdan sonra tərəfindən bu məlumatlar əlaqədar təşkilata ötürülür və icazələrin ləğvi barədə məlumatın portala yerləşdirilməsi həyata keçirilir. Həmin tarixə kimi belə bir təlimat olmamış və Əmək Müfəttişliyi tərəfindən bununla bağlı onlar təlimatlandırmamışlar. Məhkəmə iclasında iştirak edən X4 ərizəsində göstəriklərini təsdiq edib şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin baş məsləhətçi-əmək müfəttişi X5 şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 19 iyul 2024-cü il tarixli, MN1932728 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «İşəgötürən AR Əmək Məcəlləsinin tələblərini pozaraq X3, X12 və X6 işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb etmişdir. Bununla İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.» İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 24 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzabati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, «İşəgötürən AR Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X3, X12 və X6 Əmək Məcəlləsində müəyyən edilmiş qaydada müqavilə hüquqi qüvvəyə minmədən işğaldan azad olunmuş ərazilərdə iş və xidmətlərin görülməsinə cəlb etmişdir. X1 tərəfindən inzibati xəta törədilmiş və İXM-nin 192.1-ci maddəsi ilə barəsində 3000 manat məbləğində inzibati tənbeh tədbri tətbiq edilmişdir.» Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin 24 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 barəsində İXM-nin 192.1-ci maddəsi ilə protokol (19 iyul 2024-cü il tarixli) və qərar (24 iyul 2024-cü il tarixli) qəbul edilərkən isnad edilən inzibati xətanın nə vaxt törədilməsi qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı inzibati xətanın törədilməsi ilə bağlı məsələ araşdırılarkən ilk öncə inzibati xətanın törədilmə vaxtı müəyyən edilməlidiri və təsadüfi deyil ki, qanunverici orqan da bu barədə tələbi ilk sıralarda müəyyən etmişdir. Müddətin müəyyən edilməsi özlüyündə «müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə» institu baxımından da xüsusi əhəmiyyət kəsb edir. Hazırda baxılan işdə isə şəxs tərəfindən törədilməsi isnad edilən inzibati xətanın törədilmə vaxtı barədə hər hansı məlumat yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, inzibati araşdırmas tam, hərtərəfli aparılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin 24 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin 24 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran Astara Regional Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar